26 Noyabr 2014 10:54
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sidqi Mustafayev: "Polislər içəri keçməyə imkan vermir"

"Mədəniyyət və Turizm Nazirliyinin "İrs" folklor ansamblına biganə münasibəti hələ də davam edir. Səbəbini başa düşə bilmirəm. Bizə deyirlər ki, siz Milli Elmlər Akademiyasına tabesiniz. Bizim Akademiya ilə heç bir əlaqəmiz yoxdur. Nazirliyə nə qədər müraciət etmişik. Nazirliyin özünə də gedəndə polislər içəri keçməyə imkan vermir. Vəziyyətimiz belədir: gedə bilmirik, görə bilmirik, yerlərini bilmirik ki, nəsə xahiş edə bilək".

Bu sözləri Teleqraf.com-a açıqlamasında "İrs" folklor ansamblının rəhbəri Sidqi Mustafayev deyib. Onun sözlərinə görə, qrupa hazırda Folklor İnstitutunun yeni rəhbəri qayğı göstərir: "İrs"in bütün işi, fəaliyyəti mədəniyyətlə bağlıdır. Nazirliklə yanaşı, bəzi dövlət qurumlarının laqeydliyi ilə qarşılaşırıq.

Telekanallarda çıxış edəndən sonra bizə çoxlu zənglər gəlir. Elə bilirlər ki, "İrs" yeni yaranıb, yeni efirə çıxır. Biz yeni aşkarladığımız mahnılarımızı ifa edirik və bu, çox maraqla qarşılanır. "İrs" ümumiyyətlə, Azərbaycanda çox gözəl ifalar qazandırıb. Ülviyyə, Natəvan kimi ifaçılar çox güclü və istedadlı idilər. Hazırda Ülviyyə bizdə ştatdadır, amma səhhəti ilə bağlı bir az ara verməli olub. Ansambla 7-8 gənc xanəndə qoşulub. Onların arasında Şəfəq, Gülhanə, Ayşən, Eldənizin adlarını çəkə bilərəm. Onların hamısının gözəl, məlahətli səsləri var. Hazırda onlarla yeni mahnılar üzərində işləyirik və bu yaxınlarda efirlərdə görəcəksiniz".

"Kanalların "başı" şouya qarışıb"

S.Mustafayev deyir ki, "İrs" telekanalların da biganəliyi ilə qarşılaşır: "Biz işimizi əsasən İctimai, AzTV, Mədəniyyət kanalı ilə qururuq. Hazırda Novruz çəkilişləri əlaqədar bütün günü çəkiliş meydançasındayıq. Lakin özəl kanallar bizi tamamilə unudub. Onların başı şou-biznesə qarışıb".

Onun sözlərinə görə, "İrs" zaman-zaman ağrılı günlər yaşasa da, yenə fəaliyyətini davam etdirir: "Bu ansamblı yaradanda ölkədə belə bir qrup yox idi. Biz ilk olduq, bizdən sonra başqa ansambllar, qruplar yarandı. Ancaq Azərbaycanda itib-batan folklor nümunələrini üzə çıxaran yeganə ansamblıq. Düzdür, bizdən başqa bir ansambl da var: Qədim Musiqi Alətləri Ansamblı. Onlar yalnız unudulmuş musiqi alətlərini təqdim edirlər. Folklordan isə bu ansamblda əsər-əlamət yoxdur. "İrs" Azərbaycan mədəniyyətinə çoxlu mahnılar qazandırdı: qədim musiqi alətlərini, mahnılarını, Azərbaycanda o vaxta qədər ifa olunmayan qədim muğamları üzə çıxardı. Qədim mahnıların bərpası prosesi zamanı biz notları arxivlərdən tapırıq. Alimlərlə, folklorşünaslarla əməkdaşlıq edirik. Beləcə, unudulmuş musiqilər bərpa olunur. Biz nəinki onları aşkarladıq, eyni zamanda, onları ictimaiyyətə, sənət adamlarına sübut etməyə çalışdıq. Əlbəttə, bu, heç də asan olmadı. Bir muğam vardı: "Nəva". İllər əvvəl bu muğama Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirdik. Həmin unudulmuş muğamı gündəmə gətirdik. "Nəva", "Cahargah", "Şur", "Bayatı-Şiraz" kimi bir muğamdır. Hələ yüz il bundan əvvəl ifa olunub, amma zamanla yaddan çıxıb. "Nəva" 8 hissədən ibarətdir. İndi o muğamlardan hərtərəfli istifadə edirlər, amma bizə, fəaliyyətimizə yaxşı baxmırlar. Hazırda "Yelpazə", "Gəlinlər" mahnısı üzərində iş aparırıq. Ümumiyyətlə, son zamanlar repertuarımızda çox maraqlı mahnılara yer ayırmışıq. Bu yaxınlarda 200 qədim mahnı tapmışıq. İstəyirəm ki, qədim mahnıları nota yazaq, onları albom şəklində çıxaraq. Üstəlik, bir kitab da nəşr etmək istəyirik. Folklor İnstitutunun direktoru Muxtar İmanov cavandır və bizə canla-başla yardımçı olur. O bizə dedi ki, mahnıları hazırlayın, biz əlimizdən gələni edəcəyik. Bizə burda bir otaq ayırıblar, məşqlərimizi o otaqda edirik"

Qeyd edək ki, "İrs" folklor ansamblı 1976-cı ildə mərhum bəstəkar Rəşid Nəsiboğlu və Azərbaycan Dövlət Konservatoriyasının məzunu Sidqi Mustafayev tərəfindən yaradılıb. Öz fəaliyyəti dövründə qrup Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan "Almanı alma, gəlin", "Əylən, gəlin", "Ruhani", "Azaflı dübeytisi", muğamlardan "Cahargah", "Nəva" musiqili kompozisiyası, meydan tamaşalarından "Kosa-Kosa", "Toyuq aparan", "Qaravəlli" və s. bərpa edib. "İrs" folklor ansamblı dünyanın bir çox ölkəsində qastrollarda olub, beynəlxalq festivallarda iştirak edib, mükafatlar və Fəxri fərmanlarla təltif olunub. 1992-ci ildən etibarən indiyə kimi "İrs" Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər