21 May 19:27
2 446

Xalq artisti Alim Qasımov qızı əməkdar artist Fərqanə Qasımova ilə Şuşada "Xarıbülbül" musiqi festivalında iştirak edib.

Alim Qasımov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Festivalda Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" əsərini ifa etdik. Təəssüratlarım çox gözəldir, möhtəşəmdir. Hər bir Azərbaycan vətəndaşının arzusu idi ki, torpaqlarımız qayıtsın. Allaha şükür, arzuladığımız oldu.

İstəyim vardı ki, işğaldan azad edilən torpaqları ziyarət edim, oranı da ziyarət etdik. İnşallah, Qarabağımız tam bərpa olunsun, torpaqlarımızı həmişə ziyarət edək, oralar ziyarətgaha çevrilsin. Qarabağda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun. Allah ordumuzu, əsgərlərimizi, qazilərimizi qorusun.

Dövlət başçımız İlham Əliyev çox çalışdı, bu işləri nizamladı. İnşallah, xalqımız xoş gün içində sağlam canla yaşasın.

Şuşaya ilk dəfə şəhidlərimizi yad etməyə gedəndə bədahətən "Durnalar"ı zümzümə etdim. O dəmdə o mahnının sözləri yadıma düşdü. Gövhər ağa məscidini ziyarət etdik, dualarımızı oxuduq. Hamımız bir yerdə günorta namazımızı qıldıq, şəhidlərimizin ruhuna dualar etdik".






Müəllif: Rəqsanə Həsənova