5 Mart 11:49
1 676

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycanın müştərək serial və film layihələri həyata keçirməsi barədə tapşırıq verib.

Teleqraf.com mövzu ilə bağlı mədəniyyət adamalarına müraciət edib, onların fikirlərini öyrənib.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov Türkiyə prezidentinin bu addımını dəstəkləyib: “Müharibə fəlsəfi və dərin bir faciədir. Müharibədə iki tərəf mövcuddur. Birinci tərəfə ölü, yaralı, şəhid, qazi, dağıntılar və sair daxildir. İkinci tərəfə isə insanların taleyi, yaşadığı bəlalar, faciə aiddir. Məni müharibənin ikinci tərəfi daha çox maraqlandırır - psixologiya və mənəviyyat... Müharibənin sarsıntıları yüz illərlə keçmir.

Cənab Rəcəb Tayyib Ərdoğanın tapşırığı təqdirə layiqdir. Hamımız bu ideyanın içindəyik. Bizə yüksək peşəkarcasına çəkilən, dünya ictimayyiətinin qarşısına çıxa biləcək film və seriallar lazımdır ki, müharibədə məruz qaldığımız insani faciələri və bəlaları göstərə bilək.

Mən mərhum rejissor, müəllimim Hüseyn Seyidzadə və yazıçı Fərman Kərimzadə ilə birlikdə yüz illər davam edən Qarabağ tarixi faciəsini açmaq üçün yüksək səviyyədə ssenari işləmişdik. Ssenari eləcə qaldı. Müharibə faciəmizi dünya ictimaiyyətinin qarşısına qoya biləcək bir layihə olmalıdır.

Kino böyük təşkilati iş və pul tələb edən sahədir. Əgər biz faciəni beynəlxalq səviyyədə göstərmək istəyiriksə, prosesə peşəkar mütəxəssisləri dəvət etməliyik. Yüksək maliyyə sərf edilməli və ortaya gözəl əsər qoyulmalıdır. Bu gün bizim dünyaya deyiləsi, izah ediləsi təbliğat vasitələrimiz olmalıdır. Onlardan biri də kinodur.

Əgər ekran əsərində həqiqətləri aça, müharibənin yaratdığı insani faciələri, tarixi xəyanətləri ortaya qoya biləcəyiksə, bu, gözəl haldır".

Şeyx Əbdül Mahmudbəyov deyib ki, Qarabağa həsr edilən layihə Türkiyə istehsalı olan "Diriliş Ertuğrul" serialı qədər tanınacaq: "Serial peşəkarlıqla çəkilib. Təşkilati işlər yüksək səviyyədədir. Ekran əsərində peşəkar aktyor, rejissor işi və ssenari var.

1950-1960-cı illərdə biz də yüksək səviyyədə filmlər çəkirdik. Kino sənəti ideologiyadır, tarixdir, faktdır, əyani vasitədir”.

Kinorejissor "Müştərək layihədə Azərbaycandan hansı aktyorun rol almasını məsləhət görürsünüz?" sualına isə belə cavab verib: "Film və serialların çəkilməsinin ideyası var, ortada konkret fakt yoxdur. Bu ideyanı rəsmiləşdirmək üçün ssenari və ədəbi materiallar olmalıdır. Layihədə Türkiyə ilə müştərək işləyəcəyik. Ssenari ortaya qoyulmadan danışmaq çətindir.

Mən təklif edirəm ki, Vətən müharibəmiz haqqında ssenari üçün müsabiqə təşkil edilsin. İlk dəfə ədəbi ssenari yazılsın. Sonrakı mərhələdə isə rejissor və aktyor işi gəlir. Allaha şükür, ölkəmizdə bu gün peşəkar rejissor və aktyorlarımız da var. Ümumiyyətlə, kino sənəti rejissor sənətdir".

Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib ki, müştərək layihə gözəl təşəbbüsdür: "Həm kino sahəsi, həm də birgə layihə kimi çox maraqlıdır.

Əlbəttə, Türkiyə ilə müştərək layihələr bizə yalnız fayda gətirər. Çünki Türkiyənin sistemləşdirilmiş kino istehsalı var. Müştərək layihələr həm də təcrübənin artırılmasına kömək edir. Düşünürəm ki, bu, gənc rejissorlarımız üçün, eləcə d kino istehsalı ilə məşğul olan hər bir insan üçün dəyərlidir”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev də Türkiyə ilə əməkdaşlığı yüksək qiymətləndirib:

“Qarabağ mövzusu, nəhayət, ekranlarımızda yüksək peşəkar səviyyədə əksini tapmalıdır. Türkiyə ilə əməkdaşlıq çox əlverişli olar. Bununla yanaşı ölkəmizdə aktyorlar yetişdiririlməlidir. Bu sahədə problemlər var. Azərbaycanda aktyor, operator və ümumlikdə yaradıcı heyət böyük problemdir. Onları yetişdirmək lazımdır”.


Müəllif: Rəqsanə Həsənova