1 Noyabr 2016 16:20
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məti Osmanoğlunun bu gün səhər saatlarında dünyasını dəyişən şair Taleh Həmidə həsr etdiyi esseni təqdim edir.

Dörd il əvvəl Taleh Həmidin 60 illik yubileyi ərəfəsində yaradıcılığı haqqında bir esse yazmışdım. Yazı boyu “Taleh – tale” assosiasiyası beynimdən çəkilmir, məni Talehin şeirlərini tale işığına tutmağa, yazılarında onun, eləcə də bizim – dünyanın tozlu yolları boyunca yarım əsrdən artıq ayaq döyüb yaşı 60-ı haqlamış nəslin bəxtinə düşən, qədərinə çevrilən taleyin izlərini axtarmağa, əks-sədasını soraqlamağa təhrik edirdi…

Ancaq Talehin ömür yolu o qədər eniş-yoxuşlarla, sərt sınaqlarla, eləcə də işıq və enerji ilə doludur ki, onun tale-qədər yazısını ümumiləşdirmək, başqaları ilə ortaqlaşdırmaq çox çətin görünürdü. Talehin ömür yoluna güzgü tutan yaradıcılığında, ədəbiyyatşünaslıq dili ilə desək, “tipik obraz” axtarıb tapmaq çox çətindir.

Ürəyim dolub gəlmişəm,
Yaman çağlamağım gəlir.
Yazın bu xoş vədəsində
Bir az ağlamağım gəlir,
Qulağını tut, bənövşə…

Həyatının uc nöqtəsində, ömrün başlanğıcında Talehin taleyinə düşən ağır yük onun şeirində belə çiçəkləmişdi. Bu şeir yazın bir xoş vədəsində ata məzarının üstündə bitmiş, kövrək qanadlı, zərif ləçəkli boynubükük bənövşə ilə səmimi ürək söhbəti, daxili monoloqdur. Əslində, bu mənzərə atasını çox erkən itirmiş Talehin öz uşaqlıq və ilkin gənclik obrazıdır: məzar daşının yanında bitən kövrək bənövşə… Həmin bənövşə xeyli sonra Talehin şeirində yenidən canlanacaqdı…

Daha sonra isə həmin bənövşə neçə-neçə ağır daş yanında bir daha açacaqdı: varlığı dadlıdan-dadlı, itkisi acıdan-acı övlad daşının, istəklidən-istəkli, həssas ürəyi tez yanıb kül olan qardaş daşının, əzizdən-əziz yaxınların, doğmaların daşının yanında…

Talehin ilk şeirlərində – həm birbaşa ata xatirəsinə həsr olunmuş yazılarında, həm də ümumiyyətlə yaradıcılıq baxışında ən böyük tale izi ata itkisidir. Lakin bu şeirlərdə atasızlığın ağrısı, yetimlik, çarəsizlik tragizmindən əsər-əlamət yoxdur. Böyük səmimiyyətlə yazılmış bu şeirlərdə ata sevgisinin ifadəsi daş yanında bitən zərif bənövşə, vaxtsız quruyan ağaclar, sərt əsən acı payız sazağı, kəndin üstünə ruh kimi enən qürub, üfüqlərdə ümid kimi baş qaldıran dan yeri, dan üzünün şehindən kövrəlib ağlayan daş şəklində sıraya düzülür, tale daşıyıcısına çevrilir və ən maraqlı cəhət də budur ki, oxucuda həyat sevgisi yaratmağa xidmət edir. Vaxtilə ata əlinin hərarəti ilə həyat tapmış, bu hərarət üstündən çəkiləndən sonra isə qurumuş ağaclar övladın qəlbində ata abidəsinə çevrilir:

Günlərimi, aylarımı ölçürlər
Yarpaq-yarpaq, budaq-budaq quruyub
Bu dünyadan köç etdikcə.
Gözlərimə köçürlər
Atamın özü kimi –
Atam əkən ağaclar…

Talehin taleyində və şeirlərində, bir insan kimi qədərində dərin izi qalan daha bir hadisə övlad itkisi olmuşdur. Həyatla çox erkən vidalaşmış övlad xatirəsinə həsr olunmuş şeirlərdə də Talehin taledən uca dayandığını görürük və mən bunu şair dostumun daxili gücünün və ləyaqətinin təntənəsi kimi qiymətləndirirəm. Taleh şeirlərində “dərdi dərdlə yumağa” çalışmadı, öz övladının lap başlanğıcda bənövşə ləçəyi kimi qırılan kövrək ömrünün, arzularının davamını onun yaşıdlarında, həyata yeni qədəm qoyan gənclərdə görməyə çalışdı və gördü. Taleh dərdin önünə sevgi və ümid qoymağı bacardı.

Taleh ağır xəstəliklər keçirmişdi, son dəfə ürəyində əməliyyat aparılmışdı. Ölümlə üz-üzə gələndə, həyat uğrunda döyüşəndə belə, Taleh öz müdrikliyini və həyat sevgisini, həyatda qalan insanların taleyi sarıdan keçirdiyi nigaranlığını itirməmişdi. Taleh üçün hətta həyatın son ucu, axır nöqtəsi olan ölüm ayağında belə “həyat şirin, ömür gözəl…” olmuşdu. Şairin öz varlığının davamı olan oğlu Cəlala yazdığı məktublar, bu baxımdan, ibrətamiz məna daşıyır: “Ölümdən qorxmurdum və indi də qorxmuram. Çünki ölüm də Tanrının məsləhətlərindən biridir. Amma sənin taleyindən nigaran idim. İndi də nigaranam. O vaxtlar sənin on beş yaşın tamam olurdu. Mən də nə qədər xəstə olsam da, özümdə güc tapıb sənə bir şeir yaza bilmişdim:

Həyat şirin, ömür gözəl əzəldən,
Bil qədrini ötüb keçən hər anın.
Yorulma arzudan, işdən, əməldən,
Tut nəbzini bəri başdan dünyanın…
Dünya mərdlik dünyasıdı, bilginən,
Ağac əkən öz barını görəcək.
Ağlayanın göz yaşını silginən,
Tanrı bir gün əvəzini verəcək”.

Taleh, özünün də dediyi kimi, Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi.
Özü getdi, xoş xatirələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur.
Lakin bir həqiqət də var ki, Talehin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır.


Müəllif: