11 Oktyabr 2016 17:10
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl öz bloqumda əfsanəvi Qodarın doğum gününü qeyd edəndə bir yoldaşım şərh yazmışdı: “Qodar hələ sağdır?” O yaxın illərdə nəinki Qodar (o, indi də sağdır), hətta 107 yaşlı Manuel di Oliveyra (“Uşaqlığımın Portusu”) və 100 yaşlı Kaneto Sindo (“Çılpaq ada”, “Xirosima uşaqları”) da sağ-salamat və iş başındaydı, Antonioni və Berqman isə lap yaxında (eyni ildə və eyni gündə) çıxıb getmişdilər.

Bizə 20-ci əsr kinosunun simasını dəyişən və formalaşdıran, yeni cərəyanlar yaradan klassiklərlə bir dövrdə yaşamaq, bir havanı udmaq nəsib oldu. Heç kəs öz dövrünü özü seçmir, ancaq səninlə eyni dünyada və eyni vaxtda “əbədilər”in də yaşadığını bilmək bu dövrə də, şəxsi həyata da əlavə, müsbət emosional fon qatır.

“Əbədilər” isə onlara ayrılmış onilləri yaşayıb çıxıb gedirlər. Çoxmu qalıb onlardan? Qodarın və Marlen Xutsiyevin adlarını çəkə bilərəm. Oktyabrın 9-na kimi isə Ancey Vayda da sağdı. O, vəfat etdi. 90 yaşı vardı.

Yalnız Polşa yox, Avropa və dünya kinosunun canlı klassikinin uzun və maraqlı ömür yolu təkcə kinomanlar üçün maraq obyekti və kinematoqrafın təkamülünün tarixçəsi deyil. Bu, həm də yaradıcının, Ustadın ideoloji-siyasi antitəkamülünün, dəyişən dövrlərə uyğunlaşan, bununla da kimdəsə fikir qırıqlığı yaradan, kimlərinsə görməzdən gəldiyi metamorfozunun nümunəsidir. Mənə isə Marina Svetayevanın formulu yaxındır: “Yaradıcını yaradıcılığından üstün tuturam”. Baxaq o antitəkamülə.

İlk gəncliyi dünya savaşına, Polşanın işğalına, gettoda qiyama və Varşava üsyanına düşmüş Vaydanın ilk filmləri də elə o mövzuları əhat edirdi. Əvvəlcə trilogiya gəlir: “Nəsil”, “Kanal”, “Kül və almaz”. Kino institutunu yenicə bitiirmiş 30 yaşlı Vaydanın “Nəsil” filmi özü kimi gənclərin həyatının üzərindən çarpaz xətt çəkən müharibədən bəhs edir. Filmdə kommunistlərin xilaskar rolunu qabardan gənc rejissoru Qərb tənqidçiləri hətta “kommunizmə ifrat meyl”də qınayırlar.

“Kanal”ın mövzusu uduzmuş Varşava üsyanıdır. 1944-cü ilin üsyanı artıq başlamamış məğlubluğa məhkum idi. Varşavanı Qızıl Ordudan daha tez azad etmək üçün rəhbərləri Londonda oturan Armiya Krayova hazırlıqsız, ekspromt üsyan başladır, insanları dirigözlü ölümə göndərir. Sovet tərəfi üsyanı təxirə salmağa çağırır, çünki yorğun Sovet ordusunun Vislanı keçib kömək etmək gücü yox idi, üstəlik Varşava kimi böyük şəhəri azad etmək planı bir neçə günə hazırlanmır. Ancaq faydasız.

Üsyan qan içiində boğulur, sağ qalanlar kanalizasiya xətləri ilə şəhəri tərk etməyə çalışır. Filmi “Kanalizasiya” adlandırmaq daha sərrastlıq olardı, ancaq bu termin ilk növbədə çirkab və siçovullarla assosiasiya etdiyindəndir ki, rejissor onu “Kanal” adlandırıb.

Tamaşaçı özünü fiziki olaraq o çirkabda, qaranlıqda, çarəsizlikdə hiss edir. Nasistlər yerin altındakı üsyançıları qazla boğur, kimisi dəli olur, kimisi intihar edir. Total məğlubluğun sonunda isə yerin üstünə çıxa bilən üsyançıların nasistlər tərəfindən qarşılanması səhnəsi dayanır. Bernşteynin “Hərəkət hər şeydir, son məqsəd heç nədir” imperativini dəyişib “Müqavimət hər şeydir, qələbə isə heç nədir” də söyləyə bilərik.

Kamyu “Ən böyük ümidlər ən böyük ümidsizliklərdən doğur” yazırdı. Burada isə heç bir ümidə yer qalmayıb. Ancaq bu, üsyançıların səhvi anlamına gəlməsin - dirəniş mütləq lazımdır, sonunda kanalizasiyada siçovul kimi gəbərmək dayansa belə.

Trilogiyanın 3-cü hissəsi - “Kül və almaz” (1956) filmi bütün Avropa kinosunu dəyişdi. Məhz bu filmdən sonra “Polşa dalğası”ndan danışmağa başladılar. “Polşa dalğası” isə xronoloji olaraq Fransa “Yeni dalğası”nı hətta qabaqladı da. Habelə, Qodarın “Son nəfəsdə”sində Vaydanın “Kül və almaz”ının təsiri hiss olunur.

Qodarın Mişeli kimi, Vaydanın Maçeki də total qiyamçı, şəhər partizanıdır. Armiya Krayovanın tərəfində Varşava üsyanında iştirak edib (bəlkə də kanalizasiyadan sağ qurtulanlardan biridir). Müharibə artıq bitib, xarici düşmənlə savaşın yerini iç savaş tutub. Maçekə və Anceyə kommunistlərin başçısı Şukanı öldürmək əmri verilib və onlar tərəddüd etmədən əməliyyata yollanırlar. Şuka müharibədə ailəsi dağılmış, indi də oğlu əsir düşmüş köhnə partizandır, ölkəsini dirçəltmək üçün Polşaya qayıdıb. Maçek Şukanın yerinə səhvən iki günahsız fəhləni qətlə yetirir və heç bir peşmançılıq hissi keçirmir - bir səhvdir, olub. Vayda nə Şukaya, nə də Maçekə mənfi personaj kimi baxır, əksinə, ikincini romantikləşdirir də - daima taxdığı qara eynəyi, çantası, geyimi ilə o, 1945-ci ilin yox, məhz 1950-lərin sonundakı gəncə bənzəyir. Maçek əmrin ifaçısıdır, tərəddüdsüz və özünüanalizsiz. O, yalnız qara eynəyini çıxardığı vaxt dünyaya ayıq baxışlarla və təmiz gözlərlə baxır, həmin anlarda bütün bu vakxanaliyadan qaçmaq, normal, yeni həyata qayıtmaq, sevib-sevilmək yanğısı baş qaldırır. Ancaq bu, anidir - o, Qələbə günü, mayın 8-də Şukanı öldürür və özü də güllələnir. Finala yaxın ekranda görünən ağ mələfələr - ölümün simvolikasıdır, Maçekin kəfənidir. Və əgər üsyançılar kanalizasiyada can vermişdisə, Maçeki zibillikdə güllələyirlər. Aqoniya kadrları Qodarın Mişelinin ölüm səhnəsini xatırladır.

Bu filmi ilə Vayda küldən almaz yaranacağına illüzor da olsa ümid qoymur. İç savaş - ən dəhşətli və mənasız savaşdır. Əqidəli Şuka da, ifaçı Maçek də onun qurbanlarıdır. Bəs qaliblər kimdir? Qaliblər uzaqda oturublar və rahat yerlərindən situasiyanı xaosa sürükləyirlər.

Bu film Vaydanı məşhur rejissora, Zbiqnev Tsibulskini (Maçek) isə milyonların sevimlisinə çevirdi. Tsibulski 1967-ci ildə, 47 yaşında qatarın altında qalıb öldü və əfsanələşdi.

Sakit 60-cılardan sonra Vayda yenidən az qala ilə bir film çəkir. 1974-cü ildə “Həsrəti çəkilən torpaq” filmi ərsəyə gəlir. Burada Vayda əsl Dikkens vüsəti ilə erkən kapitalizmin vəhşi sifətini təsvir edir. 19-cu əsr, Lodz, sinfi mübarizə, fəlakətlərin baş səbəbkarı olan kapital - Vayda lap kommunistdir. Üstəlik, ziddiyyətləri daha da kəskinləşdirmək, kapitalizmin necə qəlbsiz, anti-insani olduğunu qabartmaq üçün ssenarinin sonluğunu da dəyişir - fəhlə tətili qan içində boğulur.

Bu, o vaxtlar idi ki, Polşada 1970-ci ildə Qomulka hakimiyyətdən getmiş, yerinə Edvard Gerek gəlmişdi. Və 1976-cı ildə Vayda yeni rəhbərliyə uyğunlaşmaq, onun sifarişini yerinə yetirmək üçün “Mərmərdən olan adam” filmini çəkir. Əsas qəhrəmanlar - fəhlələrdir. Liberallaşmaya gedən Gerekin öz xələfini günahkar çıxarmaq istəyini yerinə yetirən Vayda filmdə 1970-ci ildəki fəhlə etirazlarını işıqlandırır.

Görünən odur ki, partiya xəttinin dəyişməsinə uyğun olaraq Vayda da dəyişir və uyğunlaşır. 1980-cı ildə Polşanı yenidən fəhlə etirazları bürüyəndə, Qərbin və Vatikanın arxasında dayandığı “Solidarost” meydana çıxanda, Lex Valensanın ulduzu parlayanda, Gerek isə “Solidarnost”la dil tapmağa başlayanda Vayda özünün “Dəmirdən olan adam”ını çəkir. Burada “Solidarnost”un tətillərindən sənədli kadrlar var, Valensa isə epizodik ollardan birini - özünü oynayır.

Vaydanın bu filmini tənqidçilər onun ən zəif filmi sayırlar. Tələm-tələsik çəkilmiş, konkret mövqeyə xidmət edən, neytral baxışdan uzaq olan filmi elə tələm-tələsik də Kann festivalına göndərirlər. Film “Qızıl palma budağı” alır. Öz keyfiyyətinə görə yox, məhz siyasi yönümünə görə. Yəni, burada layiqli dəyərləndirmədən söz gedə bilməzdi.

“Dəmirdən olan adam” filmindən sonra Vayda SSRİ-də ostrakiyaya məruz qalır, bir neçə il filmləri nümayiş etdirilmir. Sonra isə sosialist bloku süqut edir və Vayda da çevrilib nümayişkaranə antikommunist mövqeyini tutur. Hətta müsahibələrindən birində “Mən hər filmimlə kommunizmə qarşı mübarizə aparmışam” deyir. Sübut etmək isə çətindir.

Kapitalizmin restavrasiyası dünənə qədər sosialist mövqedə dayanmış, yaxud film çəkmək üçün heç bir maneə (ilk növbədə də maliyyə - sponsor dövlətin özü idi) ilə qarşılaşmamış bir çox sənətkarı mağara antikommunistinə çevirdi. Kşiştof Zanussini yada salaq. Yaxud, Rumıniya kinosunun sütunlarından biri olan Serjiu Nikolayesku (“Daklar” epopeyası, “Onu öldürməkdən başqa çarəm yoxdur” filmi) Çauşeskunun devrilməsi ilə “inqilabçı” oldu, parlamentə seçildi və dünəni söyməyi özünə peşə seçdi. Vayda da onların cərgəsinə qoşuldu. Hətta avtobioqrafiyasını da təftiş etdi.

Varşava üsyanı baş verəndə Vaydanın 18 yaşı vardı - ancaq vuruşmayıb. 1945-ci ildə Armiya Krayovaya sədaqət andı içib, ancaq çoxsaylı “lənətlənmiş əsgərlər”dən (Polşada bu termin altında nasistlərin məğlubiyyətindən sonra kommunistlərə qarşı döyüşən polyakları nəzərdə tuturlar) fərqli olaraq əlinə silah götürmək əvəzinə kino təhsili almaq üçün universitetə yollanıb. Onun nə “Kanal”ı, nə də “Kül və almaz”ı antikommunist filmdir - hər ikisi SSRİ və sosialist ölkələrində nümayiş olunur və təriflər alırdı. “Həsrəti çəkilən torpaq” isə radikal antikapitalist kinodur. Və beləcə...

2007-ci ildə 81 yaşlı metr “Katın” filmini çəkdi. Mövzusuna görə də, vaxtına görə də bu film məhz təbliğat “vərəqəsi” rolunu oynamalıydı - oynadı da. Yeni sifarişi vaxtında yerinə yetirmək lazımdı, daha sponsor rolunda dövlət yox, öz musiqisini çaldıran yeni sifarişçilər idi. Vayda onların sifarişini uğurla yerinə yetirdi.

Küldən almaz yaranmadı. Almaz külə döndü...


Müəllif:

Oxşar xəbərlər