11 Dekabr 2018 11:03
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

***

Yavaş-yavaş gözdən itir xəyalın,

Suya düşmüş şəkil kimi pozulur.

Həyatımın xatirə dəftərinə

Adın qara hərflərlə yazılır.

Görüşəndə baharın qız çağıydı,

Ayrı düşdük ayrılıqlar fəslində.

İl də ili öldürməklə məşğuldu,

Gün də günün qənimidi, əslində.

Ovcumuzda qum kimidi bu ömür,

Bir də gördüm heç nə yoxdu əlimdə.

Mən səninçün vuruşmadım, bağışla,

Ayrılıqla, iztirabla, ölümlə.

Səni tanrı vermişdimi, bilmirəm,

Qaytaranda özü geri aldımı?

Səndən məni soruşacaq, hazır ol,

Mən keçdiyim dərs yadında qaldımı?!

***

Səncə, mənası varmı,

Kitabların

iztirabların,

adamların?

Hamısının öyrətdiyi təkrardan ibarətdisə...

Səncə, mənası varmı fəsillərin,

Dəniz mövsümünü

Yağış mövsümünə dəyişiriksə...

Mənası varmı illərin,

Otuzdan sonra qırxa,

qırxdan sonra əlliyə öyrəşiriksə...

Günəşdən sonra yağışı sevdiyimiz kimi

Otuzdan sonra qırxla,

Qırxdan sonra əlliylə sevişiriksə...

Ən qəribəsi o ki

Sonra yenə bahar gəlir.

Və hər qış susqunlaşan biz

Hər bahar yenidən çiçəkləyir,

Hər yay yenidən günəşlənir,

Hər payız bir daha ağlayırıq...

***

And olsun ayrılığın kədərli gözlərinə,

And olsun ən qüssəli əlvida sözlərinə,

Sevgi şeirlərinə,

Payız yağışlarına,

And olsun anıların

Hələ də diri qalan məzlum baxışlarına

Bu son gedişdi...

Sənə demişdim...

Necə getməyimi istəyərdin, birdənəm,

Susaraqmı,

Küsərəkmi,

Dost qalaraqmı,

Düşmən olaraqmı?

Bilirəm, bu bir az

Səni necə, hansı silahla öldürüm?

Söhbətinə oxşadı.

Qatilin qurbanına mərhəmətinə oxşadı.

Amma nə olsun,

Bu həyatdı, birdənəm,

Qurban da qatilə çevrilə bilir,

Qatil də qurban olur bir gün...

And olsun öz əllərimlə öldürdüyüm

Ürəyimin çırpınışlarına,

Məsumların aldanışlarına,

“Timsahların göz yaşları”na,

Sevgi şeirlərinə,

Payız yağışlarına,

Bu son gedişdi...

Sənə demişdim...

***

Məni az sorğu-sual et,

İlahi, günahım yox.

Cəzamı ver, çıxım gedim,

Növbə uzun, vaxtım yox.

Qorxma, ölüb-eləmirəm,

Səndən şəfa diləmirəm,

Mən heç nə hiss eləmirəm,

Heç yerimdə ağrım yox.

Nə vaxt çağırdın yanına,

Haçan qıymadım canıma,

Baxıram telefonuma,

Bir cavabsız çağrım yox...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər