Müsahibimiz Azərbaycan Televiziyasının Müəllif proqramları və xüsusi layihələr departamentinin direktor müavini, “Zəmanə” layihəsinin müəllifi, “Danışan məktublar” verilişinin aparıcısı Güldəstə Nəsibdir.
Onunla müsahibəni təqdim edirik.
- Güldəstə xanım, müstəqllik dövrünün jurnalisti kimi ötən illərin həyatınızda, fəaliyyətinizdə qoyduğu izlər, yaratdığı təzadlı təəssüratlar barədə nə deyərsiz? Adətən deyirlər, illər sürətlə keçdi. Yəqin həm də bu nəsil üçün hadisələrlə zəngin və ağrılı keçdi...
- Bizim nəslin cavanlığı çətin dövrə düşdü. Giley eləmirəm, amma doğrudan da az yaşımızda çox şey gördük. Bir söz var, deyirlər, yaşımızdan tez böyüdük. Həqiqətən elə oldu. Bir siyasi formatdan digərinə keçidin də şahidi olduq, xalqın milli kimliyi uğrundan mübarizəsinin də. Siyasi oyunlar da gördük, müharibə də, qaçqınlar da. Şəhid yanğısı da çəkdik, torpaq itkisi də yaşadıq.
Mən mətbuata həmin təzadlı, mürəkkəb, qarmaqarışıq illərdə gəlmişəm. Yuxarıda qısaca üstündə keçdiyim, əslində isə tarix üçün böyük hadisələr, dəyilikliklər gözümüzün qarşısında baş verirdi. O vaxt mən bunun indiki qədər fərqində deyildim. Yəqin ki, yaşın azlığı, hadisələrin gözlənilməzliyi öz sözünü deyirdi.
İllər sizin də dediyiniz kimi çox sürətlə keçdi. Və indi, ömrünün aşağı-yuxarı yarısından çoxunu yaşamız bir adam kimi dönüb geri baxanda dövrün də, mətbuatın da və o mətbuatın yetişdidiyi jurnalist nəslinin də dəyərini daha dərindən anlayıram. Çünki o təzadın, o çətinliyin özünün yaratdığı bir jurnalistika vardı; güclü, sözünün yiyəsi olan, döyüşkən, rəqabətə davamlı, milli jurnalistika. Məhz həmin dövrdə məni mətbuata gətirən taleyə minnətdaram.
- Fəaliyyətə, səhv etmiriksə, "525-ci qəzet"dən başlamısız, özü də təhsil ala-ala... Bunu da tərcümeyi-halnızda bir hadisə sayırsız, yoxsa?.. Yeri gəlmişkən, seçim təsadüfi deyildi ki?..
- Mətbuata ilk gəlişim 1991-ci ildə, “Ədəbiyyat və İncəsənət” qəzeti ilə olub. Onda BDU-nun jurnalistika fakültəsinin ikinci kurs tələbəsi idim. Qəzetin incəsənət şöbəsində rəhmətlik Əşrəf İbrahimovun – bu yerdə deməliyəm ki, jurnalist kimi formalaşmağımda Əşrəf müəllimin çox böyük zəhməti olub – verdiyi mövzularda kiçik həcmli yazılar hazırlayırdım. Sonra yavaş-yavaş mövzuları özüm seçməyə başladım.
“525-ci qəzet”ə isə 1993-cü ildə gəldim. Sözün birbaşa mənasında gənclər qəzeti idi. Bir az çılğın, bir az romantik, bir az da macəraçı gənclər vardı qəzetdə –Səbuhi, Yusif, Vaqif, Təranə, Vahid, Cavanşir. Qəzetin dövrün tələblərinə uyğun qurulmasında, satış reytinqinqə ikici sırada yer almasında içi mən qarışıq hamımızın böyük zəhməti olub. Sözün həqiqi mənasında hər sözümüzün davasını eləyirdik. Jurnalist karyeramda “Çağ”, “Rezonans” qəzetlərinin də öz yeri var və mən bunu qeyd etməyə bilmərəm. Çalışdığım hər qəzetdə, hər kollektivdə hər adamdan (istisnasız olaraq) nəsə öyrənmişəm.
- Əlbəttə, dövr dəyişdikcə tələblər, kiteriyalar, hətta istiqamətlər də dəyişdi. Çap mediasından efir mediasına - televizyaya getməyiniz belə bir fəlsəfəyə əsaslanırdı, yoxsa hansısa bir zərurət ortaya çıxmışdı? Hərçənd Güldəstə Bəhramqızı imzası mətbuatda tanınmışdı, müəllif yazılarınız da maraqla qarşılanırdı…
- Hə, qeyri- təvazökarlıq olmasın, az-çox oxucum vardı, yaxşı rəylər eşidirdim. O vaxtlar televiziyaya qəti maraq göstərmirdim. Hətta AzTV-də (o vaxt bircə kanal vardı) işləyən tələbə yoldaşlarım həmişə deyərdilər ki, “sənin yazı dilin televiziya dilidir”, gülüb keçərdim.
Mənim üçün məqalə yazmaq daha maraqlı idi. Qəzetdə yazı yazmaq həmişə mənim üçün bir neçə hissədən ibarət ritual olub - əvvəlcədən hazırlaşmaq, məlumat toplamaq, yazmaq, redaktə etmək və sair.
Televiziyaya gəlişimsə, tamamilə təsadüfən olub. 1997-ci ildə çalışdığım qəzetdə “Space” adlı kanalın açılacağı barədə yazı dərc edilmiş və müsabiqə elan olunmuşdu. Mən də özümü sınamaq qərarına gəldim. 330 namizədin iştirak elədiyi müsabiqədə seçilən 12 nəfərdən biri oldum. Belə demək mümkünsə, yaradıcılığımın televiziya dövrü başlandı.
- Ola bilsin, çəkib göstərmək yazıb anlatmaqdan daha maraqlı görünür...
- Əlbəttə, bunun da öz zövqü var. Doğrudur, deyirlər, deyilən söz uçub gedər, yazı qalar. Amma mən hesab edirəm ki, bu deyim, sözünün çəkisini, dəyərini bilənlərə aid deyil. Televiziyada çalışdığım illər ərzində bir neçə sənədli film çəkmişəm, xüsusilə talassemiyalı uşaqlar haqqında çəkdiyim film maraqla qarşılanmışdı. Sonralar çoxlu müəllif proqramları hazırlamışam.
Hazırda Mədəniyyət kanalında müəllifi olduğum “Zəmanə” verilişi haqqında xoş rəylər alıram. “Zəmanə” son 120 illik tarixə retrospektiv baxışdı. Çalışırıq ki, bizim baxışımız ənənəvi olmasın, fərqlənsin.
Mən ənənənin əleyhinə deyiləm, bəlkə də xaraktercə konservatoram, ancaq onu dəqiq bilirəm ki, yaradıcılıqda ənənəçiliyin əleyhinəyəm. Qəzetdən fərqli olaraq, televiziyada ortaya qoyulan məhsul kollektiv əməyin? Komanda işinin nəticəsidir. Və bu komandanın hər bir üzvünün - həm ssenari müəllifinin, həm rejissorun, həm operatorun hadisəyə, məsələyə, bizim verilişin nümunəsində tarixə öz baxışı, öz yanaşması olmalıdır. Yaradıcı insan həyatı, dünyanı, tarixi başqa cür görməli, başqa cür qavramalı və öz təfəkkürün süzgəcindən keçirib tamaşaçıya təqdim etməlidir.
“Zəmanə” tarixi, olmuşları bir daha jurnalist sücgəcindən keçirmək cəhdidir. Bu, insan oğlunun necənci cəhdidir, bir Allah bilir! Bütün bunlar məni ruhdan salmadı, əksinə daha da həvəsləndirdi. Fikirləşdim ki, bu verilişin, bu cəhdin, bu yanaşmanın özü də bir tarixdir! Təbii ki, tarixi, şəxsiyyətlər və xalq yaradır, səlnaməçilər və tarixçilər isə yazır.
Biz tarix yazmırıq, belə bir iddiamız da yoxdur. Biz tarixi ələkdən keçiririk. Yaddaşları təzələyirik, bir daha daşların yerinə oturduğuna əmin olmaq istəyirik.
- Efir fəaliyyətinizi qəzet fəaliyyətinizlə müqayisə edəndə nə düşünürüsüz?
- Sözün düzü, belə bir müqayisə aparmamışam. Mənim üçün hər iki sahədəki fəaliyyət bir məqsədə xidmətə edir – jurnalistikaya, sözə. Televiziyanın yeganə fərqimi, ya üstünlüyümü deyim, bilmirəm, ondadır ki, burda səni dinləyən adamla canlı ünsiyyət qurursan, gözünün içinə baxıb danışırsan. Bu, jurnalistə əlavə bir güvən verir.
- Ola bilər, sizin tərcümə işinizdən xəbəri olan adamların sayı çox deyil, məsələn, həmin kitabların tirajı qədər... Ancaq belə bir vacib işə də qol qoymağınız növbəti sual üçün yaxşı zəmindir: Əsər tərcümə eləmək arzusu sizdə nədən yarandı? Son illər Azərbaycan dilinə olan tərcümələrin keyfiyyəti ciddi diskussiyalar doğurdu. Bu sahədə qol çırmamanıza səbəb öz bacarığınızı göstərmək istəyindın qaynaqlanmadı ki?
- Mən həyatımda bir neçə dəfə sıfırdan başlamışam. Ümumiyyətlə, aradabir həyatı yeniləmək, nələrisə dəyişmək xoşuma gəlir. Növbəti belə sıfırlamaların birində özümü Azərbaycan Dövlət Tərcümə Mərkəzində tapdım. Burda hər şey mənim üçün yeni idi. Ətrafımda peşəkar tərcüməçilər, redaktorlar vardı və onların olduğu yerdə mənim belə bir iddiaya düşməyim yumşaq desək, yaxşı çıxmazdı. Amma mənim jurnalist marağım həmişə hisslərimə üstün gəlib.
Bredberinin “Tet-a-tet” hekayəsini tərcümə edib “Xəzər” jurnalına verdim, bəyənildi. Və davamı gəldi. Mən jurnalistəm, tərcüməçi deyiləm. Amma ana dilini çox sevən, Vətənini cənnətə belə dəyişməyi düşünməyən bir vətənpərvər kimi vaxtilə rus dilində oxuduğum dünya əbədiyyatının incilərini ən mükəmməl şəkildə dilimizdə görmək arzusuyla yaşayıram.
Tərcümə sonsuz bir dənizdi, mən bunu Tərcümə Mərkəzində işləyəndə öyrəndim və mən bu dənizdə bir damlayamsa, bundan ancaq qürur duyaram.
Qaldı tərcümələrin keyfiyyətinə, razıyam ki, indi bu sahədə xeyli qeyri-peşəkar var. Son illər yaşanan tərcümə bumunda belələrinin olması təbiidir. Ancaq qeyd etməliyəm ki, yaxşı tərcüməçilərimiz də kifayət qədərdi.
- Hansı əsərləri dilimizə tərcümə eləmsiniz və niyə məhz onları?
- Valentin Rasputinin, Stefan Sveyqin, Frensis Skot Ficeraltın, Co Qoresin, Alessandro Bariconun, Siv Kumarın, Fransuaza Saqanın və başqa yazıçıların hekayələrini tərcümə eləmişəm. Deyilənə görə, pis də alınmayıb. Stendalın “Parma monastrı” romanını da dilimizə çevirmişəm. Macar yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kertes İmrenin “Talesiz” romanını Mahir Qarayevlə birlikdə tərcümə etmişik.
Yapon ədəbiyyatına isə həmişə xüsusi marağım olub. Əvvəllər də bir neçə kiçik tərcümələrim olmuşdu. Amma Yukio Misimanı çox sevirəm. “Xəzər” jurnalı üçün yazıçının “Vətənpərvərlik” hekayəsini tərcümə eləmişdim. Peşəkarlar tərəfindən necə bəyənildisə, ruhlandım, sonradan yazıçının “Günəş və polad” essesini də azərbaycancaya çevirdim.
Sonuncu tərcüməm Misimanın “Qızıl Məbəd” romanıdır, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çapa hazırlanır. Yeri gəlmişkən, yazıçının bu əsəri dilimizə ilk dəfə tərcümə edilir və “Dünya ədəbiyyatı kitabxanası” seriyasına daxil edilib. İnanıram ki, oxucular əsəri bəyənəcəklər.
- Hər bir yaradıcı adamda öz sözünü demək və ya özünü ifadə eləmək ehtiyac olur. Belə bir ehtiyacı siz televiziyada iki veriliş hazırlamaqla ödəyə bilirsizmi?
- Mənə elə gəlir ki, bu yaşa qədər özümü kifayət qədər aydın şəkildə ifadə etmişəm. Amma mətbuatda, televiziyada söz demək həvəsi heç vaxt bitmir. Hələ ki bu ehtiyacı iki verilişə sığışdırmağa çalışıram. “Zəmanə” müəllif verilişimdir. “Danışan məktublar” isə jurnalist Leyla Qədirzadənin qələminin məhsuludur və mən orada aparıcıyam.
Məncə, məktub insanın ən səmimi, ən mərhəm yeridir. Eyni zamanda, məktub faktdır, sənəddir. Və üstəlik hər bir məktubun - baxmayaraq ki, o, özəl hissləri ifadə edir - daşıdığı ictimai, sosial yük və verdiyi mesajlar var. “Danışan məktublar” verilişində məktub bir insan ömrünün ən ağır, ən həlledici, eyni zamanda ən şərəfli dövrünü vermək üçün bir vasitədir, bir təhkiyə formasıdır.
Məktub bir forma kimi çox vacibdir, o, hər şeydən əvvəl bizim verdiyimiz mesajın, informasiyanın həqiqiliyinə, inandırıcılığına tamaşaçıda inam yaradır. Onu aurasına salır, təsirləndirir və inandırır. Ancaq razılaşın ki, 30-40 dəqiqəlik verilişə, bir az da konkretləşdirim, 1-2 səhifəlik bir məktuba insan ömrünü sığışdırmaq xüsusi bacarıq tələb edir. Hesab edirəm ki, bu uğur bizim komandamızın, yaradıcı heyətimizin uğuru, səriştəsidir. Epistolyar janr mənə də maraqlı gəldiyi üçün bu verilişdə məmnuniyyətlə çalışıram.
- Jurnalistikaya qəzetlərdən başlamısız. Qəzet - yazmaq deməkdi. Daha yazmaq istəmirsizmi? Nədən ötən illər ərzində kitab yazmadız? Bizdə nədənsə yazmaq eşqi həmişə kitab buraxmaq eşqindən üstün olub, hətta bir kitablıq yazısı olanlar da buna əhəmiyyət vermirlər...
- Kitab yazmaq... Qoy, bu işlə yazıçılar məşğul olsun. Düzdü indi, istedadı yarım, iddiası böyük “yazarlar” da çoxalıb. Onları nəzərdə tutmuram. Ədəbiyyatımız söz sərrafları ilə söz oyunbazları arasında var-gəl eləyir. Hardasa silkələnib təmizlənəcək. Nə vaxtsa “yağı yağ üstə çıxıb, ayranı ayranlıq olacaq”, buna şübhəm yoxdur. Elə jurnalistikada da oxşar proseslər getdiyi üçün problemə yaxşı bələdəm. Bu problemin qarşısını biz yox, zəmanə özü alacaq.
- Güldəstə xanım, ötən illərə baxanda ustadları xatırlamamaq olmur. Ustadlarınızdan bir-iki kəlmə...
- 30 illik jurnalist fəaliyyətimdə özümə ustad hesab elədiyim qələm sahibləri olub. Universitet illərimdə müəllimlərim, Allah uzun ömür qismət eləsin, Cahangir Məmmədli, Akif Rüstəmov, ruhu şad olsun, Famil Mehdi (eyni zamanda, elmi rəhbərim olub) mənə jurnalistkanın nəzəriyyəsi ilə yanaşı bu peşənin incəliklərini də öyrədiblər.
Bayaq Əşrəf İbrahimovun adını çəkdim. Mehman Cavadoğlunu da özümə ustad sayıram. Yazılı mətbuatda az işləmişəm, cəmi 6 il. Fəaliyyətimin böyük hissəsi televiziya ilə bağlı olduğu üçün burda özümə müəllim bildiyim adamların adını çəkməyə bilmərəm. Bu sırada ilk yer dəyişməz olaraq Nərgiz Cəlilovanındır. “Space” ə gəldiyim ilk gündən ondan əsl müəllim diqqəti görmüşəm. Bu gün onunla yenə də eyni kollektivdə çalışıram və inanırsınız, yenə ilk günlərdə olduğu kimi üstümdə necə əsdiyini hiss eləyirəm.
- Yaradıcılıq planlarınız barədə - bu sualı verməmək olmur...
- Mən xaraktercə dinamik adam olduğum üçün bir yerdə dura bilmirəm. Üstəlik, jurnalistika da coşğulu peşədir və xarakterimə tam uyğun gəlir. Elə təkcə geridə qoyduğumuz televiya mövsümündə müəllif kimi hazırladığım verilişdən başqa bir neçə proqramda redaktor kimi də çalışmışam. Necə deyərlər, planlar çox, arzular sonsuz...
Növbəti mövsümdə sosial, mənəvi, psixoloji aspektdə yeni verilişlər olacaq, inşallah.
- İyunun 22-si doğum gününüzdür. Bildiyim qədərilə atanızla, gözəl bəstəkarımız Bəhram Nəsibovla eyni gündə doğulmusunuz. İllər doğrudanmı sürətlə keçdi?..
- Atamın sağlığında ad günlərimizi birlikdə qeyd edərdik. Hərdən mənə elə gəlir ki, o qoşa ad günlərinin hər biri, hər detalı yadımdadı. İnsan yaşlaşdıqca, uşaqlığının, yeniyetməliyinin daha çox xiffətini çəkir. Anacaq neynəyəsən ki, keçmişi geri qaytarmaq mümkünsüzdü, üstəlik zaman da bir gözqırpımında keçir. Amma geridə qoyduğum bir günə də heyfslənmirəm.
Tale alnıma nə yazıbsa, hamısını - pisiylə, yaxşısıyla yaşamışam, yola verməmişəm. Geriyə baxmağı heç vaxt sevməmişəm. Keçmiş, zatən bəllidi. Mənimçün gələcəyin məchulu daha maraqlıdı.