15 Aprel 2017 12:24
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ilin yayında Meksikada bir qrup gənc öz şəxsi qayıqlarında Karib dənizində gəzməyə çıxmışdı.

Onlar dənizə baş vuraraq biri-birilə yarışır, kimin daha dərinə üzəcəyini müəyyənləşdirmək istəyirdilər. Gənclərdən biri dənizin ənginliklərinə baş vurdu və yoldaşlarından bir az uzaqlaşdı. Qəflətən özünü yad bir aləmdə hiss etdi, nə baş verdiyini anlamadı. O, suyun altında baş-başa verib dayanmış iri bir insan kütləsinin içində idi. Bu, əfsanəvi filmlərdəki sualtı dünyaya bənzəyirdi.

Heyrətdən nitqi quruyan oğlan bu yeraltı səltənətin vahiməli cazibəsindən əl çəkib getməyi bacarmırdı. O, sadəcə bir neçə ay əvvəl Karib dənizinin altında salınmış sualtı Kankun muzeynin varlığından xəbərsiz idi...

Bu muzey 2010-cu ildə Meksikada Kankun şəhəri yaxınlığında Karib dənizinin dibində heykəltəraş Ceyson Teylorun təşəbbüsü ilə yaradılıb. Heykəllər quruda düzəldilmiş, sonra isə dənizin dibinə endirilərək oraya bərkidilmişdi. Adi insan ölçüsündə düzəldilmiş heykəllərin həcmi suyun altında bir neçə dəfə böyük görünür.

İlk əvvəl muzeydə 68 heykəl vardı, sonralar heykəllərin sayı 400-ə çatdırıldı. Əlbəttə, Teylor bu qədər işi təkbaşına görə bilməzdi, heykəllər onun seçdiyi komanda ilə düzəldilirdi.

400 heykəlin düzəldilməsinə 400 kilqoram silikon, 120 ton sement və 4 kilometr şüşə lifi sərf olundu. Bütün bunlara 350 min dollar xərcləndi, pulun böyük hissəsini Meksika hökuməti ödədi.

Ekspozisiyanın düzəldilməsinə il yarım vaxt sərf edən Teylor həm də suyun altında 120 saat vaxt keçirməli oldu. O, heykəltəraş olmaqla yanaşı həm də peşəkar dayverdir.

Onu da qeyd edək ki, bu, Ceyson Teylorun su altında yaratdığı ilk muzey deyil. 2006-cı ildə o, yenə də Karib dənizində 65 heykəldən ibarət bir ekspozisiya yaratmışdı.

Ceyson Teyloru insan fiqurlarından ibarət sualtı muzey yaratmağa nə vadar etmişdi və ya o, bununla nə demək istəyirdi? Muzey yaranan gündən bu sual çoxlarını düşündürürdü.

Kurort şəhəri olan Kankuna hər il minlərlə turist gəlir. Təbiətin və dənizin təmizliyi, qorunması bütün insanları eyni qaydada düşündürmür. Çirklənmiş dənizdə azalmaqda olan qiymətli mərcan riflərini qorumaq getdikcə çətinləşməyə başlayır.

Bəzi turistlər rifləri qopararaq öz vətənlərinə suvenir kimi aparırlar, nəticədə riflər xeyli azalıb, bəziləri isə tamamilə yox olub. Və yalnız riflər deyil, başqa dəniz canlıları və bitkiləri insanların laqeydliyi nəticəsində məhv olur. Ceyson Teylor yaratdığı ekspozisiya ilə bəşəriyyəti dənizi və dənizin dibindəki ən gözəl varlıq olan mərcan riflərini qorumağa çağırırdı. Riflər balıqların və dənizdəki digər canlıların yaşaması və artması üçün vacib əhəmiyyət kəsb edir.

Heykəllərin bəzilərinin üzəri artıq riflərlə örtülüdür. Teylor məxsusən bunun üçün onların üzərində dəliklər də açıb ki, riflər asanlıqla özlərinə yer edə bilsin. Heykəllər zaman keçdikcə deformasiyaya uğraya, hətta tamamilə sıradan cıxa bilərlər. İnsanın bədən fiqurunda təbii bir varlığın özünə yuva salması və orda yaşaması həm də təbiətlə insanın vəhdətinə və bizim təbiətdən asılılığımıza işarədir.

Ekspozisiyanın bəzi hissələrində isə süni riflərdən istifadə olunub. Elə buna görə də muzeyin ekspozisiyası balıqların, tısbağaların və başqa canlıların sevimli məskəninə çevrilib.

Bir dəfə Ceyson Teylordan soruşurlar: "Belə getsə heykəllər tamamilə riflərlə örtülə və öz formasını itirə bilər. Bu sizi narahat etmir?" O, cavab verib: "Mən bunu düşünmüşəm, o halda biz heykəlləri restavrasiya edəcək, ya da onları yeniləri ilə əvəzləyəcəyik. Yetər ki, dənizə və onun sakinlərinə bir az yaxşılıq edə bilək."

Adi heykəllərdən fərqli olaraq Teylorun daş insanları xüsusi texnika və materiallarla düzəldilib ki, su axını və yırtıcı heyvanlar onları məhv edə bilməsin. Fiqurların təhlükəsizliyini qorumaq üçün həm də onlar ağırlığı iki ton olan postamentin üzərində yerləşdirilib. Heç bir fırtına və nəhəng dalğa bu sakit insan ordusunu yerindən tərpənməyə məcbur edə bilməz.

Muzeyin ekspozisiyası "Səssiz təkamül" adlanır. Burda təsvir olunmuş insanlar çox səssiz , emosiyasız görünürlər. Təəccüblü olsa da onların hamısının gözləri yumuludur, sanki yuxuya gedib və ya qəflətən daşa dönüblər. Ekspozisiyada mayya dövründən başlayaraq bu günə qədər yol keçən zaman kəsimin insanlarını görmək mümkündür.

Burda hər gün rast gələ biləcəyimiz sadə adamlar təsvir olunub - səksən beş yaşlı qarıdan tutmuş, üç yaşlı uşağa qədər. Müxtəlif sənət sahibləri olan bu insanları (mühasib, akrobat, tələbə, bağban və başqa) birləşdirən bir cəhət var - onlar hamısı yorğun və qəmgin görünür.

Muzeyi dayvinqlə məşğul olanlar, yəni dənizin altında üzməyi bacaran insanlar seyr edə bilər. O qədər də uzun çəkməyən bu səyahətdə tamaşaşıları təcrübəli gid müşayiət edir. Bunu bacarmayan turistlər isə adətən muzeyi şəffaf döşəməsi olan xüsusi gəmilərdən seyr edirlər.

Onsuz da kurort şəhəri olan Kankun dənizin altında yaradılan bu muzeydən sonra daha da məşhurlaşdı, dünyanın hər yerindən buraya turist axını başladı. Muzeyi ildə yeddi yüz əlli min turist ziyarət edir. İnsanlar ekspozisiyanın ətrafında üzür, onu öyrənməyə və anlamağa çalışırlar.

Demək olar ki, şəhərin bütün otellərində turistlərə suyun altındakı heyrətamiz muzeyə baş çəkməyi məsləhət görürlər. Muzeydə olmuş insanların sözlərinə görə ilk əvvəl "Səssiz təkamül" onlarda qorxu və təlaş hissi yaradıb, muzeyin ətrafında bir az üzdükdən sonra isə onlar su altındakı bu möhtəşəm və gözəl ekspozisiyanın sehrinə düşərək burda daha çox vaxt keçirmək istəyiblər.

Su altında heykəlllər canlı insan təsiri bağışlayır, gözləri yumulu olsa da, sanki bu dəqiqə dil açıb danışacaqlar. Ceyson Teylorun suyun altında daşa döndərdiyi bu insan toplumu vücudlarında riflərin boy atmasına yer verməklə, quruda ömür sürən hər kəsi təbiəti və canlıları incitməməyə çağırır. Zaman keçdikcə üzəri mamır və riflərlə örtülüb tanınmaz hala düşən heykəllər özlərini dənizə, balıqlara qurban verir.

Hazırda Kankun muzeyi dünyanın ən tanınmış və ən gözəl sualtı muzeyi hesab olunur. Muzeydə yenə də yeni heykəllərin yaradılması ehtimalı var. Ceyson Teylor deyir: "Məndən layihənin nə zaman başa çatacağını soruşurlar. Halbuki bu, hələ başlanğıcdır".

Təbiət bu əvəzsiz qayğıya görə öz minnətdarlığını daim heykəllərin ətrafında sayrışan balıqların, dəniz canlılarının vasitəsilə bildirir. Dəniz heyvanları onların vətənində məskunlaşmış cansız, ziyansız, xeyirxah insanları tanıdıqdan sonra onların dünyasını çirkləndirən, rifləri qoparan canlı insanların niyə belə davrandıqlarını düşünməyə başladılar, amma hələ də bu suala cavab tapa bilməyiblər...

Təranə QURBANLI


Müəllif:

Oxşar xəbərlər