6 Fevral 2017 21:24
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimovun 79 yaşı tamam olur.

Teleqraf.com xalq artisti ilə müsahibəni təqdim edir:

-Ramiz müəllim, doğum gününüzü təbrik edirik. Necə keçir gününüz?

-Çox təşəkkür edirəm. Hazırda çəkilişdəyəm. Bu gün teatrda istirahət günümüzdür. Ondan istifadə edib Teatr Xadimləri İttifaqında “Stullar” tamaşasını oynayacağıq. Bu tamaşa yalnız çəkiliş üçün olacaq. Tamaşadan sonra da evə gedəcəm.

-Yəqin evdə doğum gününüzü qeyd edəcəksiniz...

-Səmimi deyim ki, qaynım yenicə rəhmət gedib. Hələ 40 mərasimi olmayıb. Yoldaşımın da yanvarın 23-ü doğum günü idi. O da qeyd etmədi, güman ki, mənim də doğum günümü qeyd etməyəcəyik.

-Bu il səhnədə bir neçə rolla çıxış edirsiniz.

-3 tamaşa təhvil verdim: “Ölülər”, “Müfəttiş”, “Almaz”. Hər üç tamaşa müvəffəqiyyətlə oynanılır. Teatr Xadimləri İttifaqında da İoneskonun “Stullar” əsərində oynanıyam. Bu tamaşa tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. İlk dəfə idi ki, absurd tamaşada rol alırdım. Pyesin özü çox çətin anlaşılır. İlk oxunuşda hiss etdim ki, pyesi dərindən başa düşmürəm. Ondan sonra İoneskonun yaradıcılığı, bütünlükdə absurd teatrla dərindən maraqlandım. Bu məlumatlarla əsəri yenidən oxuyanda mənim üçün yeni dünya açıldı.

Tərəf müqabillərim – Həmidə Ömərova, Hacı İsmayılovla, tamaşanın bədii rəhbəri Azər Paşa Nemət, rejissorumuz İlkin Mehdiyevlə birgə işləmək çox maraqlı idi. Tamaşanı oynadıqca başa düşürük ki, artıq o bizim canımıza hopub, hansı fikri çatdırmaq istədiyimizi tam anlayırıq. Mən hər gün bu tamaşanı oynayardım.

-Doğum günlərinə sevinirsiniz, yoxsa kədərlənirsiniz?

-Bəxtiyar Vahabzadə deyirdi ki, bu camaat doğum günlərində şadyanalıq edir, halbuki yaşın üzərinə yaş gəlir. Mən nikbim adamam. Çünki hər yaşın öz gözəlliyi var. Mən bu yaşda da səhnədə, efirdəyəmsə deməli, yaşımı təbii qəbul edirəm. Əsas odur bədənin sağlam, dünyaya baxışın müasir olsun və gözəl, müxtəlif xarakterli rollar yaratmağa qadir olasan.

Mən həyat və yaradıcılıqda da öz cavanlıq dövrümü xatırlayıram. Doğum günümlə əlaqədar televiziyalarda mənim haqqımda verilişlər hazırlandı, mətbuatda yazılar çap olundu. Məni yad etdiklərinə görə hamıya təşəkkür edirəm.

-Bilirəm ki, təbriklərin sayı-hesabı yoxdur. Təbrik etməyənlərə qarşı sonra münasibətiniz dəyişirmi?

-Heç vaxt umu-küsə etmərəm. Həyatdır, insanların başı qarışıq olur, hərənin öz problemi var. Bəzən bir-iki gün keçəndən sonra zəng edirlər, üzrxahlıq edib, təbrik edirlər. Dünən “Ölülər” tamaşasını oynayırdıq, kollektivimizin hamısı gəlib məni təbrik etdi. İnsana nə lazımdır? Bu diqqət, qayğı insanda ancaq xoş hisslər yarada bilər.

-Bəzən yaşa dolmuş insanlar deyirlər ki, məni artıq heç nə təəccübləndirə bilməz. Sizi necə?

-Bu sözü deyən adam üçün sənət əhəmiyyətini itirib. Əgər o indiki prosesi duya bilmir, gəncliyin istədiyini hiss edə bilmirsə, deməli, onun üçün sənət yoxa çıxıb. Amma bizim sənətimizin tavanı yoxdur. Bu da yaşa baxmır. Qəbir evinə qədər öyrənmək lazımdır. Ona görə mən bu yaşımda da hər gün öyrənirəm, öz üzərimdə çalışıram ki, gənclikdən geri qalmayım.

-Bu yaşda sizi nə həyəcanlandırır?

-Yaradıcılıqda yalnız və yalnız təklif olunan. Təklif olunan nəyi tələb edirsə, onu doğru-düzgün canlandırmağa çalışıram. Həyatda isə insan müxtəlif hadisələrlə üzləşə bilir. İnsan bu hadisələrə hazır olmalıdır. Şad xəbər də eşidə bilərsən, bəd xəbər də... Hər bir şeyi təbii qarşılamağa çalışmalı, duyğularımızla hiss etməliyik. Duymursansa, insan deyilsən.

Həyatda bir kənara çəkilib, kimdənsə imdad gözləmək lazım deyil. Həyatı yaşamaq lazımdır.

-İllərlə vaz keçə bilmədiyiniz vərdişiniz varmı?

-Öz üzərimdə daim çalışmaq. Əgər mənə hansısa obrazı həvalə ediblərsə, gecə-gündüz onun xəyalı ilə yaşayıram.

-Hazırda dörd obrazı canlandırırsınız. Onlarla birgə necə yaşayırsınız, bir-birlərinə mane olmurlar ki?

-Bir yerdə yaşamaq qeyri- mümkündür. Onlar tamamilə bir-birindən fərqli insanlardır. Bu gün bura gələndə yolboyu “Stullar” haqda düşünürdüm. Hazırda burda tamaşanın məkanı hazırlanır. Sizinlə danışa-danışa rekvizitlərə baxıram, bir azdan gedib geyinəcəm, o təklif olunan vəziyyətə daxil olacam.

-Rafiq müəllim, səhv etmirəmsə, ötən il sosial şəbəkədən istifadə etməyə başladınız. Nədən orda olmağa ehtiyac hiss etdiniz?

-Aktiv üzvlərdən deyiləm. Bir planşetim var, hərdən ora daxil olub, xəbərləri izləyirəm. Yenə deyirəm, aktiv deyiləm, çünki ona çox aludə olanda əsas işimdən yayınıram. Əgər axşam tamaşam varsa, sosial şəbəkəyə girməməyə çalışıram. Çünki oxuduğum pis xəbərlər, insanların bir-birlərinə atmacaları mənə yaxşı təsir etmir.
Söz-söhbətdən uzaq insanam. Əsas işim öz yaradıcılığım, ailəm, işim, problemlərimdir. Kənar problemlərlə maraqlanıb, onlara vaxt ayırmaq insanı qıcıqlandırır.

-Bunu əlavə yük hesab edirsiniz?

-Bir var xeyirli yük ola, o zaman mən onu daşımağa hazıram. Çünki mən ordan özüm üçün yeni nələrsə əxz edə bilirəm. Amma qalmaqalla aram yoxdur.

-Doğum günləri, adətən, insanda nostalji hisslər oyadır. Ən çox da itirdiyin dostları ananda...

-Dünyasını dəyişən dostları ananda çox kədərlənirəm. Çünki onlarla həmişə bir yerdə olmuşam: çəkilişdə, səhnədə, efirdə... Çoxları da vaxtsız haqq dünyasına qovuşdular: Səməndər, Hamlet Xanızadə, digərləri... Biz həm qonşu, həm dost olmuşuq. Dənizkənarı bulvarda təklikdə gəzəndə onları yad edirəm. Düşünürəm ki, niyə indi onlarsız olmalıyam? Niyə onlar yanımda deyillər, yaxud mən onların yanında deyiləm. İnsan dəmirdən, poladdan deyil ki, belə nüanslara biganə qalsın. Bunu düşünmək məni kədərləndirir. Onlar üçün burnumun ucu göynəyir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər