"Miss & Mister Planet- 2017" beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək modellərin adları bəlli olub.
Teleqraf.com xəbər verir ki, keçənilki uğurlu nəticələrə görə bu dəfə ölkəmizə müsabiqədə 4 iştirakçı ilə təmsil olunmaq hüququ verilib.
Belə ki, bu yarışda Azərbaycanı Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov təmsil edəcəklər. Bu isə o deməkdir ki, artıq «Miss & Mister Planet Azerbaijan 2017» titulu onlara aiddir. Qeyd etmək lazımdır ki, peşakar model kimi fəaliyyət göstərən Günel Məmmədova istər ölkəmizdə, istərsə də xaricdə keçirilən layihələrdə uğurlu nəticələrə imza atıb.
Digər təmsilçimiz Fəxri Qasımov teleməkanda maraqlı layihələrdən hesab olunan "Özünə bax" zövq yarışmasının qalibi olub. Model fəaliyyəti ilə məşğul olan Elşad Məhərrəmov isə həmçinin aktyor kimi seriallarda çəkilir.
Sözügedən müsabiqədə qardaş ölkə olan Türkiyəni həmyerlimiz Həmidə Hacızadə təmsil edəcək. Uzun müddətdir ki, Türkiyədə yaşayan və model kimi fəaliyyət göstərən Həmidə yerli medianın gündəmindədir.
Qonşu Rusiyanı isə bu müsabiqədə tanınmış model İrina Vəzirova təmsil edəcək.
Qeyd edək ki, “Miss & Mister Planet 2017” beynəlxəlq müsabiqəsinin milli direktoru Aqil Məmiyev, koordinatoru isə Vüqar Səfərlidir.
Xatırladaq ki, müsabiqə 11-17 sentyabr tarixləri aralığında Euphoria Batumi otelində keçiriləcək.