"Yaxşı rejissor gərək yaxşı ssenari axtarmasın. Mən belə danışandan, bizim yazıçılar məni qınayırlar. Bizdə bəzi ssenaristlər hətta rejissor dəyişmək həddinə qədər özlərini səlahiyyətli hesab edirlər kinoda".
Bu sözləri Teleqraf.com-a açıqlamasında yerli film və serialların ssenari müəllifi yazıçı, ssenarist İlqar Fəhmi deyib. O bildirib ki, yaxşı rejissor ən pis ssenaridən belə yaxşı film çəkə bilər: "Çünki filmin sahibi rejissordur. Bütün incəliklərinə qədər işlənmiş yaxşı ssenari axtaranlar isə tənbəl rejissorlardır. Həmişə zarafata salıb rejissorlara bunu deyirəm: film yaxşı olacaqsa, sizin adınıza yazılacaq, pis olacaqsa, deyəcəm ki, mən yaxşı yazmışdım, rejissor pis çəkib".
O qeyd edib ki, yaxşı ssenari, əslində, illüziyadır: "Yaxşı ssenari heç də yaxşı film demək deyil. Ssenari, əslində, karkasdır. Sadəcə, o karkas düzgün qurulmalıdır. Fikrimi belə izah edim, ssenari müəyyən dramaturji qaydalara riayət edərək qələmə alınan düzgün hadisədir. O hadisənin içərisində rejissorun hərəkət edə biləcəyi meydan olmalıdır. Düzgün dramaturji quruluşa riayət edərək yazılan və içində şablondan kənar, yeni, maraqlı hadisə olan ssenarilər yaxşı ssenari hesab olunur. Rejissorlar deyirlər ki, yaxşı ssenari kinonun 90 faizini həll edir, amma məncə, filmin 90 faizi yaxşı rejissor işidir".
"Gənclər püxtələşə bilmirlər"
Dünyada və Azərbaycanda ssenari qıtlığı problemindən danışan İ.Fəhmi məsələ ilə bağlı fikrini belə izah edib:
"Ssenari qıtlığının olmasının bir səbəbi tələbatın həddindən artıq çox olmağındadır. Hər bir millətin istedad yetişdirmək limiti var. 5-6 yaxşı ssenaristi yetişdirə bilən Azərbaycan mədəni mühitində əgər tələbat daha çoxdursa, bu zaman problem yaranır. Çünki bütün tələbatı 5-6 ssenaristlə ödəməyə çalışanda onlar da tükənirlər. Onlar istehsal güclərindən artıq məhsul istehsal etməyə başlayır, təbii ki, beləcə, keyfiyyət də aşağı düşür. Bunun da birinci əlaməti yeniliyin azalmağıdır. Yəni, artıq yaxşı ssenari, yaxşı ideya olmur, ona görə filmlərdə də eyni mövzuların şahidi oluruq. Bundan başqa, sənətkarı püxtələşməyə qoymurlar. Əvvəl əgər yaxşı ssenarist 40 yaşına qədər yetişib, püxtələşirdisə, indi 22-23 yaşında bir az yaza bilən gənci hamı öz tərəfinə çəkməyə çalışır. Bununla da sənətkar "bişməmiş" artıq meydana atılır. Bu da zəmanənin tələbidir. Amma fikrimcə, həmişə fədakarcasına öz işiylə məşğul olan sənətkarlar olmalıdır. Bunu etmək böyük qəhrəmanlıqdır".
O bildirib ki, ideyası özünə aid olan və olmayan ssenarilər yazır və bunu çox normal qəbul edir: "Bəzi rejissorların ideyaları var, amma onu ssenariləşdirə bilmirlər. Əgər təqdim olunan ideyalar mənə yaxındırsa, onları ssenariləşdirməyə razılıq verirəm. Çünki görürəm ki, indiki məqamda bu işi məndən başqa görən olmayacaq, iş də yarımçıq qalacaq".
Nərmin