Əməkdar rəssam Mehriban Əfəndi Teleqraf.com-un suallarını cavablandırıb.
Arayış
Mehriban Əfəndi 1984-88- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında, 1989-1991-ci illərdə Moskva “Soyuzfilm”in animasiya məktəbində təhsil alıb. 1991-ci ildən “Azərbaycanfilm”də istehsal olunan cizgi filmlərində qrafik animator, “Otel otağı”, “Özgə vaxt”, “Kənar adamlar”, “Qırmızı qatar”, “Qara ney”, “Məkanın melodiyası”, “Məhkumlar”, “Absurdistan”, “Qisas almadan, ölmə” filmlərində geyim üzrə rəssam kimi çalışıb. “Absurdistan” filminə görə Parisdə keçirilən “Cinema&Costume Moulinc” festivalında “Ən yaxşı geyim rəssamı” mükafatına layiq görülüb.
Kinoda son işi hələ ekranlara çıxmayan “Üç gün, bir ömür” və “Nazlı” filmləridir.
Mehriban xanım çəkdiyi rəsm əsərləriylə Azərbaycanı dünyanın əksər ölkələrində təmsil edir. 2010-cu ildə Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan “Sürrealizm bu gün” adlı vernisaja 30 ölkə (56 rəssam) cəlb olunsa da, Əfəndinin rəsmlərini görəndən sonra Azərbaycan 31-ci ölkə olaraq müstəsna qaydada layihənin iştirakçısına çevrilib. Həmin il Əfəndi həm də Bolqarıstanda keçirilən “Radiance” müsabiqəsinin iştirakçısı olan 22 ölkədən 123 rəssam arasında qalib elan olunub. O, Avropa və Amerika ölkələrində təşkil olunan bir sıra qrup sərgilərinin iştirakçısı olmaqdan savayı Avstraliya və Amerikada fərdi sərgilərini açıb.
Geyim kolleksiyası ilə mütəmadi məşğul olmasa da, milli geyimlərdən ibarət kolleksiyaya sahibdir. Hətta bu il Hindistanda keçirilən “Miss Asiya 2016” ölkəmizi təmsil edən model Leyla Novruzova məhz Mehriban Əfəndinin kolleksiyasından geyinib.
-Mehriban xanım, sizi Azərbaycandan daha çox xarici ölkədə məşhur olan rəssam kimi tanıyırdıq. Ötən ay fəxri ada layiq görüldünüz. Necə bir hissdir?
-Sevincimin həddi- hüdudu yoxdur. Sanki yenidən doğuldum. Fəxr edirəm ki, mən belə bir gözəl torpaqda doğulmuşam. Öz vətənimi çox sevirəm. Yaradıcı insanlara göstərdiyi diqqətə görə prezidentimiz İlham Əliyevə çox təşəkkür edirəm. Bu adı daşımaq böyük məsuliyyətdir və bu, mənə yaşadığım torpağı təmsil etmək üçün daha böyük güc verir.
Öz vətənində qiymət almayan hər bir incəsənət adamı bundan çox əziyyət çəkir. Biz hara getsək də, Azərbaycanı təmsil edirik, ona görə bu, mənim üçün həddindən artıq böyük mükafatdır.
-Səhv etmirəmsə, sizin təqdimatınız Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından olub. Rəssamlar İttifaqından olmadığına görə təəssüflənmirsiniz ki?
-Mənə əməkdar rəssam fəxri adı verilib. Bu, hər iki tərəfə aiddir. Mən həm Rəssamlar İttifaqının, həm də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüyəm. Amma doğrudur ki, təqdimatım Şəfiqə Məmmədovanın rəhbərliyi ilə mövcud olan Kinematoqrafçılar İttifaqından verilib.
Fürsətdən istifadə edib, nazir Əbülfəs Qarayevə, “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmova, Şəfiqə Məmmədovaya, ittifaqın katibi Cəmil Quliyeva, eləcə də, təşkilatın üzvlərinə minnətdarlığımı bildirirəm.
-Bir rəssam kimi sizin üçün kinonun sehri nədir?
-Kinoda işlədiyim ilk gündən indiyənə kimi kinematoqrafa valehəm. Kinodakı işlərimə animator olaraq başladım və 50-dən çox animasiya filmində çalışdım. Sonra bədii filmlərdə işləmək təklifi aldım. Animasiyadan ala bilmədiyim azadlıq kinoda var idi və bu, mənə həzz verirdi. Çünki animasiyada qəbul olunmuş cizgidən kənara çıxa, verilən xarakteri çox dəyişə bilməzsən. Animasiya çərçivələrə salınmış sənətdir. Amma kino elə deyil, burada fantaziyanı rahatlıqla işə sala, obrazları dəyişdirə bilərsən, əlbəttə ki, rejissorla qarşılıqlı anlaşma şəklində.
-Yeri gəlmişkən, siz filmlərdə həm geyim, həm də quruluşçu rəssam kimi çalışmısınız. Fərqli sahələr deyil?
-Bəli, fərqlidir. Quruluşçu rəssam geyim üzrə rəssamın işini bilməyə məcbur deyil. Amma bilməsi ona başqa bir avantaj qazandırır. Geyimlər məni cəlb etdiyinə görə bu sahədə də bacarığımı sınadım və alındı. Bu işdə xüsusi fantaziya çox vacibdir.
Quruluşçu rəssam isə daha çox dekorasiya, arxitektura, memarlıq, dizayn işləriylə bağlı biliyə malik olmalıdır. Mən filmlərdə daha çox geyim üzrə rəssam, sənədli film, serial, kliplərdə isə quruluşçu rəssam kimi çalışmışam.
-Beynəlxalq layihələrlə sıx məşğul olursunuz. Sizi buna kim yaxud nə istiqamətləndirmişdi?
-Özbəkistanda çəkilən “Qırmızı qatar” filmi geyim baxımından çox böyük populyarlıq qazandı və səs-küyə səbəb oldu. Hətta orda fəaliyyət göstərən moda evinin direktoru həmin evi mənə vermək istəyirdi. Bir şərtlə ki, orda yaşamalıydım. Həmçinin o filmdə işimi bəyənənlər mənə beynəlxalq festivalda fərdi sərgimi təşkil etməyi təklif etdilər. Yaşım çox az idi. Təsəvvür edin ki, orda yaşça məndən çox böyük rəssamlar var idi, amma təşkilatçılar yalnız mənim sərgimi təşkil etdilər. Əlbəttə, bu söz-söhbətlərə də səbəb oldu, amma digər tərəfdən mənə çox böyük stimul verdi. Qərara gəldim ki, bundan sonra beynəlxalq layihələr həyata keçirib, ölkəmizi xaricdə təmsil etməliyəm. Vətənim üçün balaca da olsa nəsə edə bilirəmsə, məncə, bundan böyük uğur yoxdur.
-Deyəsən, moda evinin direktorunun təklifini qəbul etmədiniz.
-Bəli, etmədim. Etsəydim, orda qalacaqdım. Mənsə başqa bir ölkənin rəssamı olmağı düşünə bilmirəm. Ondan sonra Türkiyədən, Amerikadan da mənə təkliflər oldu. Bilirsiz, mən gedib orda yaşasam, məşhur olsam da, özümü yad hiss edəcəm. Hər bir şəxs başqa ölkəyə gedəndə sanki orda itir, insanlara qarışır. Azərbaycan mənim üçün ən mistik, ən gözəl diyardır. Burdan aldığım energetikanı dünyanın heç bir yerindən ala bilməmişəm.
-Hansı rejissorlarla çalışmaq həm maraqlı, həm də məsuliyyətli olub?
-Bu haqda danışanda öncə yadıma rəhmətə edən həmkarlarım düşür. Ən əsası da Rasim Ocaqov. Onunla işləmək böyük məktəb idi. Çünki onun kimi özünəməxsus klassik rejissor çox azdır. Vaxtilə kinostudiyamızda olan danimarkalı kino tənqidçiylə sonralar söhbət edəndə deyirdi ki, onlar sovet dövründə Rasim Ocaqov barədə məlumatlı idilər. O deyirdi ki, sovet dövrü olmasaydı, Rasim Ocaqov bütün dünyada tanınan rejissor ola bilərdi. Bunu eşitmək mənim üçün çox xoş oldu, amma heyif ki, Rasim müəllim sağ deyildi, o da bu sözləri eşitsəydi, sevinərdi.
-İşbirliyiniz necə başladı?
-Rasim müəllim mənim işlədiyim “Özgə vaxt” filminə baxıb, işimi dəyərləndirib, ikinci rejissoru Ramiz Əliyevə məni çağırmasını tapşırıb. Getdim yanına, mənə dedi ki, bundan sonra sən mənim komandamda çalışacaqsan. Baxmayaraq ki, işçilərini çox nadir hallarda dəyişən rejissorlardan idi. O məndən o biri komandalarda nə qədər maaş aldığımı soruşdu, sonra dedi ki, sənə o məbləğin iki qat artığını təklif edirəm. Bu, mənim üçün böyük şans idi.
-Neçə filmdə çalışdınız?
-“Otel otağı” filminin çəkilişləri iki il çəkdi. Əvvəl bir sponsorla başladıq, başqa birisiylə davam etdik. Ondan sonra başqa bir filmdə də çalışacaqdıq, amma ömür vəfa etmədi. Filmi başqa bir rejissora verdilər.
Rasim Ocaqov Rusiyanın geyim rəssamlığı məktəbinin cədvəlini mənə öyrətdi və sxemləşdirdi. Onun qoyduğu cədvəl sxemiylə indiyə kimi işləyirəm.
Ondan başqa mərhum rejissorumuz Hafiz Fətullayev, Hüseyn Mehdiyev, Oktay Mir Qasım, Eldar Quliyev, alman rejissoru Fayt Helmer, Elnur Əliyevlə işləmək mənim üçün çox maraqlı olub. Son olaraq Babək Şirinsifətlə “Üç gün, bir ömür”, Rəhman Rəsulovla birgə “Nazlı” filmində çalışdım. “Nazlı” müasir kinematoqrafiya üçün maraqlı film layihəsidir. Kommersiya filmlərində görmədiyiniz bir çox məşhur xalq artistlərini məhz bu filmdə görəcəksiniz.
“Üç gün, bir ömür” filmi isə tamaşaçılarda gözəl hisslər yaradacaq. Babəklə işləmək çox maraqlıydı. Onun aktyorlarla xüsusi iş üslubu, özünəməxsus stili var.
-Qeyri- adiliyi sevən rəssamsınız. Sovet dövrünün çərçivəli, planlı sistemi fantaziyanızı məhdudlaşdırmırdı ki?
-Qayda-qanunlarla işləməyi animasiya sahəsində çalışan zaman öyrənmişdim. Müəllimlərimdən biri deyirdi ki, bir müddət daxildən gələn hisslərini dayandır və çərçivələrdən kənara çıxma. Kollektivdə işləmək mənə ümumi fikrə qulaq asmağı, öz fikrimi də razılıqla qəbul etdirməyi öyrətdi. Mən kinoya gələndə anlayırdım ki, rejissora qulaq asmalıyam.
-Heç yola getmədiyiniz rejissor olub?
-Yox. İşləməkdən imtina etdiyim filmlər olub. Buna görə bəzi rejissorlar məndən inciyib. Filmsiz qalmaq çətin olsa da, layihələri seçirəm. Ssenari məni çəkmirsə razılıq vermirəm. Kinoda işləmədiyim dönəmdə rəssamlığımla məşğul oluram. Bu, məni çox xoşbəxt edir.
-Yəqin kaprizli aktyor və aktrisalara da rast gəlməmiş olmazsınız.
-Etiraf edirəm ki, “Absurdistan” filmində aktyor və aktrisalara çox əziyyət verirdim. Sonra onlar məndən şikayət də etmişdilər. (gülür) Amma fikirləşirəm ki, onlar məni bağışlayarlar, çünki bunlar hamısı incəsənət yolunda olub. Mənə tapşırılmışdı ki, aktyorlar çox çirkli görkəmdə olmalıdırlar. Çirkli görkəm almaq üçün onları palçıqlı torpağa uzandırırdıq.
Çox yüksək mədəniyyətə sahib olan Fuad Poladov, Rasim Balayev, Mehriban Zəki, Ayan Mirqasımova, Hüsniyyə Mürvətovayla sevə-sevə işləmişəm. Öz xarakteri olan insanları çox sevirəm, onlar peşəkar və diqqətlidirlər. Gənclərdən Xumar Səlimova, Ülvi Həsəni, Qorqud Cəfərliylə işləmək mənə xoş oldu.
-Hazırladığınız geyimi geyinməyən aktyor olub?
-Bir dəfə elə olub, amma adını demək istəmirəm. Rasim Ocaqov biləndə ki, həmin insan heç geyimlərinin “proba”sına da gəlmir, çox hirsləndi və onu filmdən çıxardı. Peşəkarlar belə eləmir. Bu cür kaprizlər qısa zamanda şöhrətlənən insanlarda olur.
-Mehriban xanım, iş prosesində maraqlı anlar yaşanır: məsələn kiminsə geyimi cırılır.
-Bir aktyor çox kök olduğuna görə geyimini cırmışdı. O anda elə bir vəziyyətlə üzləşdim ki, onu nə yaza, nə də deyə bilərəm. (gülür)
“Absurdistan” filminin baş qəhrəmanını oynayan alman aktyor Max Maufu film gərəyi yerə atmalıydılar. Lahıcda da hər yer daşlıq idi. Necə olmuşdusa filmin bu çəkilişi üçün kaskadyor dəvət etməmişdik. Mauf elə qorxurdu, düzünü desəm, elə mən də. Mən komandamla elə etməliydim ki, vəziyyətdən sağ-salamat çıxaq. Ona görə biz Maufun qolları və dizləri üçün kisə parçasından qoruyucular düzəltdik. Təxminən yarım saat ərzində... Şükür Allaha, hər şey yaxşı qurtardı.
-Bəs ən bahalı geyimləri hansı film üçün hazırlamısınız?
-“Qırmızı qatar” filmi üçün xüsusi geyimlər hazırladığımıza görə təxminən 1 milyon rubl geyimə xərclənmişdi. O filmdə zooparkdakı tüklərdən geyim hazırlamışdıq. Sonra həmin geyimin eynisini Maykl Ceksonun bacısı Canet Ceksonun klipində gördük.
“Absurdistan” filminin geyimləri də bahalıydı, orda üç ölkənin geyimlərindən istifadə etmişdim. Ən bahalı geyimlərimdən birini də tamaşaçılar “Nazlı” filmində görəcək.
Nərmin Muradova