20 Dekabr 2017 09:15
23 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı tarix üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərovdur.

Tanıtım: Ələkbər Ələkbərov 1955-ci ildə Bakıda anadan olub. Əslən Gəncəlidir. 1975-ci ildə tar ixtisası üzrə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirib. Orada ilk muğam təhslini respublikanın xalq artisti Əhməd Bakıxanovdan alıb. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, 1997-ci ildə Azərbaycan Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1992-ci ildə ”Səlcuq işğalı ərəfəsində Azərbaycanın şimalla əlaqələri (IX əsrin ortaları-XI əsrin 60-cı illəri)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Rəsmi opponenti akademik Ziya Bünyadov olub. Ankarada, Budapeştdə, Mahaçqalada və Ufada beynəlxalq elmi konfranslarda məruzələrlə iştirak edib. 70-ə yaxın elmi və publisistik məqalənin müəllifidir. 2011-ci ildə ”Тюрки Азербайджана” adlı monoqrafiyası işıq üzü görüb. Elmi yaradıcılığı Azərbaycanın etnogenez problemlərinin öyrənilməsinə həsr edilib. Araşdırmaları tarixlə yanaşı din, fəlsəfə, dil (etimologiya) və musiqi məsələlərinin öyrənilməsini əhatə edir. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Humanitar və sosial fənlər kafedrasının dosentidir.

Səxavət Həmid: – Ələkbər müəllim, tarixə bu qədər maraq hardandır?

– Məncə, bu qanla və irslə keçən bir keyfiyyətdir. Ana tərəfdən ulu babam məşhur bir tarixçidir. Biz əfşar nəslindənik. Hövsan kəndində ana nəslim onun adı ilə tanınır və nəsil onun adını özünə soykökü seçib. Anamın babası Nəcəfdə 40 il təhsil alıb, sonralar Afina və İstanbulda dərs dedikdən sonra Bakıya qayıdıb. Tanınmış ruhani idi və Bakıda ”Səadət” məktəbində müəllimlik edib. 1918-ci ildə erməni-müsəlman qırğınında Hövsana qayıdıb, 1934-cü ildə orada rəhmətə gedib. Özümə gəldikdə... Ana babam 60-cı illərin əvvəlində – uşaqlıqda mənə həmişə deyərdi: – Yadında saxla biz türkük və bizim qədim tariximiz var.

Yadımdadır, birinci dəfə 1961-ci ildə ”Bir qalanın sirri” filminə baxanda 6 yaşım var idi. Mən – rusdilli bir uşaq bu filmə baxanda orda özümü gördüm və bizim bütün adət-ənənələrimizi sevdim. Maraqlıdır ki, bu filmə baxdıqdan sonra mən bütün Azərbaycan nağıllarını dəfələrlə oxudum. Bunun nəticəsi idi ki, Allah mənə tar ixtisası üzrə peşəkar məktəbi bitirməyə imkan yaratdı. Hələ uşaq olarkən mən xalqımın soykökünə maraq göstərir, yaşlı adamlarla bu barədə söhbətlərdə iştirak edərdim. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdim. Orada oxuyarkən məşhur alimimiz Yusif Yusifovla tanış oldum və o mənə elmi yaradıcılıqla məşğul olmağı məsləhət gördü. Artıq bu ərəfədə mən iki illik ərəb dili kurslarını bitirmişdim və 1986-cı ildə APİ-nin nəzdində dissertant kimi ”Azərbaycan səlcuq işğalı ərəfəsində” adlı namizədlik dissertasiyasının üzərində işləməyə başladım. Elmi rəhbərim də Yusif müəllim oldu. Təbii ki, Azərbaycan, rus və ingilis dillərini bilmək həmin dövrdə elmi işlə məşğul olmaq üçün zəruri idi. Amma dissertasiyanı yazdıqda alman tədqiqatçılarının əsərləri ilə tanış olmaq üçün bir il alman dili kurslarına getməli oldum. 1990-cı ilin yanvarında dissertasiyanı yekunlaşdırmaq üçün Leninqrada yollandım və orada S.Q. Klyaştornının şöbəsində işimi yekunlaşdırdım. Onun köməyi ilə orada bir çox müsəlman qaynaqları ilə tanış oldum. Amma burada polyak və bolqar dilində oxumaq məcburiyyəti qarşısında qaldım. Rus dilini bilməyim bunların öhdəsindən gəlməyə kömək etdi. Leninqradda olarkən L.N.Qumilyov və məşhur ərəbşünas O.Q.Bolşakovla tanış oldum. 1992-ci ildə müdafiədə əsas opponentim xatirəsini indi də dünyalar qədər əziz tutduğum Ziya Bünyadov idi. Məhz onun iradəsi mənim müdafiəmin həmin vaxt Tarix İnstitutunda uğurla keçməsinə imkan yaratdı. Müdafiə ərəfəsində Ziya müəllim mənə yəhudi dili ilə də məşğul olmağı tövsiyyə etdi. Buna görə də 1998-ci ilə Soxnut nəzdində yəhudi dil kursuna getdim.

Pərviz Cəbrayıl: – Əsərlərinizin, araşdırmalarınızın əksəriyyəti rus dilində yayımlanır. Onlar ana dilimizə çevrilibmi? Haradan tapıb oxumaq olar?

– Mən bütün işlərimi əvvəllər rus dilində təqdim etmişəm. Təbii ki, burada mənim rusdilli olmağım əsas şərtlərdən idi. Burada mən heç bir qəbahət görmürəm. Amma mən bir çox hallarda məqalələrimi bilərəkdən rus dilində yazmışam. Mənim axtarışlarım bizim tariximizi saxtalaşdıran rus, erməni, gürcü və yəhudi tədqiqatçılarına cavabım idi, belə ki, onlar bizim dilimizdə oxumayacaqdılar. Son zamanlar Azərbaycan dilində də məqalələrim az deyil. Onların hamısı internetdə oxuculara təqdim edilib.

Zahid Nurəliyev: – Yeni araşdırmalarınız varmı? Nə üzərində çalışırsınız? Hazırda harada işləyirsiniz?

– Müdafiədən sonra uzun müddət Azərbaycan Universitetində assistent, sonra müəllim, daha sonra baş müəllim və nəhayət dosent vəzifələrində çalışdım. 2008-ci ildə doktorluq dissertasiyası ilə əlaqədar AMEA-nın Tarix İnstitutuna işə dəvət olundum. 2013-cü ildən indiyə kimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dosent vəzifəsində çalışıram.

Yenə də ilahi qismət... İki oğlum var. Hər ikisi Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra adıçəkilən ali hərbi məktəbə daxil oldular. Liseyi uğurla bitirdikləri və bir sıra müsbət göstəricilərinə görə oğlanlarımın hər ikisi bu məktəbdən Sankt-Peterburqa – Mixaylovsk Akademiyasına təhsillərini davam etmək üçün göndərildi. Böyük oğlum artıq zabitdir, kiçiyi orada V kursda təhsilini davam etdirir.

Hazırda hərbi məktəbdə tədrisi davm etdirməklə yanaşı elmi fəaliyyətlə də məşğul oluram. Məsələn, hal-hazırda Türk Tarixi Qurumunda keçiriləcək konfrans üçün məqaləmi başa vurmaqdayam.

Ruslan Xəlil: – Rusdilli internet forumlarda tarixçi İqrar Əliyevin qədim pəhləvi, şumer, akkad və sair dilləri bilməsi sayəsində qədim tarixi Sizdən daha düzgün qiymətləndirdiyi fikri səsləndirilir. Bu forumçulara nə cavab verərdiniz?

– Bilirsiz, insanın bir mövqeyi olar. Bu elm sahəsinə də aid olan keyfiyyətdir. Əfsuslar olsun ki, bir çox tarixçilər konyunktur tarixçilərdir. Məsələn, hamımıza tanış olam A.P.Novoseltsev rus tarixşünaslığında əvvəl antinormanist kimi çıxış etsə də, sovetlər dağılmağa başlayan kimi normanistlərin tərəfdarı oldu.

Belə tədqiqatçılardan biri də İqrar Əliyevdir. Onun ölü dilləri nə dərəcədə bilməsini deyə bilmərəm. Amma zənnimcə, o özü də bilmirdi ki, ”bu tədqiqatlarından” nə istəyir, çünki onun ”elmi yaradıcılığından” heç bir nəticəyə gəlmək mümkün deyil. Mən bunları ona açıq məktubumda yazmışam və bu məktub internet saytlarında yerləşdirilib.

Mənə bu məsələdə irad tutanlar kimlərdir? Bunların hamısı türkçülüyə düşmən gözü ilə baxan və tarixdən uzaq insanlardır. Buna görə də məni onların yazdıqları qətiyyən maraqlandırmır və mən heç vaxt mövqeyimi dəyişmək fikrində deyiləm.

Xəzər Süleymanlı: – Sizin muğamla bağlı özünəməxsus, tarixi-linqvistik-poetik-musiqişünaslıq yönündə araşdırmalarınız var. Onlar ana dilimizdə işıq üzü gördümü, yoxsa hələ də ancaq rus dilindədir?

– Valideynlərim məni akkordeonçu görmək istəyirdilər. Amma uşaqlıqdan mən babamgildə böyüdüyüm üçün məni maraqlandıran suallara xalam cavab verərdi və milli musiqimizə sevgini məndə o oyatmışdı. Mən 4-cü sinfə keçəndə musiqi məktəbinə qəbul oldum. Musiqi məktəbinə babamla getmişdim. İxtisaslar arasında akkordeon ixtisası olmadığı üçün bir rus müəllimə mənə başqa alətin seçilməsini təklif etdi. Bu qadın məndən, hələ dilimizi mükəmməl bilməyən sarışın uşaqdan, ”balaban” sözünü eşidəndə duruxdu. Babam da məəttəl qaldı. Rus müdir müavini mənə skripka, piano, klarnet və violonçel təklif edəndə, mən ondan kamançanı soruşdum və o babama baxıb mənə tar ixtisasının olduğunu söylədi. Çox sevindim. Bu xalamın ideyası idi. Sonralar bütün uğurlarımı onunla bölüşür və ilk öyrəndiyim muğamı onun üçün ifa edərdim. Musiqi məktəbinin üçüncü sinfində oxuyanda atam mənə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul olmağı təklif etdi. Doğrusu, babam məni həkim, yaxud mühəndis görmək istəyirdi. Lakim mən oxumağı qərara aldım və 1971-ci ildə musiqi məktəbinə daxil oldum. Bəxtimdən iki il mənə ustadımız Əhməd Bakıxanov dərs dedi. Ondan sonra Elxan Müzəffərovun sinfində muğam biliklərimi zənginləşdirdim. Arada Hacıbaba Hüseynovun sinfinə xanəndələri müşaiyət etməyə də gedərdim. Bütün bunlar muğama məhəbbətimi gün-gündən artırırdı. Amma həyatımda əsas dönüşü və tariximizə sevgini Üzeyir Hacıbəylinin ”Klassik musiqimizin əsasları” kitabından tarixi arayış yaratdı. Təhsil aldığım dövrdə onu bəlkə də 20 dəfədən çox oxudum. Təbii ki, sonralar bu bilgilər mənə tarixlə yanaşı muğamla bağlı tədqiqatların aparılmasında yardım etdi. 1999-cu ildə rus dilində və 2000-ci ildə Azərbaycan dilində muğamla bağlı ilk məqalələrim nəşr edildi. Evdən də bu sahədə tədqiqatın aparılmasını istəyirdilər. Nəhayət, 2016-cı ildə ”Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair” elmi məqaləm işıq üzü gördü. Deyərdim ki, muğamın düzgün öyrənilməməsinin əsas səbəblərindən biri musiqiçilərin tarixi araşdırma apara bilməmələri, tarixçilərin isə muğamı bilməməsidir. Allahdan və dindən uzaq olan adam isə muğamı nə oxuya, nə dərk, nə də şərh edə bilər. Bu aksiomadır. Muğam ilahi bir nəğmə kimi tanrıçılıqdan qidalanıb və onun mənşəyinin samilərə və sami dilindəki “məqam/məkam” sözünə aidiyyatı yoxdur.

Samir İsayev: – Araşdırmalarınızın rusca yox, öz dilimizdə, həmçinin, ingilis dilində kitab formatında nəşr edilməsi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi, mədəniyyət və turizm, təhsil nazirlikləri bir iş görürlərmi? Bu dövlət qurumlarının Sizin çalışmalarınızdan xəbərləri varmı?

– Onların bilib-bilmədikləri haqda xəbərim yoxdur. Mənim ilk kitabım – ”Тюрки Азербайджана” 2011-ci ildə AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə, ikinici kitabım – ”Babək” 2015-ci ildə Azərbaycan Tarix Qurumunun Elmi Şurasının qərarı və Mübariz Məmmədlinin yardımı ilə işıq üzü görüb.

Şəfiqə Nazimqızı: – “Aslardan ruslaradək” araşdırmanıza (məqalənizə) Azərbaycan dilində rast gəlmək olmur. Bunu nə ilə izah edərsiniz?

– Bu məqalə ”İRS-Nasledie” jurnalında çap edilib. Amma Azərbaycan dilində o daha geniş şəkildə kitablarımda verilib və ”Babək”də də ətraflı şərh edilib. Aslar tarixi qaynaqlarda ”Vənəd, Alan, Aşkenaz, Sak, Kaspi, Azər, Xəzər, Qacar” adları ilə tanınıb. Məhz tanrıçılığın əsasını adı çəkilən aslar qoyub və Allahın seçilmiş bəndələri yəhudilər yox, onlardır.

S.Həmid: – “As”, “ar” kimi sözücüklərdən törəmiş “Armen (Ərmən), Artur (Ərtürk), Arsax, Azər” sözlərindən söz açaq. Avropada yayğın olan Albert kişi adı da “Alpər” adındandır, deyilmi?

– Məncə, bu, yalnız zahiri oxşarlıqdır, çünki Avropada ”bert” tərkibli çoxlu adlar var – məsələn, Robert, Şubert, Berta, Doqoberd. Əgər biz Pavel Dyakonun yazdığı kimi türk-bulqar dilini V-VII əsrlərdə germanlar arasında vahid ünsiyyət dili kimi qəbul etsək və burada tanrıçılıq elementlərini nəzərə alsaq, – elə götürək Bozqurd-Siqurd, Kurt, Torkel adlarını – bu halda güman etmək olar ki, Doqoberd (məsələn, qıpçaqlarda itlər, itoğlu, konçak-qancıq) bu halda Doq (it)+berdi vasitəsi ilə Al+berdi (Albert) Tanrıverdi kimi şərh edilə bilər. Məhz Şubert adını da bu səpkidə şərh etmək olar.

P.Cəbrayıl: – Yəhudiliyi qəbul etmiş türklər, tatarlar barədə də danışmağınızı istərdik...

– Sualı başqa cür qoyardım. Türk xilqətdirsə, islam ibadətdir. Yəhudiliyin əsasını da tanrıçılıqdan (əslində islamdan) üz döndərən türklər qoyub. Bunlar aşkenaz (işkuzlar) və ”Quran”da adı çəkilən ad/as tayfasıdır. Xəzərlərin yəhudi olması sonrakı mərhələdir. Amma görünən budur ki, istər yəhudilik, istər xristianlıq, istərsə də buddizmi qəbul edən türklər xalq kimi məhv olub getdi. Yalnız rəsulullahın islamını qəbul edən türklər özlərini ali mərtəbəyə ucalda bildilər, çünki türk və islam anlamları sinonimdir. Peyğəmbərimizin bir hədisində deyilir: ”Özünü dərk et ki, Allahını dərk edərsən”. Demək istəyirəm ki, etnotarixi dəqiq öyrənmək üçün öncə insan ruhunu öyrənmək lazımdır. Buna görə də yalnız materialist düşüncə ilə tarixin dərin qatlarını araşdırmaq olmaz. Konfutsi demişkən, dünyanı ideya və fikirlər deyil, rəmz və işarələr idarə edir. Beləliklə, nə qədər ki, tədqiqatçılarımız mifoloji ”işarəyə”, yəni hərf və rəqəmə qrammatik və riyazi bir kateqoriya kimi yanaşacaqlarsa, onlar həqiqi tarixi öyrənə bilməyəcəklər.

Z.Nurəliyev – Qədim yunanlardan (ellinlərdən) öncə Balkanlarda müəyyən türk qatları olub, deyirlər. “Ellin” sözü də “it eli-İtaliya” sözü kimi bizim sözlərə bənzəyir. Bu mövzular Yunanıstan, İtaliya tarixçiləri ilə birlikdə müzakirə edilibmi?

– İtaliya adının “İt eli” kimi yozumunu tarixşünaslıqda ilk dəfə 1994-cü ildə ”Müsavat” jurnalında “Avropada erkən türklər” adlı məqaləmdə mən vermişəm. Sonra bu problemə 2000-ci ildə ingilis dilində nəşr olunan “On the problem of autohtonity of the turkic population of Garabag” və yenə həmin ildə rus dilində çapdan çıxan “О спорных моментах этнической истории Европы и Передней Азии XIII в. до н.э. – IV в.н.э в свете изучения истории Кавказской Албании” məqalələrimdə bir də toxunmuşam. Bu məsələlərə mən bir daha ətraflı izahatı 2011-ci ildə nəşr olunmuş ”Tюрки Азербайджана” monoqrafiyamda vermişəm. Onu da deməliyəm ki, indi bu məsələlərə tarixçilər arasında maraq böyükdür. Amma onu deyim ki, Romanın patrisiləri elə Azərbaycanda Manna dövlətinin əsasını qoyan tayfa ilə eyni soyköklülərdir ki, onların əsas adları da aslardır. Təəssüf ki, həmin konyuktur tədqiqatçılar tarixi qaynaqlarda olan məlumatları saxtalaşdıraraq “as/alan”ları indiki osetinlərlə eyniləşdirmək istəyir.

R.Xəlil: – Misir fironlarının mumiyalarından alınan genetik analizlər onların türkmənşəli olduğunu deyir. Sizin buna münasibətiniz necədir?

– Misir fironlarının genetik analizlərini aparmamışam. Amma onu deyim ki, qədim Misir ilahi əsatirləri tanrıçılıqdan qidalanıb. Əks təqdirdə Ər-Ar misirlilərdə Ra olmazdı, onun sinonimi isə Hekri–Hekir metateza qaydası ilə ”Gök Ər” anlamını verməzdi.

X.Süleymanlı: – Yəhudi xalqının bu cografiyaya mədəni-tarixi töhfəsi barədə bilmək istərdik. Onlardan assimilyasiyaya uğrayanların olub-olmaması məlumdurmu? Yəni, Azərbaycan xalqının genezisindəki rolu barədə bilmək istərdik...

Yəhudilər haqqında çox danışmaq istəməzdim. Sionist tarixçiləri Aralıq dənizi sahillərinə iddialarını əsalandırmaq üçün köçərilik ideyasını ortaya atmaqla dünya tarixini saxtalaşdırdılar. Amma yəhudi tarixinin alt laylarını araşdırarkən onların əslən türk kökənli olmaları ortaya çıxır. Onlarda Aşkenaz (İşkuz-İskit) adı da burdandır. Yəhudilər tanrıçılıqdan qopmadırlar. Buna görə də onlara Musa peyğəmbər göndərilib. Sionistlər 200 ildir ki, xəzərləri də yəhudiləşdirmək istəyirlər. Bu məsələnin öyrənilməsi hazırda çox aktual və zəruridir.

S.İsayev: – Talış xalqının tarixi Azərbaycanda obyektiv, düzgün işıqlandırılırmı? Onlar forumlarda bununla bağlı narazılıq bildirir. Niyə “kadus” (talış sözünün kadus tayfa adının yunan və ərəb dillərində dəyişikliyə uğramış forması olması yozumu) sözü belə fikri münaqişə yaradır?

– Talış adına gəldikdə mən bu barədə ”Babək” monoqrafiyamda geniş yazmışam. Məsələ ondadır ki, İran tarixçilərinin Babək hərəkatının mərkəzini haradasa Talış, Muğan bölgələri və Xəzər dənizi arasında yerləşdirməsi sözügedən məsələnin öyrənilməsində Babəkin hətta “talış” olması haqqda “ideya”nın meydana gəlməsi üçün şərait yaratdı. Bu cür həvəskar tədqiqatçıların diletant mülahizələrinə görə, Babəkin adı əslində talış dilindən “Popok” kimi səsləndirilməlidir. Yəni, həmin elm həvəskarlarının qənaətinə görə, “Babək” adı sonralar türklər tərəfindən təhrif olunmuş fars “Papaq” sözüdür. Babəkin talış əsilli olmasını iddia edən həmin həvəskarların qənaətinə görə isə əslində “Papak” adı talışcadan “po/addım” və “pok/təmiz(pak)” kimi şərh edilməlidir ki, həmin ad da ona doğulan vaxt verilib. “Popok” adının “Babək” adına keçməsini isə həmin həvəskarlar onunla əsaslandırırlar ki, ərəb dilində “p” səsinin/hərfinin olmaması ilə əlaqədar, onlar həmin işarəni “b“ səsi ilə əvəz edərək onu Babək kimi tələffüz etdilər. Bu cür populist və absurd mülahizələr nəticəsində “Popok” guya əvvəl “Bobok”, sonra isə Azərbaycan SSR-də onun talış variantı təhrif olunaraq “Babək” oldu. Əlbəttə ki, bu cür savadsız məqalələrə fikir verməmək də olardı. Lakin bu savadsız fikirlər son vaxtlar tez-tez səsləndiyindən onlara cavab verməmək olmur. Çünki onlar – bu cür düşünənlər bir az da inkişaf edərək, Azərbaycanın qədim türk soylu tayfaları olan kadusi və kaspiləri irandilli adlandırıb az qala müasir talışların əcdadları kimi təqdim etməyə cəhd etdilər.

Bu həvəskarların mülahizələri mənə vaxtilə P.M.Geruni adlı bir erməni “tədqiqatçısının” nəticələrini xatırladır. Belə ki, həmin “alim”in mülahizələrinə görə qədim türk torpaqlarında, İrəvanın 200 kilometrliyində, Sisyan şəhəri yaxınlığına, əslində, qədim Azərbaycan torpaqlarında, eradan əvvəl V minilliyə aid “qədim erməni rəsədxanası” aşkar edilib. Yəni həmin P.M.Geruninin bu “elmi nəticələrinə” görə Qafqazda erməni mədəniyyəti hətta Misir və şumer mədəniyyətlərindən qədimdir. Onun “elmi nailiyyətlərindən” biri də budur ki, guya əslində yunan “matematika/riyaziyyat” sözü erməni mənşəlidir və o “hay/şurtvas”ların dilində “mat-e-mat-ika” “barmaq barmağın dalınca gedir” deməkdir. Guya sonralar yunanlar bu sözü onlardan mənimsəyiblər. Bu misalı biz “etimologiya” ilə maraqlananlar üçün çəkdik.

Qeyd etmək lazımdır ki, həmin həvəskarların Babək haqqında mülahizələri bir çox ziddiyyətlərlə müşahidə olunur. Deyək ki, guya Babək əslində “Bobok”dur və bu ad yalnız Sovet Azərbaycanında “Babək” kimi təqdim edilib. Bəs necə oldu ki, ərəblərdə “о/و” uzun səsini bildirmək üçün müvafiq işarələr olduğu halda, onlar birdən birə “b” hərfindən sonra “əlif" ا / işarəsini işlədərək, onu ”بوبك/Bobok” kimi deyil, məhz “بابک/Babək” kimi verdilər. Məsələn, 1797-ci ildə Şuşa əhalisi adından şah Ağa Məhəmməd Qacarla şəhərin təslim olması haqqında müqavilə imzalayan şəxs “Hacı Babək” idi. “Babək” adı həmin yazılış formasında XIX əsrdə Abbasqulu Ağa Bakıxanovun “Gülüstan-i İrəm” əsərində də həmin formada əks olunmuşdu. Və nəhayət, niyə müsəlman müəllifləri onun minilliklər boyu türklərin üstünlük təşkil etdiyi Azərbaycandan olduğunu qeyd edib, onu heç yerdə talış hesab etmirlər? Babək adının talış “Bobok (po/addım+pok/təmiz”) olması haqqında “mülahizələr” özünü bir də ona görə doğrultmur ki, tarixi qaynaqlarda həmin ad “Baban” (ermənilərdə “Babken”) kimi də qeyd olunub, bu da talışcadan “pok“la heç uyğunlaşmır.

Məlumdur ki, müasir talışlar qərbi İran dilində danışan Azərbaycanın etnik qruplarındandırlar. Burada biz bilərəkdən “müasir talışlar” anlamını işlədirik, çünki tədqiqatlar sübut edir ki, tarixi “talış” adı türk arealı ilə bağlı olan etnik bir addır. Məsələn, Azərbaycanın inzibati vahidlərindən olan Masallıda hazırda “Türkoba” kəndi var. Maraqlıdır ki, oranın əhalisi türklər deyil və hazırda orada bizim “talış” adlandırdığımız xalq yaşayır. Bu isə onu sübut edir ki, tarixi “talış”lar heç də irandilli olmayıblar.

Güman olunur ki, erkən müsəlman qaynaqlarında istifadə olunan “Taylasan” yer adı fars “talışan” adının ərəb dilində istifadəsidir. Həmin qaynaqlardan isə aydın olur ki, Taylasan hardasa Qəzvinin, əl-Bəbrin qonşuluğunda, Gilanla Muğan arasında yerləşirdi.

Onu da deməliyik ki, hazırda “talış” toponimi Şimali Azərbaycanda Ağsu, Quba, İsmayıllı, Sabirabad və Şəmkirdə əksini tapıb. Oranın yerli əhalisi heç də irandilli deyil, türkdür. Bəzi mülahizələrə görə “talış” adının bu ərazilərdə yayılması XV-XVI əsrlərdə baş verən hadisələrlə bağlı idi ki, həmin vaxt qızılbaşların arasında “talış”lar da olub. Lakin bu mülahizələr heç də inandırıcı deyil.

Birincisi budur ki, deyilən kimi, həmin ərzinin əhalisi əslən türkdür. İrandillilərin burada türklər tərəfindən assimilyasiya olması inandırıcı deyil, çünki əgər yerli türklər burada yaşayan bir sıra xırda, o cümlədən tat, kürd, ləzgi, qrız və sair xalqları assimilyasiya etməyiblərsə, talışların tarixin hansısa mərhələsində həmin proseslərə məruz qalması, daha doğrusu “türkləşməsi” mümkün deyil və inandırıcı görünmür. Qaynaqlara əsasən onların adı çəkilən ərazilərə gəlişi I Şah Abbas dövründə şahsevənlər tərkibində baş verib. Həmin vaxt şahsevənlər Azərbaycanın hər iki hissəsində, əsasən də Muğan çölündə yaşayırdılar. Tədqiqatçıların qənaətinə görə, həmin vaxt şahsevənlər üç qola bölünmüşdülər. Birincisi Yunsur paşanın başçılığı ilə sərxanlı, qocabəyli, bəndəlibəyli, poladbəyli, quzatbəyli bölmələrdən ibarət idi. Kürd bəyin üç oğlu, şahsevənlərin məşhur nəslinin başçıları Polat bəy, Dəmir bəy və Kozlat bəyin adları ilə Polatlı, Dəmirçi və Kozlatlı boyları adlandı. Bundan əlavə Kürd bəyin başçılığı ilə ikinci qol talış-mikayıllı, xəlfəli, muğanlı, udullu, zərgər və digərlərindən ibarət idi. Nəhayət, Yunsur paşanın başçılğı ilə olan üçüncü qol da iraqlı, pirheybətli, korabbaslı, bərguşad, pusian kimi milli tayfalardan ibarət idi. M.V.Vəliyev (Baharlının) yazdığına görə isə həmin şahsevən tayfalarına tezliklə Türkiyədən gələn iki səlcuqlu nəsli də qoşuldu. Bunlar bəkdli və ipollı nəsilləri idi. Bəkdili nəslindən də sonra Cilovlu, Çaxarlı və Kobadlı oymaqları yarandı. Göründüyü kimi, burada adı çəkilən tayfalar türk “-lı/-li” mənsubiyyət şəkilçisi ilə ifadə edilir. Burada “Kürd” adının istifadəsi də oxucuları dolaşığa salmamalıdır, çünki bu “Qurd” adının təhrifə məruz qalan formasıdır.

İkincisi, Azərbaycan xalqının etnogenez məsələlərinin araşdırılmasında mühüm etnoqrafik mənbələrdən biri də Azərbaycan muğamıdır. Orda şübhəsiz irandillilərin də iştirakı müxtəlif etnik adlar öz əksini tapıb. Azərbaycan muğamında Hicaz, Mavərənnəhr, İraq, Bayatı-kürd, Şikəsteyi fars və sair kimi toponimik və etnik adlar öz əksini tapıb. Yəni, Azərbaycan muğamında Adurbadaqanın zərdüşt əhalisi gebrlarla bağlı Nəva-Nişabur dəstgahında “gəbri” adı əks olunduğu halda, orada özlərini İran mədəniyyətinin daşıyıcıları və Atropatena xalqının varisi kimi təqdim etmək istəyən indiki, hətta tarixi talışlar haqqında heç bir məlumat yoxdur. Məsələn, Azərbaycan muğamında qızılbaşlarla bağlı – qacar, əfşar, heydəri anlamları əks olunub. Hətta, Bayatı-qacar dəstgahı Səfəvi sufi/irfan şiə ordeninin başçısı olan Şah İsmayılın adını daşıyan “Şah İsmayıl” şöbəsi ilə bitir. Bu faktlara əsaslanaraq demək olar ki, 751-ci ildə ərəblərlə türklərin Çin ordusunun məğlub etdikləri “Talas” döyüşündə adı çəkilən çayın adı bilavasitə dediyimiz “talış” adı ilə bağlıdır. Qaynaqlarda “talış” adının ilk dəfə əks olunması isə Hafiz Əbrunun adı ilə bağlıdır. Bu müəllif Çobanilərdən danışarkən yazırdı: “Əmir Çobanın doqquz oğlu var idi: Onlardan böyüyü – Əmir Həsən Xorasan, Mazandaran və Əbu Səidin şərqində olan ölkələri idarə edirdi. Onun üç oğlu var idi: Talış oğlanlarından böyüyü, İsfahan, Pars və Kirmanın idarəsi ona məxsus idi”. Bir çox tədqiqatçıların Çobaniləri “monqol” kimi təqdim etmək istədiklərinə baxmayaraq, Hülaku vəziri Rəşidəddin Çingiz xanın mənşəyi haqqındakı bölməsində bu ad “hazırda monqollara oxşayan başqa xalqlara aid edilir... Sonuncular türk xalqlarından biri idi” yazırdı. Artıq bu faktlar tarixi “talış” adının İran dilləri ilə heç bir əlaqəsinin olmamasını sübut edir.

Ş.Nazimqızı: – İsa Muğannanın etno-linqvik-tarixi-fəlsəfi fikirlərinə münasibətiniz necədir?

– Mən onun ”İdeal” romanının ilk variantını 1986-cı ildə oxudum. Roman məni daha da düşünməyə vadar etdi. İstədim onunla görüşəm. Amma çox təəssüf, dedilər ki, heç kəslə görüşmür... Bununla belə onun bu informasiyası sonralar mənə tədqiqatlarımda ”açar” rolunu oynadı. Bəlkə də onun yazdıqları bəzən yazıçı təxəyyülü əsasında inkişaf edib. Bəzən orada uyğunsuzluqlar və onun əsassız şərhləri də var. Məsələn, o yazır ki, pəhləvilər yəhudilərdir. Mən bunu çox araşdırdım. Amma sonra anladım ki, bu analogiya erməni yazıçılarının təxribatıdır. Bununla da onlar özlərini İbrahim nəslinə bağlamağa çalışırlar. Halbuki, pəhləvilər əslən türkdürlər, amma təəssüf ki, ingilis fitnəsinə uyan və siyasi vasitəyə dönən alət oldular. Ankarada Atatürkün məqbərəsini ziyarət edəndə orada Atatürklə Rza şahın şəklinə rast gəldim. Sonralar internetdə həmin görüşün videoyazısını aşkar etdim. Maraqlısı da budur ki, Rza şah orada bizim türkcədə danışır.

Amma bütövlükdə mən İsa Hüseynovu öz ”Azərbaycançılıq konsepsiya”mı yaratmaqda əsas istiqamətverici mənbə kimi qəbul edib ona minnətdaram. Allah ona rəhmət eləsin.

Bir maraqlı faktı da deyim. İsa Muğanna adının məni cəlb etməsini təsadüfi saymıram. Atamın nəsli Gəncənin Bağmanlar hissəsində yaşayır. Bağman da həmin Muğanna ilə eyni anlamı verir – Allah adamı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər