Azərbaycanın xalq artisti Brilyant Dadaşova şəxsi İnstaqram səhifəsində yerli həkimlər və səhiyyə işçiləri ilə bağlı ölkə başçısına müraciət edib.
Axar.az xəbər verir ki, müğənni 5 ildən bir həkimlərin keçdiyi imtahanda rusdilli həkimlərin kəsilməsindən narazılığını bildirib. B.Dadaşova qeyd edib ki, olduqca savadlı həkimlər məhz rus dilində danışdığı üçün imtahandan kəsiliblər:
“Bu xalqı çoxsaylı pinəçi “həkimlərin” əlindən xilas etmək lazımdır. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkimlərdir, bu məlumatı da onlardan öyrənmişəm. Bir neçə il əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. Rus dilində təhsil alan həkimlər Azərbaycan dilində yaxşı danışa bilmədiklərinə görə hamısı işdən uzaqlaşdırlıb. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dilini, ədəbiyyatını yox, təbabəti bilməlidir”.
Maraqlıdır, həqiqətən Azərbaycan dilini bilməyən həkimlər imtahandan kəsilir?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Buna görə də imtahanlar Azərbaycan dilində aparılır.