18 Oktyabr 10:53
175

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa edəndə 6 yaşım vardı. Dövlətim məndən kiçik idi, amma məni böyütməyi öz öhdəsinə götürmüşdü.

Mən o zaman doğum haqqında şəhadətnaməsinin bir üzü erməni, o biri üzü rus dilində yazılan bir uşaq idim. Dövlətim o şəhadətnaməni bir kənara itələyib, məni öz gerçək kimliyim əsasında böyütməyə başladı.

Məndən kiçik dövlətim öncə dünyanın ən çox istifadə edilən əlifbasını, ardınca danışdığım dilin adını öyrətdi. Üzərində “Türk dili” yazılan kitabla özümü tanıdım.

Məndən kiçik dövlətim atalarımın üzləşdiyi əzabı çəkməyim deyə təhsilim üçün yeni sistem yaratdı. Orta təhsilimi tamamladıqda isə sadəcə biliyin rol oynadığı bu sistem vasitəsilə rahat şəkildə ali məktəbə daxil olmağıma səbəb oldu.

Məndən kiçik dövlətim vətəndaşlarını ikinci dərəcəli insan olmaqdan xilas elədi. 1920-ci il aprelin 27-də ölkəmizi işğal edən rus ordusunu son əsgərinə qədər ölkədən çıxardı. Bolşeviklərin qətlə yetirdiyi, sürgünə göndərdiyi liderləri, dövlət xadimlərini yenidən mənə tanıtdı.

Məndən kiçik dövlətim Parisdə missiyası yarımçıq qalan Topçubaşovun işini tamamladı. Qısa müddətdə Azərbaycan dünya dövlətləri tərəfindən tanındı, Birləşmiş Millətlər Təşkilatına üzv oldu.

Məndən kiçik dövlətim sübut etdi ki, Rəsulzadə “qətiyyən şübhə etməyiniz, vətəndaşlar” deyərkən haqlı imiş. Cahangir bəy Kazımbəyli “Azərbaycan sovet məhkumu başqa xalqlarla birlikdə hürriyyətə və müstəqilliyə qovuşacaq” deyərkən haqlı idi.

Məndən kiçik dövlətim, 1920-ci ilin may-iyun aylarında 10 minə yaxın gəncəlinin boşuna şəhid olmadığını göstərdi. Gəncə üsyanından Meydan hərəkatına doğru gedən 71 illik mübarizə nəticəsiz qalmadı.

***

Bu gün mənim çevrəmdə SSRİ təbəəsi olaraq doğulmayan yeni gənclik var. Həmin gənclər imperiya asılılığında Azərbaycanı görmədikləri üçün necə xoşbəxt olduqlarının fərqinə varmaya bilərlər. Amma müstəqillik onları bu gün dünyanın ən yaxşı universitetlərində təhsil almalarına, həmin ölkələrdə uğur qazanmalarına səbəb olub. Əgər SSRİ təbəəliyi davam etsəydi, bu gün ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya universitetlərində bu qədər çox gəncin təhsil alması qeyri-mümkün olacaqdı. Çünki bu gün dünyada SSRİ yadigarı olan Şimali Koreya, Kuba kimi dövlətlər var. Sonuncusu artıq tədricən bu mirasdan imtina etməyə doğru gedir.

18 oktyabr olmasaydı, bu gün hələ də Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəylinin “vətəni çamadan dolu qızıllarla tərk edən” xain, Stepan Şaumyan, Məşədi Əzizbəyov kimi cəlladların isə xalqımızın qəhrəmanı sayılması davam edəcəkdi.

Bəlkə də, 18 oktyabr tarixini bizə qazandıranlar arasında necə böyük missiyanın daşıyıcıları olmalarından xəbərsiz insanlar da var. O insanların bəziləri, bəlkə də, ani cəsarətdən SSRİ-nin saxlanması əleyhinə, Müstəqillik Aktının lehinə səs veriblər. Amma böyük çoxluq şüurlu şəkildə müstəqilliyin nə olduğunu bilən insanlar olublar.

Ona görə də tariximizdə önəmli rol oynayan hər iki səsvermədə iştirak edən millət vəkillərinin, siyasətçilərin və xüsusən, onların bu addımı atmalarına cəsarət verən Azərbaycan xalqının mücadiləsi qarşısında baş əyirik.


Müəllif: Dilqəm Əhməd