14 Aprel 2022 13:18
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə kino informasiya müharibəsinin aparıcı qoluna çevrilib. Bu baxımdan milli kinematoqrafiyamızın xarici və yerli auditoriya üçün nəzərdə tutulan, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq filmlərin çəkilməsi önəmli məsələdir.

Qarabağa qovuşmağı həsrətlə gözlədiyimiz 30 ildə bu mövzu kinematoqrafiyamızda diqqətdə saxlanıldı: “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Sarı gəlin”, “Girov”, “Arxada qalmış gələcək”, “Yalan” , “Biz qayıdacağıq”, “Günaydın, mələyim” ,“Qala”, “Dolu”, “Yarımçıq qalmış xatirələr” kimi tammetrajlı filmlər çəkildi.

ll Qarabağ müharibəsindən sonra Azərbaycan xalqının möhtəşəm zəfərini əks etdirən“Şuşa, sən azadsan”, “Biz” və “Görünməyən qəhrəmanlar” sənədli filmləri ərsəyə gətirildi. Bununla kifayətlənmək olarmı? Bəs II Qarabağ savaşı haqda bədii filmi nə vaxt çəkəcəyik? Axı, zəfərimizi həm dünyaya çatdırmaq, həm də gələcək nəsillərin yaddaşına həkk etməyə böyük ehtiyac var.

Vətən müharibəsində şəxsi şücaəti və qəhrəmanlığı ilə seçilmiş çoxsaylı əsgər və zabitlərimizi həm də filmlərlə ölümsüzlüyə qovuşdurmağa və yetişməkdə olan gənc nəslin idealına çevirməyə borcluyuq.

Teleqraf.com mövzunu kino mütəxəssisləri ilə araşdırıb:

“Kino Mədəniyyət Nazirliyindən ayrılmalıdır”

Əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudbəyov hesab edir ki, bu mövzuda yüksək keyfiyyətli filmlərin çəkilməsi üçün zamana ehtiyac var: “30 illik həsrətimizə son qoyuldu. Bu, Azərbaycan xalqının birliyi, vəhdəti nəticəsində baş verdi. Xalqın vətənpərvər ruhlu balaları Ali baş komandanın ətrafında səfərbər olub tarix yazdılar. İdeoloji müharibəmiz hələ də davam edir, bu baxımdan filmlər çəkib, əsərlər yazıb ermənilərin bütün dünyaya yaymağa çalışdıqları mifi dağıtmalıyıq.

Bu həyatda mənim üçün üç müqəddəs dəyər var. Birincisi tariximiz, milli mənəvi dəyərimiz, ikincisi, müstəqil dövlətçiliyimiz, üçüncü qazilərimiz, şəhidlərimizdir. Bu üç müqəddəs dəyər xalqın ziyalıları, elm-sənət adamları tərəfindən dərk olunmalıdır ki, ortaya sanballı əsər çıxsın. İgid əsgərlərimizə həsr olunan, qalibiyyyətimizi özündə ehtiva edən filmlərlə yanaşı müharibənin faciəsini, fəlsəfəsini açan ekran əsərləri çəkilməlidir. Bunun üçün isə iki il çox az müddətdir”.

O hesab edir ki, hazırda müharibə mövzusunda geniş həcmli filmlər çəkməyə nə maddi imkanımız, nə də texniki bazamız var: “Nə də onu yüksək səviyyədə çəkə bilən rejissorlar, bu mövzuda yazan müəlliflərdən danışa bilirik. Bu insanlar formalaşmalıdırlar. Kinostudiyanın maddi texniki bazası, kino məktəbi bərpa olunmalıdır, ondan sonra bütün aspektlərdən zəfərimizə aid filmlər çəkilməlidir. Bunun üçün kino Mədəniyyət Nazirliyindən ayrılmalı, müstəqil qurum olmalıdır”.

“O pula böyük filmlər çəkmək olmaz”

Əməkdar artist, rejissor, aktyor Elxan Qasımov deyir ki, hazırda kinoya ayrılan maliyyə hesabına böyük filmlər çəkmək mümkün deyil. O, müharibəni tam dərk edib, daha sonra onu ekranlaşdırmağın tərəfdarıdır: "Naməlum məsələlər, biz bilmədiyimiz məqamlar həddən artıq çoxdur. Bəzi nüanslar zamanla dəqiqləşəcək, dərk olunacaq.

İndiki halda “Azərbaycanfilm” kinostudiyasından müharibə haqqında böyük filmlər gözləmək düzgün deyil. Fəlsəfi anlamda demirəm, müəyyən obrazlar haqda filmləri nəzərdə tuturam. Üstü açılan, açılmayan bir çox məsələlər var. Bu baxımdan müharibə haqqında yaxşı filmlər məhz müharibədən illər sonra çəkilir. Sovet dönəmində də belə idi, Azərbaycanın Birinci Qarabağ müharibəsində də belə oldu. Düşünürəm ki, tələsik yazılan yarım sənədli, yarım bədii ssenarilərdən filmlər çəkmək düzgün deyil”.

“Sənətkar vətəndaşlığını dərk edən adamlara ehtiyac var”

Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev hesab edir ki, indiki halda millətini, xalqını sevən yaradıcı insanlara böyük ehtiyac var:"Bu gün tələbələr İncəsənət Universitetinə ən aşağı balla daxil olurlar. Hər şey elə burdan başlayır. İncəsənətin roluna əhəmiyyət verilməlidir. İncəsənətin hər hansı xalqın inkişafındakı roluna əhəmiyyət verilməlidir.

Mən kinonun təşkilati işləri ilə bağlı fikir bildirə bilmərəm. Sadəcə düşünürəm ki, kinoya sənətkar vətəndaşlığını dərk edən adamlar gəlməlidir. Millət, xalq qarşısında məsuliyyətini dərk edən yaradıcı insanlardan söhbət gedir. Tutaq ki, məni rəhbər vəzifəyə təyin etdilər, mən dediyim adamları palçıqdan düzəldə bilmərəm ki... Mən nə qədər təşkilati işləri yaxşı görsəm də o adamlar olmasa işlər getməyəcək”.

Rejissor II Qarabağ müharibəsi haqda tammetrajlı sənədli film çəkməyə hazırlaşdığını deyib: “Bunu gerçəkləşdirmək üçün Mədəniyyət Nazirliyinə müraciət edəcəm və yəqin ki, onlar etiraz etməz”.


Müəllif: Nərmin Muradova