18 May 12:05
834

Türk tədqiqatçı Ömər Özcan bəydən aldığım müsahibədə müsahib belə bir fikir söylədi: “1930-cu illərdə Rəsulzadənin müxalifi olan Heydər Bammatın Parisdə çıxardığı jurnalları yaponlar maliyyələşdirib”.

Müsahibədən sonra Heydər Bammatın kim olması ilə bağlı gələn suallara cavab olaraq bir neçə məsələni yazmağı münasib bildim.

Mühacirət tarixi ilə məşğul olanlar Bammatın kimliyini, hansı fəaliyyət göstərdiyini bilirlər. Biz daha çox ümumi məlumatları diqqətinizə çatdıracağıq.

Heydər bəy 1890-cı ildə Dağıstanda Temirxan-Şura kəndində doğulub. Stavropol klassik gimnaziyasını və Sankt-Peterburq universitetinin hüquq fakültəsini bitirib.

Çar Rusiyası devrildikdən sonra, 1918-ci ildə Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqının müstəqillik bəyannaməsinə imza atıb, bu dövləti Trabzon və Batum sülh konfranslarında təmsil edib, hökumətin xarici işlər naziri olub.

Bammat Paris Sülh Konfransında hökuməti təmsil edib, general Denikin Şimali Qafqazı işğal etdiyi üçün Tiflisə dönüb, Dağlılar hökumətinin Müdafiə Şurasının üzvü seçilib.

Bolşeviklərin Şimali Qafqazı və Azərbaycanı işğalından sonra Tiflisdə qalıb, qırmızı ordu Gürcüstana hücum etdiyi ərəfədə Azərbaycan-Dağlılar komitəsinin sədri seçilib.

1921-ci ildə mühacirətə getməyə məcbur olub, Fransa, İsveçrədə yaşayıb.

1926-cı ildə ermənilər və beloruslar istisna olmaqla, rus olmayan mühacirlərin üzvlərinin birləşdiyi “Prometey” qrupunda təmsil olunub, lakin qısa zamanda oradan ayrılıb.

Qrupun “Prometey” jurnalının ilk sayı onun Parisdəki mənzilində hazırlanıb, adı da o təklif edib.

1927-ci ildə Parisdə Topçubaşovla birlikdə Şimali Qafqaz və Azərbaycanın Müvəqqəti Birləşmiş Siyasi Mərkəzini yaradıb.

1934-1939-cu illərdə “Qafqaz” təşkilatının və eyniadlı mətbu orqanın rəhbəri olub.

II Dünya müharibəsi dönəmində Şimali Qafqazın qurtuluşu üçün Almaniya tərəfdə yer alıb.

Bir neçə kitab müəllifi olub. 1965-ci ildə vəfat edib.

***
İstər Azərbaycan mühacirləri öz daxilində, istərsə də, Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Krım, İdil-Ural, Türküstan mühacirləri arasında bir sıra problemlər olub. Bu problemlərin bəziləri bolşevizmdən xilas olmaq üçün düşünülən yollardakı fikir ayrılıqlarından, bəziləri mühacirətin yaratdığı ağır şərtlərdən, bəziləri isə şəxsi eqolardan, liderlik sevgisindən qaynaqlanıb. Rəsulzadə ilə Topçubaşov, Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkilov arasındakı problemlər də bu sadalananlarla bağlı olub. Eləcə də, II Dünya müharibəsi dönəmində Rəsulzadə ilə Düdənginski arasındakı xoş olmayan münasibətlər də bu səbəbdən idi.

Mühacirətdəki bu münasibətlərlə bağlı üç yaxşı qaynaq var. Onlardan biri Giorgi Mamulia ilə Ramiz Abutalıbovun birgə yazdığı “Odlar Yurdu. Azadlıq və müstəqillik uğrunda mübarizədə” (“Teaspress”, 2015), Xaləddin İbrahimlinin “Azərbaycan mühacirət tarixi” (“Teaspress, 2015) və Patrik Von Zur Mühlenin “Svastikə ilə qızıl ulduz arasında” (“Droste”, 1971) kitablarını göstərmək olar.

Rəsulzadə ilə Bammat arasında olan qarşıdurma da Qafqaz Konfederasiyasına olan münasibətlə bağlı olub.

Mühlen kitabında yazır:

“Bammat da prometeyçilər kimi Qafqaz federasiyasını dəstəkləyirdi, fəqət bunun sıx şəkildə Türkiyəyə bağlı olmasını istəyirdi. Bunu daha yaxşı anlaya bilmək üçün Bammatın qumuq, yəni türk əsilli olduğunu əlavə etmək lazımdır... “Qafqaz” yönünü hər iki faşist dövlət Almaniya və İtaliyaya görə təsbit edir, maddi yükün demək olar ki, tamamını Parisdəki Yaponiya səfirliyi qarşılayırdı”.

Bammata qoşulan şəxslər arasında Rəsulzadəyə müxalifətdə dayanan Azərbaycan Cümhuriyyətinin sabiq ədliyyə naziri Xəlil bəy Xasməhəmmədli də vardı. Bammatın çıxardığı jurnalda Xəlil bəylə yanaşı, Şəfi bəy Rüstəmbəyli, Əkbər ağa Şeyxülislamov da Rəsulzadə və “Müsavat”ın əleyhinə yazırdılar.

Rəsulzadə isə bu dönəmdə “Prometey” qrupu çərçivəsində fəaliyyət göstərirdi və dəstəyi də Polşa hökumətindən alırdı.

Ona görə də Bammatla Rəsulzadə arasında dəstək aldıqları qüvvələrə görə qarşıdurma yaranmışdı.

Bammatçılar Almaniya-İtaliya-Yaponiya birliyinə arxalanırdılar və Almaniya tərəfindən də güclü dəstək alırdılar...

Təbii ki, II Dünya müharibəsində Almaniyanın yenilməsi hər iki tərəfin də aktiv siyasi fəaliyyətinə son qoymuş oldu.

Bammatla Rəsulzadə, eləcə də, digər mühacirlər arasındakı qarşıdurmalar geniş mövzular olduğu üçün, biz gələn suallara qısaca cavab verməyə yazıda adı çəkilən kitablar vasitəsilə cəhd etdik...

P.S. Aşağıdakı şəkildə Rəsulzadə və Bammat təsvir olunub.


Müəllif: Dilqəm Əhməd