27 Fevral 2018 09:15
23 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babasər kəndində oxuyub.

Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995). Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs alıb.

1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda xidməti müqavilə ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edir.

Teleqraf.com-un “Məşhur məktublar” layihəsinin növbəti həmsöhbəti əməkdar artist Elşən Rüstəmovdur.

Məktubu Lütfi Məmmədbəyli verdi

“Əvvəllər insanların bir-birilərinə məktub yazmaq vərdişi vardı. Özü də çox həvəslə yazardılar. Elə məktubu açıb oxumaq da insanı həyəcanlandırırdı.

Aldığım ilk məktubu təəssüf ki, xatırlamıram. Yadımda qalan dostlarımdan, tələbə vaxtı isə xüsusilə xanımlardan aldığım məktublardır. Onları çox həvəslə oxuyurdum, səbirsizliklə cavab gözləyirdim.

Səhnə yaradıcılığına başlayandan sonra aldığım ən yadda qalan məktubu İrandan şairlər göndərmişdilər. “İtkin gəlin” teleserialı Azərbaycan televiziyasında nümayiş olunanda səs-küy doğurdu. İranda serialı izləyən bir qrup şair tək mənə yox, Əfsanə rolunu oynayan Məleykə Əsədovaya da məktub yazmışdı. Məktublar televiziyaya göndərilmişdi, serialın rejissoru Lütfi Məmmədbəyli vasitəsilə ondan xəbər tutdum. Yadımdadır, o özü məktubları bizə sevinə-sevinə verdi. Çətin zamanlar idi, min bir əziyyət hesabına ərsəyə gətirilən serialın belə sevilməsi onu, bizi, bütün yaradıcı heyəti çox sevindirirdi.

Məktubu 20-25 şair yazmışdı. Serialı, rolumuzu bəyəndiklərini, qəhrəmanların həyatına acıdıqlarını yazırdılar. Serial əfqan həyatına işıq tuturdu, bu həyat iranlıların da məişətinə, həyatına yaxın idi.

Məktubu hələ də saxlayıram, bura gələndə gətirmək fikrim vardı. Təəssüf, tapa bilmədim”.

Xanımlardan gələn məktublar

“Dostlarımın, yaxınlarımın məktublarına mən də cavab yazmışam. Xanımlardan aldığım məktublara tam olaraq sevgi məktubları demək olmazdı, amma belə götürəndə məzmunda sevgi, rəğbət duyğuları da olurdu.

Yalan deməyəcəm, bəzilərinə cavab da yazmışam. O vaxt oturub həvəslə məktub yazmağım indi mənə qəribə gəlir”.

Tamaşa vaxtı çökən döşəmə...

“Yaradıcı qabiliyyətim uşaq yaşlarından özünü göstərib. Məktəbdə tamaşalarımız olurdu, orada böyük həvəslə iştirak edir, rol oynayırdım. İlk rolum Nəcəf bəy Vəzirovun eyni adlı pyesində Hacı Qəmbər idi. Rol üçün özümə geyim tapmışdım, kartondan saqqal düzəltmişdim. Amma ağız yer qoymamışdım. Tamaşanın bir yerində çay içmək üçün stəkanı ağzıma aparanda başa düşdüm ki, içə bilməyəcəm.

Stəkanı təzədən yerinə qoyub oyunumu oynadım. Ucuq-tökük kənd məktəbində oxuyurdum. Tamaşa günü o qədər adam yığılmışdı ki, taxta döşəmə ağırlığa tab gətirməyib çökdü.

Filmlərə baxıb, oradakı qəhrəman obrazlarını uşaq məharətimizlə oynamağa çalışırdıq. “Yeddi oğul istərəm”in məşhur yeddi qəhrəmanını kim oynamağı arzulamazdı ki... Məhəllədəki uşaqlarla Bəxtiyarı, Cəlalı, Mirpaşanı, Qasımı, Qəzənfəri, Şahsuvarı, Zalımoğlunu aramızda bölüşürdük. Hamımız Bəxtiyar olmaq istəyirdik”.

Şeirlərim qəzetdə çap olundu

“Bir-bir ad çəkmək istəmirəm, amma o dövrün böyük aktyorlarında gördüyüm oyunların, əlbəttə, sənətə gəlməyimdə şəksiz rolu vardı.

Amma yadıma gəlmir, hansısa aktyor və aktrisaya məktub yazım, yaxud yazmaq istəyi ürəyimdən keçsin... Bunun səbəbi var: atam yaxşı şeirlər yazırdı, düzü, bir-iki dəfə mən də özümü sınadım, hətta yazdıqlarım qəzetdə də çap olundu. Yaxşı bilirəm ki, mənim şeir yazmaq istedadım yoxdur. Bəlkə buna görə düşünürəm ki, məktublar da çox savadlı, artıq sözə ehtiyac olmadan yazılmalıdır. Ona görə az məktub yazırdım, yazanda da dəfələrlə fikirləşib cümlə qururdum”.

Paylaşmağı sevmirəm...

“İndi zəmanə dəyişib, insanlar məktub yazmaq əvəzinə sosial şəbəkələrdəki ünsiyyətə daha çox üstünlük verirlər. Səmimi deyim ki, bircə sosial şəbəkədə varam, o da Feysbuk profilimdir. Filmdə, serialda, eləcə də səhnədə rolumu görüb bəyənən tamaşaçılar təşəkkürlərini, xoş sözlərini yazırlar. Status demək olar ki, yazmıram, ümumiyyətlə, paylaşmağı sevən adam deyiləm”.

Zanussi Bakıdan gedəndə dedi ki...

“Heç öz gördüyüm işi də təqdim etməyi bacarmıram. Bəli, başa düşürəm ki, bu, mənfi xüsusiyyətdir. Anlayıram ki, indiki zəmanədə aktyorun özü haqda məlumatı – yaxşı tərtib edilmiş CV-si olmalıdır ki, lazım gələndə kiməsə təqdim eləsin.

Polşalı rejissor Kriştof Zanussi Bakıdan gedənə yaxın dedi ki, mənə özün haqqında məlumat olan disk ver. Onu hazırlayıb verə bilmədim. Bu günə kimi də hazırlamamışam”.

Şanslıyam, çünki...

“Aktyor var, heç cür parlaya bilmir. Bu, onun istedadsızlığından qaynaqlanmır. Şans işidir... İstedad var, şans yoxdursa, parlaya bilməyəcəksən. Bəzən deyirlər ki, istedadsız aktyorlarımız var, bu fikri qəbul edə bilmirəm. Həmişə demişəm, aktyorlara istedadsız deyəndə mənə pis təsir edir. Məncə, istedadsız aktyor olmur.

Bəlkə istedadı azdır? Bu, ola bilər. Amma tamamilə istedadsızdır fikri düz deyil. Hər bir aktyorda elə ştrixlər var ki, onları rejissor tapıb üzə çıxarmalıdır”.

İtib batdıq...

“90-cı illər nəsli şanssız nəsil oldu, itib batdıq. Halbuki o vaxt parlamalıydıq. Bu baxımdan mən özümü şanslı hesab edirəm, çünki uşaqların çoxu meydana atıla bilmədilər, di gəl heç meydan da yox idi.

İndiki gənclərimiz bu sarıdan daha şanslıdırlar. Gənclərə qısqanclıqla yox, təbəssümlə yanaşmaq lazımdır. Onu da deyim ki, indiki gənclər tamam başqa metodlarla işləyirlər. “İkinci pərdə” filminə yəqin ki, baxmışınız. Gənclərin işini gördünüz? Rejissordan tutmuş aktyorlara qədər hamısının böyük zəhməti vardı.

Bəzi aktyorlar deyə bilər, ətrafımda istedadsız aktyorlar olsun ki, mən daha çox nəzərə çarpım. Mən əksini düşünürəm. İstedadlı aktyorları görəndə ürəyim açılır. Bu, mənə enerji, güc verir və biz bir yerdə nəsə yaradırıq.

Bizim sənətdə hər beş-on ildən sistemi dağıdan yeni dalğanın ortaya çıxması şərtdir.

Mənə görə aktyor heç bir halda keçmişlə yaşamalı deyil, yeni cərəyanları, iş metodlarını öyrənməli, həmişə müasir olmalıdır. Hansı daha yaxşı, hansı təsiredici metoddur - bax, bunu araşdırıb tapmalıdır. Və onun oyununa baxan hər kəs “bəli, bu, aktyordur” deməlidir”.

Hamı böyük rol oynaya bilməz

“Hansısa rolu oynamaq arzum olmayıb. Təklif olunan rolu necə yarada bilərəm fikri üzərində düşünmək və müəyyən cizgilər tapmaq mənə daha maraqlıdır.

Əlbəttə, bütün oynadıqlarım xarakterik rollar olmayıb. Təəssüf, xaraktersiz rollar da oynamışam. Mənim üçün rolun böyüyü-kiçiyi yoxdur. Məşhur aktyor-rejissor Orson Uels deyirdi ki, elə aktyorlar var, ancaq böyük rollar üçün yaranıblar. Yəqin özünü nəzərdə tutub, çünki həmişə böyük rollarda olub.

Amma bu sözdə bir başqa həqiqət də gizlənir, hamı böyük rol oynaya bilməz. Balaca, amma xarakterli, sözü olan rol oynamaqdan çəkinmirəm. Həmişə repertuarımda bu cür rollar olub, indi də var”.

Kefdən öpüşmürük ki...

“Sənətimiz elədir ki, rol gərəyi səhnədə, yaxud ekranda açıq-saçıq səhnələrində iştirak etmək lazım gəlir. Bu baxımdan aktyor və aktrisanın həyat yoldaşı belə hallara dözümlü yanaşmağa çalışmalıdır.

Əvvəllər həyat yoldaşım çox qısqanırdı, hətta aktyor olduğuma görə mənimlə evliliyə razılıq da vermirdi. Artıq illər keçir, bunun bir iş olduğunu başa düşür. Səhnədə, ekranda qucaqlaşmağın, öpüşməyin bizim işimizin bir parçası olduğunu anlayır. Biz kefdən öpüşmürük ki...”

Səsi, yoxsa özü?

“Uzun illərdir dublyaj sahəsində çalışıram. Bir çox telekanalların, özəl studiyaların dublyajında iştirak etmişəm. Zamanla bu sahədə işlər peşəkarlaşır. Ölkədə öz işini bilən, özünə, işinə hörmət edən xeyli dublyaj aktyorları var.

Bu bir həqiqətdir ki, hər aktyorun səsi dublyaja düşmür. Bəzən aktyor öz oynadığı obrazı belə səsləndirə bilmir. Çünki səs tembri uyğun gəlmir. Köhnə filmlərimizdə səsin rola uyğunluğuna böyük önəm verirdilər, filmlər çəkilib, sonra səsləndirilirdi. Sonralar isə texnologiya film çəkilişi zamanı səsi canlı yazmağın mümkünlüyünü göstərdi.

Bu zamana kimi saysız-hesabsız obrazları səsləndirmişəm. Unutmadığım işlərdən biri “Həzrəti Yusif” serialında Yusifi dublyaj etməyimdi. Çox məsuliyyətli, məşəqqətli iş idi. 4-5 aya yaxın üzərində çalışmışdıq. Serial nümayiş olunanda eşitdim ki, çoxları səsimi Rasim Balayevin səsi ilə dəyişik salıb. Bu, mənim üçün fəxrdir...

Səsimin rəhmətlik Şahmar Ələkbərovun səsinə bənzədənlər də var. Hər halda çalışıram, səsimdən daha çox özümü sevsinlər. Çünki mən sənətə yaxşı aktyor olmaq üçün gəlmişəm. Tamaşaçını heyrətləndirə bilirəmsə, bu, mənim üçün ən böyük mükafatdır.

İndiki dövrdə efirsiz teatr aktyorlarının tanınması çətindir. Seriallar istehsal və nümayiş olunandan sonra aktyorların tanınma şansı daha çox oldu. Əvvəllər niyə yalnız aparıcılar, müğənnilər tanınırdılar? Çünki televiziyada daha çox göstərilirdilər.

Sizə deyim, heç çox adam mənim “İtkin gəlin”də Elməddini oynadığımı, filmlər səsləndirdiyimi bilmirlər. Bəzən olub, toya getmişəm, kənara çəkib, mənimlə şəkil çəkdiriblər. Sonra səsimi bəyəndiklərini, səsləndirdiyim hansısa xarici obrazın dilindən nəsə deməyimi xahiş ediblər. Çaşıb qalmışam...”


Müəllif: Nərmin