3 Oktyabr 2014 12:27
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər kino sahəsinə özəl maliyyə cəlb, demək olar ki, çox çətindir. Özəl maliyyə ilə çəkilənlərin də əksəriyyəti kommersiya xarakterlidir. Prokat sistemi qurulmadığına görə kommersiya filmlərinin sayı da azdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Rejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan kinosunun gələcək istiqaməti məhz özəl maliyyə hesabına çəkilən filmlərin sayının artırılmasına xidmət etməlidir. O, həmçinin bildirib ki, kommersiya filmlərinin hüquqi baxımdan Gildiyada qeydiyyata düşməsi vacib deyil:

“Kinematoqrafiya haqqında” Qanununa görə, Azərbaycanda istehsal olunmuş filmlərin qeydiyyatı, dövlət reyestrinə salınması və onlara icazə vəsiqəsinin verilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Habelə Nazirlər Kabinetinin qərarı ilə bütün filmlərin qeydiyyatı nazirliyə həvalə edilib. Bizə hansı müəllif qeydiyyatla bağlı müraciət edirsə, onları qeydiyyata alırıq. Amma bu, faktdır ki, ötən illərə nisbətdə hazırda şəxsi pullarla çəkilən kommersiya filmlərinin müəllifləri bizə az müraciət edir".

Bu gün yazılan ssenarilərin tənqidlərə məruz qalması məsələsinə gəlincə, H.Mehdiyev bunları söyləyib:

“İndi bəzi rejissorlar özləri ssenari yazırlar. Əgər biz yaxşı, peşəkar ssenarist yetişdirmək istəyiriksə, o zaman gənclərimizi kino təhsili almaq üçün əcnəbi ölkələrə göndərməliyik. İndi ssenari yazan yazıçılar var, lakin onlar hələ əbədi materialla ssenarini ayırd edə bilmirlər. Düzdür, əvvəllər də yazıçılıqdan gəlmə ssenaristlər var idi, ancaq onların hamısı Rusiyadakı iki illik ssenari kurslarında təhsil alırdılar. Sistem düz qurulmadığına görə bu gün ssenari problemi ilə çox tez-tez qarşılaşırıq. Bilirsiniz, illər əvvəl Azərbaycanda Kino Akademiyanın yaranması lazım idi. Bu akademiya kino sahəsində çalışacaq peşəkar mütəxəssislər yetişdərəcək, kino mühitinin formalaşmasına xidmət edəcəkdi. Amma arzuladığımız, istədiyimiz o akademiya yaranmadı”.

Nərmin Murdova


Müəllif: