Bu gün Flame Towers-də iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filminin təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva qala gecədə iştirak edən qonaqlara təşəkkür edib.
"Gəldiyiniz və mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sabah bizim bayramımızdır. Bu filmdə mənimlə birgə əziyyət çəkən komandamın üzvlərinə təşəkkür edirəm", - deyə bildirib.
Filmdə Kərəm obrazını canlandıran türkiyəli aktyor Onur Tuna ölkəmizə ilk dəfə gəldiyini açıqlayıb:
"Ümid edirəm ki, filmi bəyəndiniz. Bakıya ilk dəfədir ki, gəlirəm. Çox gözəl şəhərdir. Memarlıq abidələri və küçələr çox gözəldir. Bakıda sizin yanınızda olmaq və Ruhi xanımla tanış olmaq çox xoş oldu".
Aslı obrazını canlandıran aktrisa Tuvana Türkay isə bu sözləri deyib:
"İlk dəfədir ki, Türkiyə ilə Azərbaycanın film sahəsində ortaq iş birliyi oldu. Bizimlə çəkiliş meydançasında hər bir incə detallara qədər maraqlanan və çəkilişləri yüksək səviyyədə təşkil edən Ruhi xanıma təşəkkür edirəm.
Maraqlı film təqdim etdik, Türkiyədə də qala gecəsi baş tutdu. Sabah 8 Mart Beynəlxalq Qadınlar Günü olmaqla yanaşı, Ruhi xanımın ad günüdür. Onun doğum günü vəsiləsi ilə Bakıya gəldik.
Ölkəmizin çətin vəziyyətdən keçdiyi bu vaxtda Azərbaycan xalqına yanımızda olduğuna və dəstəyinə görə təşəkkür edirəm. Qardaş ölkəyə ilk dəfədir ki, gəlirəm. Şəhəri çox sevdim. Hər kəs çox optimistdir. Bundan sonra da tez-tez gələcəm. Yaxşı ki, varsınız".
Filmin ssenarisi belədir: Filmin qəhrəmanı Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır.
O, Beyoğlunda gəzərkən, bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlər davam edir.
Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir. Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə (Sermiyan Midyat) təhlükəsizlik sistemində rəhbər vəzifədə çalışır və məqsədi bu qarətçi dəstəni çökdürməkdir.
Qeyd edək ki, filmin təqdimatında "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, millət vəkili Qənirə Paşayeva, xalq artisti Brilliant Dadaşova, aparıcılar Hacı Nuran, Kamilə Babayeva , Zümrüd Bədəlova, Nanə Ağamalıyeva, müğənni Günay İbrahimli, əməkdar artistlər Coşqun Rəhimov, Rəfael İsgəndərov, ssenarist Müşfiq Abbasov, aktrisa Zümrüd Qasımova, əməkdar artist Aybəniz Haşımova və bir çox qonaqlar iştirak ediblər.
Foto: Ceyhun Rəhim