“Mənə elə gəlir ki, edə biləcəklərimin heç yarısını da etməmişəm. Amma bir təskinliyim var ki, yaza biləcəyimdən pis yazmamışam. Yaza biləcəyimdən az yazmışam, amma pis yazmamağa çalışmışam”.
Bu sözləri ATV telekanalına müsahibəsində bir neçə gün öncə “Xalq şairi” fəxri adına layiq görülən Ramiz Rövşən deyib.
Ramiz Rövşənin sözlərinə görə, şairin içində həssaslıq hissi, dünya ilə həmişə ünsiyyətdə olmaq gücü varsa, o heç zaman tükənməməlidir:
“Özümü yüz faiz ifadə etdiyim şeirim yoxdur. Elə bir şey yazsaydım, bəlkə də ondan sonra şeir yazmağa ehtiyac olmazdı. Hər dəfə adama elə gəlir ki, demək istədiyin nəsə qaldı. İnsanı yazdıran da odur. Hər şeir sənin bir şəklin, əhval-ruhiyyən, ovqatındır”.
Şair yaradıcılığına verdiyi qiymətə görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib:
“Fəxri adlar məsələsi zamanı mənə o qədər zənglər oldu ki, zənglər tıxaca düşdü. Məni təbrik edən bütün oxucularıma təşəkkür edirəm. Yaradıcılığıma verdiyi qiymət üçün, məndən daha çox mənim oxucularımı sevindirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Ad alan bütün dostlarımı təbrik edirəm”./Axşam.az/