31 Avqust 2014 16:33
14 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor, naşir Bəhram Bağırzadə doğum günü ərəfəsində "Brifinq"in qonağı oldu. "Bakılı oğlanlar" komandasının məşhur üzvü, futbol azarkeşi B.Bağırzadə ilə söhbətə "Qarabağ" futbol komandasının "Tvente" ilə oyunu ilə başladıq. O, KVN-nin hazırki durumu, Bakı merinə yazdığı məktubdan, Milli Məclisin deputatları ilə bağlı geniş müzakirələrə səbəb olan səhnəcikdən danışdı.

"Neftçi" məhəllə futbolu nümayiş etdirdi

"Qarabağ" artıq milli komandaya çevrilib"

Natiq Muxtarlı: Sizin çılğın futbol azarkeşi olduğunuzu bilirik. Ötən gün Azərbaycanın iki futbol komandası pley-off mərhələsində oynayarkən ikili hisslər yaşadıq: "Neftçi" məğlub oldu, "Qarabağ" qalib gəldi. "Neftçi"nin məğlub olması Sizdə ruh düşkünlüyü yaratdı, bəs, "Qarabağ"ın qələbəsi bunu sığortaladı?

- Mənim qızdırmam olsa da, özümdə güc tapıb "Neftçi"nin oyununa baxmağa getdim. Başqa cür ola da bilməzdi. Ona görə ki, mən Azərbaycan futbolunun azarkeşiyəm. Hətta beysbol, qolf üzrə yarışda Azərbaycanın komandası oynasa, o matçda iştirak edərəm.

"Neftçi" ilə "Qarabağ"ın müqayisəsinə gəlincə, "Neftçi"nin rəhbərliyindən, oyunçularından üzr istəyirəm, amma onlar məhəllə futbolu nümayiş etdirdi. Stadionda bir şeyi düşündüm ki, "Neftçi" flaqman qalsa da, onun oyunlarına ancaq "Neftçi"nin azarkeşləri gəlir. "Qarabağ" isə artıq milli komandaya çevrilib. "Qarabağ" oynayanda komanda azarkeşlərindən savayı, "Neftçi", "İnter", "Bakı"nın azarkeşləri və milləti sevən insanlar gəlir. Buna görə də Qurban Qurbanova təşəkkür düşür. O komandanı Qurban Qurbanov yaradıb, 6 ildir komanda ilə işləyir və bu gün də onun bəhrəsini görür. Qurban bəy özü kimi insanları, imanlı müsəlmanları komandaya cəmləşdirib. "Tvente" qarşılaşmasında "Qarabağ" Avropa klubu kimi oynayırdı. "Qarabağ" artıq Avropa üslubunda, dünya standartlarına uyğun olan oyun göstərir. "Qarabağ"ın rəhbərliyindən xahiş edirəm ki, Qurban müəllimə komandanı gələcəkdə ən güclü komandaya çevirmək üçün istədiyi futbolçuları almağa şərait yaratsınlar. Bəlkə buna səlahiyyətim çatmır, amma Qurban bəyə bu gün milli komandanın baş məşqçiliyi təklif olunsa, onun dəvəti qəbul etməsini istəməzdim. Bir-iki il "Qarabağ"la nəticələri göstərsin, sonra gedər.

İstərdim ki, bizim cavan uşaqlar Avropaya gedib orada futbol öyrənsinlər. Məsələ təkcə futbolla bitmir, futbolçunun dünyagörüşü olmalıdır. Dünya şöhrətli məşqçiləri gətirsən də, o, futbolçulara Azərbaycan kəndlərində, yaxud Bakıda məşq keçirəcəksə, o uşağın dünyagörüşü olmayacaq. Uşaq Avropada düzgün asfalt, memarlıq, muzeylər, əsərlər görməlidir. Avropa bəstəkarlarının musiqisinə qulaq asmalıdır, geyim tərzini bilməlidir və s. Ab-havanı yığandan sonra sözün yaxşı mənasında avropalı kimi düşünməyə və Avropa futbolu göstərməyə başlayacaq. Bizim dünyagörüşümüz təcrübəmiz olmasaydı, heç vaxt çempion olmazdıq. Bizi Moskvaya göndərdilər, orada rusların, belorusların oyununa baxdıq. Təcrübə yığdıq, həyat rəndələdi, ondan sonra çempion olduq.

"Qurban Qurbanova oyundan 12 dəqiqə sonra mesaj yazdım"

Dilqəm Əhməd: Oyundan sonra Qurban Qurbanovla əlaqə saxladınız?

- Tək son oyundan sonra yox, həmişə qalib gəlsələr də, gəlməsələr də zəng vururam. Öz iradlarımı bildirirəm, təbriklərimi də çatdırıram. Oyundan 12 dəqiqə sonra Qurban Qurbanova mesaj yazdım ki, təbriklər, milləti sevindirdiniz. Bu, onun üçün bilirsiniz nədir? Sıravi KVN-çi onu təbrik edir, bu, ləzzət verir. Bir SMS onu ruhlandırır. Qurban Qurbanov patriotdur, o, millətini sevən insandır, imanlı insandır, Allahı tanıyan insandır. "Tvente"yə qarşı oyunda oyunçularda özlərinə inam vardı. Rəşad Sadıxov daxilən elə rahat idi ki, elə bil Hollandiya ilə Buzovnanın plyajında oynayırdı. Çünki inam, iman və təcrübə vardı. Qurban bəy onlarla 6 ildir işləyir, bilirlər nə etmək lazımdır. İstəyərdim ki, hər sahəmizdə Qurban Qurbanov kimi insanlar çox olsun. O cür peşəkar liderlərimiz olsa, insanları öz arxasınca aparacaq. Həmin liderlik keyfiyyətləri rəhmətlik Anar Məmmədxanovda vardı. Komandanı o yaratmışdı, qələbələr onun idi. İnanın ki, hərəmiz təklikdə heç vaxt heç nə edə bilməzdik. Bəziləri çox mən-mən deyir, amma elə deyil.


Nərgiz Ehlamqızı: "Bakılı oğlanlar" öz lideri Anar Məmmədxanov olmadan həminki səviyyədə ayaqda dura bilir?

- 10 ildən çoxdur komandanın hər bir üzvü ayaq üstə durur və öz sahəsi ilə peşəkar məşğul olur. İnsanlar KVN-ə şou kimi baxır, amma KVN çox böyük məktəbdir. Bizim üzvləri hansı sahəyə göndərsəniz, orada baş çıxaracaq, 6 ay ərzində o işi mənimsəyib peşəkar səviyyədə iş görəcək. Niyə? Çünki ətrafımıza ağıllı insanları yığırıq, biz ağıllı insanlardan qorxmuruq. İstəyirik ki, ağıllı insan olsun, onun qarşısına tapşırıq və məqsəd qoyaq ki, sən bunu etməlisən, bununla iş gedir.

"Telekanallarda göstərilənlərə KVN demək olmaz"

Nicat Səmədoğlu: Niyə KVN yumorunun bu gün telekanallardakı yumora heç bir təsiri olmadı?

- Mən bizim telekanallara baxmıram. Televiziyalarda səviyyə yoxdur. Zamanı israf etmək ən böyük günahlardan biridir. Telekanallarda göstərilənlərə KVN demək olmaz.

N.Səmədoğlu: Televiziyalardakı KVN-nin bu səviyyədə olmasında məsuliyyət hiss edirsiniz?

- Onlar özləri hesabat aparmalıdırlar. Mən gecələr özümə hesabat verirəm. Düşünürəm ki, haradasa zəif çıxış etmişəm, Allaha dua edirəm ki, ay Allah, mənə güc ver, o səhvləri gələn dəfə etməyim. Çünki məsuliyyət daşıyıram, əgər insan konsertimə gəlibsə, ən azı hörmət edib gəlib. Bir tərəfdən düşünürəm ki, tələbədir, yaşlıdır təqaüdünü yığıb gəlir. Ona görə də işimi düzgün görüb tamaşaçıya hörmət qoyuram. Biz çempion olan il var gücümüzlə çalışırdıq ki, qalib gələk. 9 milyonluq xalq ümidlə yaşayırdı ki, bizim uşaqlar qalib gəlsinlər. Bütün sahələrdə uduzurduq, bir qələbəmiz vardı, 1992-ci ildə ilk dəfə Nazim Hüseynov olimpiya çempionu oldu. İkinci qələbə yox idi, camaat bizdən qələbə gözləyirdi. Komandanın hər bir üzvü gecələr yatmırdı, düşünürdük ki, arxamızda millət var. Amma indiki KVN-çilər heç nə düşünmürlər. Elə bilirlər ki, çıxıb yalandan zarafat edib 5-10 manat pul qazanırsan.

"Müəllimim mənə "Siz" deyə müraciət edirdi"

N.Səmədoğlu: Sizin komanda üzvlərinin hamısı rus dilində təhsil alıb?

- Bəli, hamısı.

N.Səmədoğlu: Bunun yumorun keyfiyyətinə təsiri var?

- Əlbəttə. Rus dilində təhsil alan insanların dünyagörüşü Azərbaycan dilində təhsil alanlardan 2 addım qabaqdadır. Demirəm ki, Azərbaycan dilli məktəblərdə təhsil verilmir. Savad verir, amma dünyagörüşü qapalı vəziyyətdə olur, uşaq düşünür ki, bu sözü deyim, ya deməyim, birdən səhv olar. Müəllim qışqırır ki, olmaz, otur, sus. Niyə axı? Qoy sözünü desin də. Rusdilli məktəblərdə təhsillə yanaşı uşaqların dünyagörüşü formalaşır, müəllimlər şəxsiyyət yetişdirir. Müəllimim mənə "Siz" deyə müraciət edirdi. Biz ədəbiyyatdan hansı əsər keçirdiksə, məsələn, Lev Tolstoyun "Hərb və sülh" əsəri idisə, "Vətən" kinoteatrında müəllimlə birlikdə gedib baxırdıq, səhəri günü dərsə gələndə müzakirə başlayırdı, oxumusan, kinosuna baxmısan, indi danış. Azərbaycan dilli məktəblərdə bu varmı? Fuad Axundov mənim müəllimim olub.

"O, mənə Bakını sevməyi öyrətdi"

Bizim Coğrafiya müəllimimiz yəhudi idi, dərs qurtarırdı, deyirdi kimə Bakının tarixi maraqlıdırsa qalsın, kinoproyektoru vardı, slaydlar qoyurdu, SSRİ dövründə Bakı memarlığına tamaşa edirdik. İndiyə kimi o slaydlar gözümün qabağına gəlir. O, mənə Bakını sevməyi öyrətdi. İndi nə oldu, Bakının köhnə şəkillərinin bir nömrəli kolleksioneri mənəm. İnşallah Bakı fotolarından ibarət qalereya yaratmaq istəyirəm. Rəhmətlik atam futbol azarkeşi idi, 1982-ci ildə ağ-qara televizorumuz vardı, onu sındırdı. SSRİ Braziliyaya uduzanda əsəbindən vurub sındırdı. Azarkeşlik mənə atamdan keçib. Mənim bir fizika müəllimim vardı, dərsdən sonra idman forması geyinib bizimlə futbol oynayırdı. Deyirdi ki, fizika öz yerində, orada 2 qiyməti alsan, öz işindir, səndə futbol yaxşı alınır, vacib deyil ki, fizik olasan. Sual yaranır: Azərbaycan dilli məktəbdə müəllim düşüb uşaqlarla futbol oynayar? Bilirsiniz, iş görmək üçün gərək ətrafda uğurlu və istedadlı insanlar olsun. Anar Məmmədxanovun böyüklüyü onda idi ki, o uşaqlara baxırdı və bilirdi ki, kim nəyi bacarar. Heç vaxt KVN komandasına tapşırıqla kimisə götürməzdi. Hansısa nazir, yaxud məmur zəng eləsin, o da götürsün, belə şey mümkün deyildi.

N.Ehlamqızı: Heç nazirlərdən, məmurlardan tapşırıq üçün zəng edənlər vardı?

- Vardı, 2 sutka gəlirdilər, 3-cü sutka çıxıb gedirdilər. Ona görə ki, KVN komandasında gün ərzində 14 saatlıq məşqlər vardı. Hər adamın beyni dözmürdü ona. Biz Moskvaya gedirdik, oyuna 1 ay qalmış nə Kremlə, nə mavzoleyə, nə bazara gedə bilərsən. Ancaq oteldə məşq. Oyuna 4-5 gün qalmış gecələr yatdı yox idi. Komandalara səhnədə baxırdıq, görürdük ki, uduzuruq, 1 gecəyə səhnəciyi dəyişirdik. 14 saat məşqə istəyir məmur, istəyir nazir, istərsə də fəhlə oğlu olsun hər adam dözə bilmir. Sən bunu daxildən sevib duymalısan.

"Parodiyadan xoşum gəlmir"

N.Ehlamqızı: Kimi parodiya etmək istərdiniz?

- Heç kimi. Parodiyadan xoşum gəlmir, heç vaxt eləməmişəm, eləmək fikrim də yoxdur. Bu, ayrı sənətdir. Məsələn, Tahir İmanov parodiya edir, məndə alınmır.

N.Səmədoğlu: Sonuncu KVN-də Milli Məclisin deputatını parodiya etmişdiniz...

- O parodiya deyildi, oxşatmağa çalışırdım. Yalandan deyim ki, parodistəm, xeyr. Sadəcə karikaturaçı kimi çalışdım nəyisə verim, amma dəqiq deyildi. Tahir İmanovda dəqiqliklə alınır.

N.Ehlamqızı: Yeri gəlmişkən, Milli Məclisdəki səhnəcik çox geniş müzakirə olundu.

Deputatlardan hansısa iradlar oldu?

- Vallah mənə heç kim zəng vurmayıb. Bəlkə komandanın başqa üzvlərinə zəng edilib. Biz bunu etmişiksə, sevindirici haldır, Azərbaycan demokratik ölkədir, sıravi KVN-çilər Milli Məclisi göstərib, bir nəfər də deməyib ki, filan zarafatı demək olmaz. Göstərmişik, üstündən 6 ay keçib heç bir problem yoxdur (gülür).

N.Ehlamqızı: Gələn il parlament seçkiləri ilidir, deputat olmaq istəmirsiniz?

- Siz mənə niyə qarğış edirsiniz? Qoyun işimi peşəkarcasına görüm də (gülür).

Zahid Nurəliyev: Tahir İmanovun rəhbərlik etdiyi KVN teatrını KVN-nin davamı sayırsınız?

- "Planet Parni iz Baku" KVN teatrı lazımdır. Əfsuslar olsun ki, teatrın binası yoxdur. İnfrastrukturu olsaydı, daha da böyük işlər görmək olardı. Filarmoniyanın müdirindən məşq üçün xahiş etmək ciddi iş görməyə mane olur.

Nərmin Muradova: "Bu şəhərdə"nin yumorunu bəyənirsiniz?

- Bəli.

"Yaşıdlarım pul qazananda, mən KVN oynadım"

N.Muradova: "Bu şəhərdə" ilə birgə layihəniz də olub...

- Olub, amma mən həmin vaxt komandada deyildim. 2000-ci ildə çempion olandan sonra ailə problemləri ilə əlaqədar 5 il uzaqlaşmışdım. Təzə ailə qurmuşdum, 1 otaqlı evdə qalırdım, 8 il yoldaşım, uşaqlarımla birgə orada yaşadım. Yaşıdlarım pul qazananda, mən KVN oynadım. Mənə vaxt lazım idi.

N.Muradova: KVN pul gətirmədi?

- Yox, KVN-də pul yox idi axı. Bizə Moskvaya gedəndə 1 ay ərzində 300 dollar pul verirdilər, o da üzr istəyirəm, heç siqaretimə bəs eləmirdi. Olimpiyaçılar kimi çempion olandan sonra bizə milyonlar verməmişdilər. Ümumiyyətlə, bir qəpik verməmişdilər. Rəhmətlik Rauf Gülməmmədov vardı, Bakının meri idi, o vermişdi bircə, ondan sonra mən pul görməmişəm.

N.Səmədoğlu: Yuli Qusmanla əlaqələriniz var?

- Bu yaxınlarda zəng edib ad gününü təbrik eləmişəm. Mən onun "Qorxma, mən səninləyəm" filmində çəkilmişəm.

N.Muradova: Filmə yəqin baxmısınız da, xoşunuza gəldi?

- Hə, öz rolum xoşuma gəldi. Amma film xoşuma gəlmədi.

N.Muradova: Nəyi xoşunuza gəlmədi?

- Dəqiq səbəb deyə bilmərəm, amma həzz ala bilmədim. "Qorxma, mən səninləyəm" filminin 1-ci versiyasından hələ də həzz alıram. Yeni versiyada 1981-ci ilin iyi, o enerji, ruh yox idi.

"Atam DİN-də 4-cü adam idi, mən fəhləlik edirdim"

N.Muradova: Dediniz ki, uzun müddət KVN-dən pul qazanmaq üçün aralı qaldınız. Pulu hansı sahədən qazandınız?

- Hər bir sahədən. Mən kreativ insanam. İnanın mənə desələr ki, gəl gedək kubik daşıyaq, gedib daşıyaram. Heç bir işdən çəkinmirəm. Mən iş həyatına fəhləlikdən başlamışam. "Azərnəşr" mətbəəsində fəhlə işləmişəm. Tələbə idim, 114 rubl maaş alırdım. 500 kiloqramlıq rulonlar daşıyırdım, digər tanınmış insanlar mənimlə orada fəhlə işləyiblər, adlarını çəkmək istəmirəm, onlar utanırlar, amma çox tanınmış insanlardır. Maşınlar kağız gətirəndə sürücü deyirdi ki, Bəhram, al 5-10 manatı bunları daşı. O pul da maaşımdan əlavə qazanc idi. "Azərnəşr"lə üzbəüz Daxili İşlər Nazirliyinin binası yerləşirdi, atam da polis polkovniki kimi 4-cü adam idi. Bir dəfə gəlib dedilər ki, Bəhram, oğurluq etməmisən, dava etməmisən? Dedim yox, dedilər səni polis axtarır. Atam da girdi otağa, mən də utanıram deyəm ki, atamdır. Atam soruşdu ki, çörək yemisən, pulun var? Dedim "hə", qayıtdı ki, get işlə. Hamısı soruşdu ki, atandır? Bəs, sən burda nə edirsən? Dedim pul qazanıram. Bizi evdə elə tərbiyə ediblər. Atam da o cür zəhmətkeş olub. Bəlkə də Allah-təala o əziyyətlərimizə görə bizə ruzimizi verib. Heç vaxt işdən qaçmamışıq, çörəyimizi qazanmışıq. Heç kəsə ağız açmamışıq, rüşvət götürməmişik, oğurluq etməmişik. Sabah başıma iş gəlsə düşünəcəyəm ki, hansısa səhvimə görə cavab verirəm. İndi Sizin qarşınızda rahat oturub suallara da cavab verirəm.

N.Ehlamqızı: Həcc ziyarətində olmusunuz. İbadətə necə başladınız?

- Allaha həmişə inanmışam, amma 27 yaşımda ibadətə başladım. Əslində bu haqda danışmaq istəməzdim. Bu yaşda həyatımda dönüş yaratdım, çox şeylərdən imtina etdim. Özümə söz verdim ki, bəzi vərdişlərdən uzaq duracağam. Həmin dövrdə stress, depressiya yaşamışam, şükür Allaha ki, o sınaqlardan üzü ağ çıxdım. İnsan gənc olanda etdiyi hərəkətlərin fərqində olmur. İman bilirsiniz nədir, sakit evdə küncdə Allaha dua etməkdir. Məsələn, futbol başlayırsa, Qarabağın qalib gəlməsi üçün səmimi dua etməkdir.

D.Əhməd: "İŞİD" adlı qruplaşma var, baş kəsir, qan tökür. Onlar iddia edir ki, dövlətimiz Qurana, peyğəmbərimizin hədislərinə əsaslanır. İmanlı şəxs kimi bu cür qruplaşmaya münasibətiniz necədir?

- Mən o şeylərdən uzağam, heç baxmıram da. Heç bir strukturda da deyiləm. İslam şou deyil, birinci növbədə imandır. Bunun üçün nə isə qurmaq, saç yolmaq, zəncirlə baş yarmaq şoudur. İman xeyirxah iş görməkdə, xoş söz deməkdədir, zəkat, sədəqə, xüms verməkdə, rahatlıq tapmaqdadır. Yoxsa, silahı götürüb, baş kəsməyin harası İslamdır? O qruplaşma siyasətdir, digər dövlətlər tərəfindən yaradılır.

D.Əhməd: Mən özüm dostlarımla birlikdə həvəskar kolleksionerik. Sizin arxivinizdə nə qədər foto var?

- Vallah saymamışam, amma minə yaxın var. Ən birinci foto 1863-cü ildə Yermakov tərəfindən çəkilib. Əfsuslar olsun ki, orijinalları yoxdur, keyfiyyətli disklərdədir.

N.Muradova: Naşirlik işləriniz nə yerdədir?

- "Qalereya" jurnalı dərc edirəm, kitablarım çıxır. İndiyədək 11 kitabım çıxıb. Rus dilindədir, amma artıq Azərbaycan dilinə tərcümə olunur. Bundan başqa uşaqlar üçün testlər yazıram.

N.Səmədoğlu: Hansı səpkidədir?

- Məntiqlə bağlı testlərdir. 7-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Öz uşaqlarımla oturub sual-cavab edirdim, sonra da testə çevirirdim.

N.Səmədoğlu: Siz Bakı merinə məktub yazmışdınız, bunu yazmaqda məqsədiniz nə idi?

- Mən məktubu konkret Hacıbala Abutalıbova yazmamışam. Bu, ümumilikdə Bakı merinə müraciətdir. Yəni məktublar Hacıbala Abutalıbovdan sonrakı merlərə də ünvanlanıb. Bir neçə ay sonra o məktubları kitab halında çap edəcəyəm. Ümid edirəm ki, Abutalıbovdan sonrakı merlər təkliflərimdən yararlansınlar.

N.Səmədoğlu: Belə çıxır ki, Bakıda baş verən dəyişikliklərdən razı deyilsiniz?

- Qəti şəkildə razı deyiləm.

D.Əhməd: Səhnədə səhiyyədən polisə, təhsildən parlamentə qədər tənqidləriniz oldu. Keçən müddət ərzində bu sahələrdə dəyişikliklər müşahidə etmisiniz?

- Dəyişikliklər hər yerdə var. KVN balaca modeldir, biz sadəcə sözümüzü çatdırırıq, amma bunu qlobal rolda etmirik. Şükür Allaha onu dövlət edir. Bu da hiss olunur. Mən bir vətəndaş kimi bu dəyişiklikləri dəstəkləyirəm və sevinirəm ki, bu dəyişikliklər var, bu sahələrə peşəkarlar gəlir, sadəcə zaman lazımdır.

D.Əhməd: İndi müxalifəti daha az səhnələşdirirsiniz. Bu, müxalifətin gücdən düşməsindən asılıdır, yoxsa sadəcə öz seçiminizdir?

- Mən teatrda strateji tərəfi aparmıram, teatrda sıravi əsgərəm, nə rol verirlər, onu da oynayıram. Qlobal şəkildə bunu düşünmürəm deyə suala da cavab verməyə çətinlik çəkirəm. Sabah müxalifətçinin rolunu tapşırsalar, oynayaram.

N.Ehlamqızı: Hansı müxalifətçini tanıyırsınız?

- Heç birini tanımıram.

"İsa Qəmbəri tanımıram"

"Birinci müxalifət mən özüməm"

N.Ehlamqızı: Gələn ay Müsavat Partiyası qurultay keçirir. Müsavat lideri İsa Qəmbəri də tanımırsınız?

- Vallah tanımıram, ümumiyyətlə, maraqlanmıram. Ona vaxtım yoxdur. İstəyirəm bu həyatda millətim, özüm, ailəm üçün nə isə əldə edim. Birinci müxalifət mən özüməm. Əgər KVN oynayıb iradları göstərirəmsə, sivil müxalifətçiyəm. İstəyərdim ki, gələcəkdə mənə də irad göstərsinlər, səhvlərimi bilim. Bu, demokratik dövlətin göstəricisidir.

N.Muradova: Sentyabrın 4-ü doğum gününüzdür, təbrik edirik. Ad gününüzü necə keçirəcəksiniz?

- Atam dünyasını dəyişəndən sonra 6 ildir ad günü keçirmirəm, qeyd etmək fikrim də yoxdur. Amma avqustun 30-u qızımın ad günüdür, onu keçirəcəyik. Onun rəfiqələrini ətrafına yığacağam, çünki onun bayramıdır. Başqalarına qarşı kobudluq etmək istəməzdim, bəlkə başqaları keçirirlər, amma 42 yaşında kişi xeylağının ad günü keçirməyi ayıbdır.

N.Ehlamqızı: Yəqin evdə toplanacaqsınız...

- Gedib anamın əllərindən, gözlərindən öpəcəyəm, dua edəcəyəm ki, Allah ona ömür versin. Anama gül dəstəsi hədiyyə edəcəyəm, əslində onun bayramıdır ki, övlad dünyaya gətirib.

Nərgiz EHLAMQIZI Foto: Elnur MUXTAR


Müəllif: