“Mozalan” kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edib.
Teleqraf.com-un C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müsabiqə kino jurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxarmaq və onlarla əməkdaşlıq etmək məqsədi daşıyır.
Müsabiqədə peşəkar dramaturqlarla yanaşı özünün bacarığına əmin olan, həyatda gülməli əhvalatları görüb, onları ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər.
Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.
Qaydaya görə, ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən ad və soyad göstərilməklə, imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir.
İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilərlər.