Tarix elmləri doktoru Nəsiman Yaqublunun müəllifi olduğu “Rəsulzadə ensiklopediyası”nda Məhəmmədəmin Rəsulzadənin ailəsi haqqında iki qeyd var.
Birinci qeyddə yazılır: “M.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib”.
İkinci qeyd də isə bildirilir: “M.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” məzarıstanlığında dəfn edilib”.
Bu iki qeyddən aydın olur ki, Rəsulzadə polyak əsilli qadınla Bakıdakı həyat yoldaşı vəfat etdikdən sonra ailə həyatı qurub.
Bəs, Vanda Rəsulzadə kim idi?
Təəssüf ki, əlimizdə yetəri qədər qaynaq yoxdur.
2006-cı ildə çap olunmuş “Kebikeç” dərgisinin 22-ci sayında Bülent Danışoğlu adlı müəllifin məqaləsində müəyyən qədər xatirələrə rast gələ bilirik.
B.Danışoğlu yazısına belə başlayır: “Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona “madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası “Leyli və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə...”
B.Danışoğlu Vanda xanımın Pilsudski ilə bağlı ona nələrsə danışdığını xatırlamadığını yazır: “Leyla xanımın mənə Pilsudksidən danışdığını xatırlamıram. Bəlkə də, bəhs edib, amma mən o illərdə Pilsudskini tanımadığım üçün anlamamışdım. Ailəsinin nəsillər boyu rus müstəmləkəsinə qarşı mübarizə apardığını danışmışdı. Babasının ayaqlarında zəncir izlərinin ölənədək qaldığını demişdi. Atasının Polşanın müstəqilliyi üçün mücadilə aparan bir liderin əmrində çalışdığını və Sibirə sürgünə gedib-gəldiyini söyləmişdi".
Müəllif Leyla xanımın Rəsulzadə ilə böyük eşq yaşayaraq evləndiyini söylədiyini yazır. Rəsulzadədən öncə bir dəfə ailə həyatı qurub və boşanıb.
B.Danışoğlunun məqaləsindən çox istifadə olunub, ona görə də Leyla xanımla bağlı yazıdakı fikirlərə geniş yer vermirik. Ətraflı oxumaq istəyənlər məqalənin orijinalını bu linkdən əldə edə bilərlər.
Vanda (Leyla) xanımla bağlı əlimizdə olan digər qaynaq isə “Azerbaycan” dərgisinin 1974-cü ildə çap olunan 210-cu sayındakı nekroloqdur. Həmin nekroloqda Leyla xanımın necə fədakar qadın olduğuna diqqət çəkilir.
Maraq doğuracağını nəzərə alıb nekroloqun tam mətnini və Rəsulzadə ilə Leyla xanımın birgə fotolarını təqdim edirik:
“May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi.
Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı.
Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi. Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin kriz vaxtlarında başı ucundan bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq etmişdir. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun”.
Rəsulzadənin dəfn fotolarından məlum olur ki, Leyla xanım son mənzilədək onun yanında olub...
Dilqəm Əhməd