27 Oktyabr 2016 12:31
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara başqa cür aydınlıq gətirmişdi.

***

Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib. “Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb.

Fuad Poladov teatrda hazırda fəaliyyətini davam etdirir. Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Boy çiçəyi”, Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəyi”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” tamaşasında çıxış edir. Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.

Nərmin


Müəllif: