Söz ustası, məzəli insan, meyxanada öz tərzi ilə seçilən Bayram Kürdəxanılı dünyasını dəyişdi. Millətimin daha bir sənətçisi, dövlətimin daha bir vətəndaşı bizi tərk edib əbədi evinə getdi. Məkanın cənnət olsun, ustad! Bir-birinizin qədrini bilin. Dua edin, dəstək olun.... Yoxsa profilə şaxtababa, yaxud da Şakiranın fotosunu qoyub bir-birinizi tanımadığınız halda səhifələrdə nalayiq sözlər yazmayın. Ömür qısadır.
Gülə-gülə, ustad! Azalırıq, amma düzəlmirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov bu gün gecə saatlarında dünyasını dəyişən Bayram Kürdəxanılı üçün yazıb.
Tanınmış meyxanaçı Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) bu gecə toy mərasimindən evə qayıdarkən Kürdəxanı qəsəbəsi ərazisindəki yolu keçən zaman avtomobil onu vuraraq, ölümcül yaralayıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Bəs Bayram Kürdəxanılı kim idi?
O, 1962-ci il dekabrın 31-də Kürdəxanıda doğulub. Bu il yeni il bayramında 55 illik yubileyini qeyd edəcəkdi.
Müsahibələrində həmişə deyirdi ki, meyxana sənətinə şeir deyə-deyə gəlib. Əvvəllər başqalarının yazdığı şeirləri, sonralar isə özünün yazdıqlarını deyib. Daha sonra isə yazmağa ehtiyac qalmayıb. Bir də görüb ki, hamı onu bədahətən deyən söz ustadı kimi tanıyır:
“Meyxanaya marağım çox idi. Şeiriyyatı yaxşı bilirdim. Elə bu marağımın sayəsində toylarda pul qazanmağa başladım”.
Gənc yaşlarından tanınmasa da, 2000-ci illərdə ovaxtkı ANS telekanalında “De gəlsin!”, “Söz qalası” kimi verilişlərin efirində tez-tez görünməyə başlamışdı. Meyxana dediyi həmin verilişlərin reytinqi çox yüksək gəlirdi, həmin görüntülər sonralar yarım milyondan çox baxış sayı yığırdı.
Hərəkətlərində və danışığında bəzən idarəsizlik hallarına yol verdiyi və bir az da səsi xırıltılı olduğu üçün onun adı tez-tez narkotikdə hallanırdı. Amma özü də bunu eitraf edirdi. Hərdən narkotikdən istifadə etdiyini danmırdı. Elə buna görə də həbs olunmuşdu. 2015-ci ilin fevralında azadlıqdan çıxan Bayram mətbuata ifadəsində də belə demişdi:
“Mənə şər atmışdılar, demişdilər ki, guya narkotik üstündə tutulmuşam. Əslində, mən başqa səbəbdən həbs olunmuşam. Bir nəfəri döymüşdüm... İndi evimdə, ailəmin içindəyəm. Buna çox sevinirəm”.
Bayram Kürdəxanılının həbsxana həyatı əslində daha əvvəldən başlamışdı. O, 1988-ci ildə Rusiyadakı həbsxanada yatdığını özü etiraf etmişdi:
“O vaxt həbsxanalarda nə telefon xətti vardı, nə başqa bir şey. Elə bil ki, qapalı bir qutunun içinə düşürdün və onda güclü həsrət başlayırdı. Ailən üçün darıxırdın. Öz də ki, qərib ölkədə vətən həsrəti də əlavə olunurdu bu ailə həsrətinin böyrünə”.
Bayram Kürdəxanılının meyxanaları bu gün də dillər əzbəridir. “1,2,3,4,5,6,7,8”, “Nə oldu sənə, nə oldu” kimi məşhur qafiyələr Bayram Kürdəxanılının adı ilə bağlıdır.
Sənətçi həmkarları ilə hər zaman dostluq edib. Amma bu gün dostları onun üçün göz yaşı tökdülər. Bayram Kürdəxanılı bir neçə saat öncə Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu. Həmkarı Namiq Məna ona olan ürək sözlərini dəfn mərasimində ifadə etdi:
“30 ildir dostluq edirdik. Bizi təkcə sənət birləşdirmirdi, ailəvi dostluğumuz var idi. Mənim üçün onun ölümü çox çətindir. Böyük bir sənətkarı itirdik. Vaxt olub ki, onun səsi ilə yuxuya getmişəm. Onun da öz dərdləri var idi... Qardaşını, bacısını itirmişdi. Dərdini mənimlə bölüşürdü. Dünən 1 saat danışdıq. Dedi ki, studiyada bir neçə yeni meyxana yazmaq istəyir. Onun çox az lent yazısı vardı”.