Bu ilin mart ayında Bakı Estrada Teatrında rəhbər dəyişikliyi baş verdi. Fariz Əliyev teatrın yeni direktoru təyin olundu.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. “SOY”-un hazırladığı “Səs verməyin" şousunun, ATV kanalında yayımlanan “Belə yaxşıdır” və “Tamamla” verilişlərinin ssenaristi, “Yeni bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. “"My name is İntiqam-1”, “My name is İntiqam-2” , “Şər qarışanda” filmlərinin ideya və ssenari müəllifidir.
Fariz Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.
“Vüqar Əbdülova dedim ki...”
-Fariz bəy, Bakı Estra Teatrına direktor təyin olundunuz. Kimin təşəbbüsü idi?
-Təklif Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov tərəfindən gəldi. Mənə bu işdə inanan, güvənən Vüqar müəllimə çox təşəkkür edirəm. Onun bütün ümidlərini doğruldacağam. Bakı Estrada Teatrı olaraq böyük layihələrə imza atacağıq. Belə ki, oktyabr ayının sonlarına yaxın birinci möhtəşəm solo konsertimiz gözlənir.
Dekabr ayından etibarən kanalların birində teatrın heyəti ilə həftəlik veriliş hazırlamaq istəyirik. Bu, Türkiyədə “Çok güzel hereketlər bunlar” verilişinin formatında bir telelayihə olacaq. Bunu etmək üçün potensialımız, gücümüz var. Gələcəkdə isə Bakı Estrada Teatrı özü filmlər istehsal edəcək.
-Neçə illərdir Bakı Estrada Teatrı meyxanaçı Vüqar Əbdülovun rəhbərliyi ilə fəaliyyət göstərirdi. Hazırda münasibətləriniz necədir?
- Vüqar çox istedadlı dostumuz, qardaşımızdır. Bildiyim qədər o bu teatrdan bir ildən çoxdur uzaqlaşmışdı, teatr fəaliyyətsiz idi, hətta ləğv olunmuşdu. Direktor təyin olunanda özü məni təbrik etdi. Ona dedim ki, teatrın yaradıcı işlərində səninlə işləməyə həmişə hazıram.
- Bir müsahibənizdə Bakı Estrada Teatrında yumorun yeni formada təqdim olunacağını deyirsiniz. Yeni forma deyəndə nəyi nəzərdə tutursunuz?
-Ssenarist kimi eksperimentləri xoşlayıram. 2003-cü ildə “Yeni Bakılılar Klubu”nu yaratdıq. Hərdən uşaqlara zarafatla deyirəm ki, əgər biz bu klubu yaratmasaydıq, indiki müasir televiziyanın halı necə olardı? Bu klubdan kimlər çıxıb? Xəzər TV-də ən reytinqli verilişlərin ssenari müəllifi Valeh Əhmədov, rejissor Rüfət Şahbazov, aktyorlardan Kənan Yusifov, Elvin. Digər kanallarda çalışan Ənvər Abbasov, çox istedadlı ssenarist dostum Samit, “Komedi.az”ın rəhbəri, Azərbaycanı xaricdə - böyük səhnələrdə KVN-lə təmsil edən insan Mürsəl Mahmudov.
İkinci dalğa “Gülüş ulduzu”yla gəldi. O layihədən İslam Mehrəliyev, Elşad Yusifov, parodist Ramin, Elmir, Rövşən Təhməzov, Səbuhi Bayramov, Faiq Ağamalıyev çıxdı.
İndi də növbə Bakı Estrada Teatrındadır. Sizi inandırıram ki, bunu yaratmaqda məqsədim istedadlı insanları yetişdirib, cəmiyyətə təqdim etməkdir.
“Bu sahə xanımlar üçün çox çətindir”
-Teatrın heyətinə kimlər cəlb olunub?
-Teatrda tanınmış, istedadlı insanlardan yığılan birinci liqa, tələbələrdən ibarət əvəzedici liqa olacaq. Birinci liqada İslam Mehrəliyev, Əlibəy Məmmədli, Cəmil Məmmədli, Nofəl Şahlaroğlu, Vüsal Murtuzəliyev, Kənan Yusifov, Vüsal Hacıqədir, Elvin yer alacaq. Əvəzedici liqa üçün bu yaxınlarda kastinqlərə başlayacağıq.
-Heyətdə aparıcı Kəmalə Piriyeva da olmalıydı...
-Kəmalənin, eləcə də gənc aktrisa Mələk Kazımovanın da heyətə daxil olması gündəmdədir. Ola bilsin ki, heyətimizdə qadınlar kişilərə nisbətdə azlıq təşkil etsinlər. Çünki bu sahədə çalışmaq xanımlar üçün çox çətindir.
Bu gənclər də fəxr etsinlər ki, dövlətin teatrında çalışırlar və bundan hamının xəbəri var. Bu, hər birimiz üçün böyük məsuliyyət deməkdir. Dövlətin tədbirlərində təmənnasız iştirak edəcəyik.
- Fariz bəy, bayaqkı sualıma cavab tapa bilmədim, ona görə yenidən verirəm: yeni yumor forması deyəndə nəyi nəzərdə tutursunuz?
-Təbii ki, biz özümüzdən Amerika açmayacağıq. Nəticə etibarı ilə gülməli səhnəciklər təqdim edəcəyik. Sadəcə, təqdimat formaları fərqli və müxtəlif olacaq.
-Gəlin daha da konkretləşdirək, bu, “My name is İntiqam”ın yumorundan fərqlimi olacaq?
-Biz, ümumiyyətlə, “My name is İntiqam” yumorundan imtina etdik. O filmdə ikibaşlı ifadələr var idi, mən ondan sonra yazdığım digər ssenarilərdə elə sözlərdən istifadə etmədim. O vaxtlar bu tamaşaçının istəyi idi, amma sonra gördük ki, əslində, tamaşaçı bu deyil.
““Rəcəb İvedik” dalğası bizi buna məcbur etdi”
-Müşfiq bəylə söhbət edəndə o “Rəcəb İvedik” şöhrətiylə bunu etdiyini demişdi. Niyə birdən-birə qərarınızı dəyişdiniz?
-Bəli, “Rəcəb İvedik” dalğası bizi buna məcbur etdi. Amma sonra oturduq, analiz etdik və qərara gəldik ki, müəyyən məqamlarda biz düzgün qərarlar verməmişik. Şükür Allaha ki, bunu başa düşdük və əminliklə deyə bilərəm ki, bundan sonrakı işlərimizdə o səhvlər təkrarlanmayacaq.
“My name is İntiqam”la bir kütləni qazandıq, başqa kütləni isə itirdik. Tamaşaçı yalnız bir kütlə deyil ki... Say daha çoxdur. Deməli, daha çox tamaşaçı qazanmaq lazımdır. Söhbət bundan gedir.
“My name is İntiqam”dan imtina etmək ifadəsi deyəndə bir az pis çıxır. Filmin premyerası günü - noyabrın 28-i vaxt gələcək Azərbaycanda kommersiya filmlərinin dirçəliş günü kimi qeyd olunacaq. Azərbaycan kommersiya sektoru heç vaxt bu filmdən imtina edə bilməz. Film ilk dəfə ətrafına 65 min adam topladı. O vaxt heç kəs bizə inanmırdı. Nizami Kino Mərkəzində “My name is İntiqam”ın 30 minlik baxış rekordunu heç kim yeniləyə bilmir. Ümumiyyətlə, həmin dönəmdə baxış sayına görə “Xoxan” rekord vurdu, amma bu il ekranlara çıxan “Axırıncı yol” onu da üstələdi, hazırda 150 min baxış sayıyla ən yüksək göstəriciyə malikdir.
“Gərək janrı dəyişməzdim”
-Ssenari müəllifi olduğunuz “Şər qarışanda” filminin auditoriyası ilə bu auditoriya eyni deyildi.
-“Şər qarışanda”nın tarixi tamam başqa bir mövzudur. Və ümumiyyətlə, “Şər qarışanda” filmi haqqında danışmaq istəmirəm.
-Niyə?
-Hamısı dostlarımızdır. Xüsusilə Samir Kərimoğlu işini çox bəyəndiyim rejissor dostlarımızdandır, amma Azərbaycanda o janrda film yaxın beş-altı ildə kassa toplamayacaq. Bunu mən deyirəm! Nə ki pul gətirmir, ona maliyyə xərcləməyə dəyməz.
-Amma filmin ssenari müəllifisiniz...
-O filmlə fəxr etmirəm. Dostlarımdır, çox istedadlı insanlardır, amma mənim filmoqrafiyama fəxr ediləcək bir film kimi düşmədi. Ümumiyyətlə, mən gərək janrı dəyişməzdim.
-Düşünmürsünüz ki, tamaşaçı artıq komediyadan yorulur?
-Bütün dünyada kinoindustriyaların inkişafına zəmin yaradan məhz komediya filmləri olub. Sonra digər janrlı filmlər çəkilməyə başlayır.
-Romantik üslubda “Yarımdünya”, “Sadəcə sev” filmləri də çəkildi...
-Çox saya bilərəm. “Sadəcə sev” çox qəşəng filmdir, amma gəlin baxış sayına baxaq... Bilirsiniz, işi görəndə məqsəd olmalıdır. Film tutmayanda deyirlər ki, əslində, biz sənət göstərmək istəyirdik. Baxırsan ki, bu sənət də deyil, kassa da deyil, bəs bunun adı nədir? Problem budur. Mənim məqsədim var və bunu heç vaxt gizlətmirəm: ssenari yazıram, film çəkilir, kinoteatrlara çıxır, böyük tamaşaçı auditoriyası baxır, film yaxşı gəlir gətirir və növbəti işlərimi görməyə zəmin yaradır. Mən buyam: qısa-konkret, açıq-aydın...
“Prodüser kimi filmlər də istehsal etmək niyyətindəyəm”
-İndiki komediyalar bayağılıqda günahlandırılır. Bununla bağlı nə deyə bilərsiniz?
-Onu kimsə mənə deməyib. Bekar adam çox şey deyə bilər. Biz işimizlə məşğuluq, komediya müəllifliyinə çox iddialıyam. Gələcəkdə prodüser kimi filmlər də istehsal etmək niyyətindəyəm.
-Çox iddialısınız.
-Nəinki iddialıyam, hazırda onu yaşayıram da. Bu mövsüm ssenaristlər içində ən çox səhnəyə çıxan mən olacam. Belə ki, ssenari müəllifi olduğum üç film ekranlara çıxacaq. Birinci Müşfiq Şahverdiyevin prodüserliyi ilə istehsal olunan “Gizlənpaç”. Orda iki klounun başına gələn əhvalatlar yer alır. İkincisi Murad Dadaşovun rəhbəri olduğu MG Prodakşının möhtəşəm sifarişi olan “Bayram axşamı”. Hazırda həmin filmin çəkilişləri gedir.
Sonuncu isə bu yaxınlarda ssenarisini təhvil verdiyim “Xoruz banı”dır. Ən çox inandığım filmlərdən biridir. Filmi Elxan Cəfərov çəkəcək, operatoru Nadir Mehdiyev olacaq. Baş rollarda Elməddin Cəfərov və Dilarə Əliyeva oynayacaq.
Xüsusilə vurğulayım ki, hər filmdə mənə kömək edən ssenarist dostlarım var. Cəmil Məmmədli, Kənan, İlkin, Erkin, Süleyman.
-Ssenari müəllifi olduğunuz “Qaynanamız” serialı orda səslənən ifadələrə görə Milli Televiziya və Radio Şurası tərəfindən cəzalandırıldı. Bu qərara müəllif kimi münasibətiniz necə oldu?
-İttihamların içində əsas olmalıdır. Mən heç kimdən və heç bir ittihamdan qaçmıram, mənə görə serial bağlansaydı, ümumiyyətlə, “SOY”-da işləməzdim. Uduzan futbol komandasına hər cür ittiham irəli sürülə bildiyi kimi burda da belə oldu. Nəticə o oldu ki, bir ay serialın yayımı dayandırıldı, sonra da “SOY” layihəni davam etdirməməyə qərar verdi.
Onu da deyim ki, son illərdə çalışdığım və özümü çox xoşbəxt hiss etdiyim yer "SOY" prodakşındır.
“Nə Kann festivalına film göndərənəm, nə də Hollivudda işləyən”
-Dövlət sifarişi ilə istehsal olunan filmləri izləyirsinizmi?
-Təbii ki, izləyirəm. Çox gözəl filmlərdir.
-Son zamanlar hansına baxmısınız?
-Elxan Cəfərovun rejissoru olduğu “Dolu” filmini çox sevirəm. Ən son çəkdiyi “Yarımçıq xatirələr” filminə baxanda elə bildim ki, Hollivud filminə baxıram. O film Azərbaycan üçün çox böyük işdir.
Bilirsiniz, mən kommersant adamam. İşim odur ki, yaxşı film olsun, yaxşı gəlir gətirsin, inkişaf edək, sahəni böyüdək, tamaşaçı auditoriyasını genişləndirək. Mən nə Kann festivalına film göndərənəm, nə də Hollivudda işləyən. Elə hədəflərim yoxdur. Mənim işim Azərbaycanladır. Mənim üçün Azərbaycan ən böyük hədəfdir.
-Yəqin dünya kinosunu izləyirsiniz? Kimdən ilham alırsınız, qaynaqlanırsınız?
-Ən böyük problemim odur ki, mən qaynaqlana bilmirəm. Digər tərəfdən dünya kinosunu izləməyə vaxtım da yoxdur. Kimiləri Hollivud filmlərini sevir, kimiləri türk filmlərini. Mənsə Azərbaycan filmlərinin xəstəsiyəm. Filmdəki dialoqları, hansı kadrdan sonra hansı kadrın gəldiyini əzbər bilirəm. Mənə elə öz filmlərimiz bəs edir.
Nərmin Muradova
Fotolar Elçin Murad