Martın 5-i saat 15-də Atatürk Mərkəzində Aşıq Alının “Nə qaldı” kitabının təqdimatı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, şair-folklorşünas İlham Qəhrəmanın toplayıb tərtib etdiyi kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb.
Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən qurub şərh edib. Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır.
Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangir, rəyçi Məhərrəm Qasımlıdır.