10 Mart 2017 17:27
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Haliç sahilində 27 min kv.m-lik bir ərazidə Türkiyənin ilk və tək sənaye muzeyi olan "Rahmi M. Koç" muzeyi yerləşir.

Ötən həftə Qalatasaray muzeyindən çıxdıqdan sonra bu muzeyin bir hissəsini (!) gəzmək üçün oraya yollandıq.

"Rahmi M. Koç" muzeyi bir tərəfdən insanların maraqlı vaxt keçirməsi, digər tərəfdən isə bilgiləndirmək məqsədilə hazırlanıb.

Muzey iki hissədən ibarətdir: Lengerhane binası və Hasköy tərsanəsi. Osmanlı sultanı III Əhmədin zamanında tikilən Lengerhane binası 1991-ci ildə Rahmi M.Koç Muzeyçilik və Kültür Vəqfi tərəfindən satın alınır, 1994-cü ildə ziyarətə açıq elan edilir. 1996-cı ildə isə Hasköy tərsanəsi vəqf tərəfindən alınır, 2001-ci ildə muzeyə daxil edilir.

Muzey nəqliyyat və sənaye üzərinə qurulub, insanları 100-150 il öncəyə aparır. Burada bir zamanlar insanların xidmətindən olmuş təyyarələr, qatarlar, avtomobillər, velosipedlər, motosikletlər sərgilənir. Bu vasitələrin əksəriyyəti Rahmi M.Koçun şəxsi kolleksiyasına aiddir, eləcə də, dostları tərəfindən ona bağışlanmış eksponatlardır.

1996-cı ildə Avropa Muzeyləri Birliyi xüsusi mükafatı məhz Rahmi M.Koç muzeyinə verir.

Bizim muzeyin tərsanə bölümünü gəzmək imkanımız olur.

Douglas DC-3 “Dakota”

Muzeyin həyətinə girəndə ilk olaraq bir təyyarə qarşımıza çıxır. İlk uçuşunu 1935-ci ildə həyata keçirən və zamanında ən çox sevilən, dəstəklənən DC-3 təyyarəsi 1940-1950-ci illərdə hava nəqliyyatında ən önəmli yerə sahib idi. İstehsalından 60 il sonra da 400-dən çox DC-3 təyyarəsi insanlara xidmət göstərirdi. 1986-cı ilə qədər nəqliyyatda istifadə edilib. Muzeyə bu təyyarəni Nedim Sulyak hədiyyə edib.

Təyyarənin içinə qalxıb pilot kabinəsinə baxırıq. Daha sonra sərnişin oturacaqlarından birində əyləşirik. Kim bilir bu oturacaqda kimlər haralara səyahət edib. Kimisi xəyallarının arxasınca, kimisi görmədiyi bir ölkəyə səyahətin həyəcanı ilə yola düşüb...

B-24 Liberator “Hadley's Harem”

1 Avqust 1943-cü ildə Rumıniyadakı Ploesti petrol anbarlarını bombalamaq üçün Benqazidən havalanan 178 Liberatördən biri də burada sərgilənir. Hədəfi bombaladıqdan və bir alman savaş təyyarəsi tərəfindən vurulduqdan sonra Kiprdəki ingilislərə məxsus hava sahəsinə enmək istəyib, amma Antalya yaxınlığında dənizə məcburi eniş edib. Təyyarə qəzadan qurtulan 7 nəfərdən biri olan Roy Nyutonun yardımıyla 1995-ci ildə çıxarılıb və qismən bərpa edilərək sərgilənib.

Muzeydə həmçinin De Havilland Vampire FB Mk 6 (ilk uçuşunu 1943-cü ildə həyata keçirib, muzey tərəfindən 2007-ci ildə satın alınaraq bərpa edilib), HFB-320 Hansa Jet “TC-LEY” (Alman təyyarə istehsalçısı Hamburger Flugzeugbau tərəfindən 1964-1973 illər arasında istehsal edilib) kimi təyyarə modelləri səssiz şəkildə həyatlarını havada deyil, yer üzündə davam etdirirlər.

Daha sonra 100 ildən çox yaşı olan müxtəlif avtomobillərin olduğu bölümü gəzirik. Burada olan əsas eksponatlardan bəziləri bunlardır:

Albion A10 Rentgen maşını

Məşhur Şotlandiya şirkəti Albion tərəfindən istehsal edilən vasitə. İngilis Ordusu tərəfindən I Dünya Savaşında Müttəfiq Orduları və Osmanlı xanədanlığı arasındakı qarşıdurmalarda istifadə edilib. Savaşdan sonrakı illərdə Türkiyə tərəfindən bir müddət istifadə edilib. 2001-ci ildə muzey tərəfindən restavrasiya edilib. Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən müvəqqəti olaraq muzeyə verilib.

Magirus Yanğınsöndürən maşını

Bu maşın 27 Sentyabr 1922-de Frankfurtda Kühler fabrikində istehsal edilib. İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən istifadə edilib, sonra isə muzeyə bağışlanıb.

Eləcə də, muzeydə Ford, Rolls Royce firmalarına aid yüz illik maşınlar sərgilənir.

Velosioed bölümündə sərgilənən Penny Farthing ilk velosiped modelidir 1870-ci illərin əvvəllərində İngiltərədə James Starley tərəfindən hazırlanıb. Eləcə də, muzeyin dənizçilik bölünmündə müxtəlif model gəmilər, qayıqlar sərgilənir.

Muzeydə müasir texniki avadanlıqların necə çalışması əyani şəkildə göstərilir. Türkiyədə kompüter istehsalının dünəndən bu günə eksponatlarla tarixini öyrənmək olur.

Muzeyin ikinci hissəsini gəzməyi daha sonrakı gəlişimizə saxlayırıq. Xatirə fotolar çəkib, xatirə hədiyyələr alıb heyranlıqla ayrılırıq.

P.S. Rahmi Koç Türkiyənin tanınmış biznesmenlərindəndir. 1930-cu ildə doğulub. Koç Holdinqin qurucusu və sahibi Vehbi Koçun oğludur.

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər