Rasim Cəfərov ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrında, Pantomima Teatrında, Yuğ Teatrında çalışıb, bir-birindən maraqlı rollar ifa edib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Kinoda ilk işi Murad İbrahimbəyovun "Üç qız" filmi olsa da onu kino ictimaiyyətinə “Ev” filmi tanıdıb. Ardınca “Teatral həyat”, “Əzizim Fellini”, “Tabutçunun yelləncəyi”, "Ayrı", “Mövsümün sonu”, “Üçüncü günün adamı” və digərləri...
2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülüb.
Teleqraf.com Rasim Cəfərlə müsahibəni təqdim edir.
"Ona görə saçımı keçəl etdirdim"
- Rasim bəy, söhbətə yeni filminiz olan “Çılpaq”la başlamaq istəyirəm. Necə bir obraza həyat verirsiniz? İndi film hansı mərhələdədir?
- Filmin ideyası, eyni zamanda ssenarisi aktyor Hikmət Rəhimova məxsusdur. Bir gün görüşdük, mənə ideyanı danışdı və film çəkmək istədiyini dedi. Sonra Hikmət ssenarini İctimai Televiziyaya təqdim etdi. Kanalın rəhbərliyi Balaş Qasımov, Tural Sevdimalıyev, Yalçın Verdiyev ssenarini bəyəndilər və Hikmətə inandılar. Beləcə filmə maddi dəstək göstərməyə razılıq verdilər.
Film bütünlüklə İctimai Televiziyanın maddi dəstəyi ilə çəkilib. Füsrətdən istifadə edib onlara təşəkkür edirəm. Bu, Hikmətin ilk tammetrajlı filmidir. Çəkilişlər soyuq dövrə təsadüf etdi. Səkkiz gün ərzində gecə-gündüz dayanmadan çəkiliş aparıb martın 9-da bitirdik.
- Yəni doğurdan o qədər qısa müddətdə?..
- Bəli. Çünki bizə ayrılan büdcə bunu diqtə edirdi. Sosial dramdır, ağır filmdir. Baş rol olan Sabiri canlandırıram. Sabirin qonşusu ölüb, xəstə oğlu qalıb. Sabir xəstə uşaqla meyidi basdırmaq üçün yola çıxır. Film demək olar həyatın dibində olan insanlardan bəhs edir. İnanıram və ümid edirəm ki, yaxşı film olacaq. Hazırda film post-prodakşn mərhələsindir.
- Hikmət Rəhimovun rejissorluğunu necə qiymətləndirdiniz?
- Hikmətin ən böyük avantajı aktyor olmağıdır. Üstəlik, çox yaxşı aktyordur. Mizan səhnə, daxili mizan, səhnənin, aktyorun səhnədə ritmini hiss edir və onu aktyordan tələb edir. Tələb edəndə onu necə etməyin yollarını deyir. Hikmət meydançada nə istədiyini bilirdi.
- Sosial şəbəkələrdə paylaşılan və yazılan fikirlərdən belə qənaətə gəldim ki, sizin üçün nisbətən fərqli roldur. Bunu görünüşünüzə də aid edirəm.
- Ssenarini oxuyanda personaj çox xoşuma gəldi. Sabir yaşca məndən böyükdür. Açığı, Hikmət deyəndə ki, istəyirəm bu rolda sən çəkiləsən, soruşdum Hikmət, əminsən?.. Tam əminliyini görəndən sonra rolu birlikdə müzakirə etdik və məndən bu rolu necə təsəvvür etdiyimi soruşdu. Bir fikrim var idi, amma dilə gətirə bilmədim. Hikmət dedi, istəyirəm bu rolda dəyişəsən. Ondan bir gün fikirləşməyə vaxt istədim. Çünki özüm də dəyişmək istəyirdim.
Fikirləşib, qərar verdim. Növbəti gün Hikmətə dedim ki, saçımı keçəl etdirəcəm. Hikmətin ürəyindən oldu. Deyir utanırdım deməyə, çünki o qonorarı sənə verə bilməyəcəm.
Çəkiliş müddətində 10 gün keçəl gəzmişəm. Qrim rəssamımız Sevda xanım hər çəkilişdən öncə səliqə-səhmana salırdı, ardınca qrim olunurdum. Bəlkə də ən uzun davam edən qrim prosesi bu filmdə olub.
“Millətimi aşağılayacaq filmlərdə çəkilmərəm”
- Maraqlı bir fikrinizə rast gəldim, müsahibələrinizdən birində deyirsiniz ki, rol aktyoru təhqir etməməlidir...
- O fikri fərqli anlamda demişəm. Mənim bu sənət daxilində mənəvi çərçivələrim var. 10 ilin söhbəti olar, Rusiyadan bir təklif gəlmişdi. 8 seriyalı bədii televiziya filmi çəkilirdi və Bakıda yanvar hadisələri fonunda erməni-müsəlman məsələlərindən bəhs edirdi. Bakıdan qaçan erməni zərgər burada qoyub getdiyi qızılların ardınca adam göndərir. Filmdə müsbət azərbaycanlı personajlardan birini canlandırmalı idim. İki-üç azərbaycanlı personajdan savayı qalan azərbaycanlılar yaxşı mövqedən göstərilmirdi.
Təklifi göndərənlərə yazdım ki, bu ssenari kimindisə, ona bildirin: “Azərbaycanda bir-birinə "ara" müraciəti yoxdur”. Sonra məlum oldu ki, ssenari müəlliflərindən, prodüserlərdən biri ermənidir. Həmin serialdan imtina etdim. Fikrimi izah edə bildimmi? Milli qürura toxunmaq olmaz. Pul xatirinə millətimi aşağılayacaq filmlərdə çəkilmərəm. Dəyərləri dəyərsiz etmək istəmirəm.
- Rus bazarına çıxışınız necə oldu?
- Bu, mərhum rejissor Çingiz Rəsulzadənin sayəsində baş vermişdi. O, Rusiyada Vladimir Fençenkonun kursunda təhsil almışdı, qızı Anna Fençenko çəkəcəyi filmə qafqaz üzlü aktyor axtarışında idi. Çingiz Rəsulzadə o rola məni təklif etmişdi.
Şəkillərimi göndərdim, videoprob olundum. Nəhayət, təsdiqlənib filmə çəkildim. Film Berlin Festivalının Panorama bölümündə göstərilib. Elmar İmanov da o filmdə məni görüb, daha sonra qısametrajlı filmlərimə baxıb, “Tabutçunun yelləncəyi” filminə dəvət etmişdi.
- “Ev” sizi kino cameəsinə tanıtdı. “Əzizim Fellini” məşhurlaşdırdı. Deyə bilərikmi ki, “Tabutçunun yelləncəyi” sizin xaricə yolunuzu daha çox açdı.
-Doğrudur, “Ev” filmi də çox festivallarda olub. “Tabutçunun yelləncəyi”nə çəkilməyimdə “Ev”in də xüsusi rolunu qeyd etməliyəm. Amma “Tabutçunun yelləncəyi”ndən sonra mən “Torn”, “Mövsümün sonu” filmlərinə çəkildim, ötən il Türkiyədə çəkilişləri baş tutan və alman istehsalı olan “Mərmərə” filmində baş rolu canlandırdım. Bu mənada, bəli, elə deyə bilərik...
- “Mərmərə”nin təqdimatı olub?
- Film hazırdır, amma hələ nümayiş olunmayıb. Filmi Türkiyə əsilli alman rejissoru Engin Kundağ çəkib. Filmdə Hasan adlı ata obrazını canlandırıram. Günlərin bir günü Almaniyada yaşayan qız əri ilə mübahisə edib, Türkiyədəki valideynlərinə sığınır. Onun qayıdışından sonra ailənin altı üstünə çevrilir. Qız atanın qurduğu dünyanı darmadağın edir.
Məndən başqa filmdə hazırda Türkiyədə yaşayan aktrisamız Roza İbadova-Kocamaz da rol alıb.
“Normal filmdirsə festivala düşəcək”
- Çəkildiyiniz filmlərlə Kann, Berlin, Rotterdam kimi məşhur film festivallarında təmsil olunmusunuz. “Mövsümün sonu” filminiz Almaniyada kinoteatrlarda nümayiş olundu. Ordan hansı təəssüratla qayıtmısınız?
- “Mövsümün sonu” Almaniyanın 18 şəhərində 20-dən artıq kinoteatrında yayımlandı. O film Rotterdam Film Festivalında “Fipressi” mükafatına layiq görülüb. Kino ictimaiyyəti hətta filmə baxan insanlar küçədə də bizə yaxınlaşıb xoş sözlər deyirdilər.
Filmin nümayişindən sonra rejissor və aktyorların iştirakı ilə müzakirələr keçirilirdi. Köln və Berlində zalda daha çox azərbaycanlılar üstünlük təşkil edirdi. Mənə isə əcnəbi vətəndaşların filmə reaksiyası maraqlı idi. Sonuncu nümayişdə isə zalda bir nəfər də azərbaycanlı yox idi. Onlar film haqda çox maraqlı fikirlər söyləyirdilər.
- Xatırlayıram, Kanndan qayıdandan deyirdiniz ora düşmək çətin deyil.
- İndi də o fikirdəyəm. Əslində hər şey çox sadədir, bizə çox çətin görünür. Həm də bilirsiniz, son dönəm pis bir tendensiya yaranıb. Kim sənə ssenari göndərir, birinci sözü bu olur: festival üçün film çəkirəm. Soruşuram festival üçün film nədir? Niyə ona bu adı yükləyirsən? Sən film çək, normal filmdirsə festivala düşəcək.
Düşünürük ki, festival üçün film çəkiriksə, deməli, ağıllı film çəkməliyik. Ağıllı film üçün isə nələrsə, nələrsə lazımdır. Bir sözlə, bunları fikirləşərək özümüzü dolaşdırırıq və nəticədə də ortalığa bir film çıxmır.
Film ya var, ya yoxdur. Kommersiya filmi, festival filmi, daha nələr...Mən bu bölgülərə qarşıyam. Filmin tamaşaçı kütləsi fərqli ola bilər. Amma film filmdir.
“Deyirdilər, sən kadrda yaxşı susursan”
- Davamlı bənzər rollar oynayanda insan yorulur. Yenilik, özünü başqa tərəfdən görmək istəyi yaranır. Bu baş verəndə çıxış yolunuz nə olur?
- Kinoda yeni çəkilməyə başlayanda eyni tipli rollar təklif olunurdu. “Ev”, “Teatral həyat”, “Əzizim Fellini” - bu filmlərdəki üç personaj aşağı-yuxarı bir-birinin oxşarı idi: üçü də açıq mübarizədən qaçan, içi üsyanla dolu adamlarıdı. Ardınca təklif olunan bu tip rollardan imtina etməyə başladım. Bir söz deyirdilər: "Sən kadrda yaxşı susursan".
Tam fərqli filmlərdən biri “Əlvida, Şmit”dir. Taksi sürücüsü obrazını canlandırıram. O zamanlar mən hər gün Bakı-Xırdalan yolu ilə gedib gəlirdim və çox müxtəlif, fərqli taksi sürücüləri görürdüm. Müşahidələrim mənə o obrazı yaratmağıma çox kömək oldu.
- Xırdalanlısınız yoxsa Masazırlı?
- Masazırda doğulmuşam, Xırdalanda böyümüşəm.
"İncəsənət gəlməyimə Aydın Xırdalanlı səbəb oldu"
- Aydın Xırdalanlı ilə münasibətiniz necə yaranıb?
- Aydınla eyni məktəbdə oxumuşuq. Məndən 1 sinif yuxarı oxuyurdu. Aydının ustadı Azər Sani idi, sonralar axund oldu, onlar həmişə meyxana deyəndə biz də gedib onlara baxardıq. Aydın xırıltılı səslə, “ağıllı” meyxana deyirdi. Buna onun dünyagörüşü, biliyi imkan verirdi. Bir sözlə, fərqliydi...
- Siz də meyxana demisiniz?
- Deyirdim. Amma qısa müddət davam etdi. Axund Azər mənə perspektivli gənc meyxanaçı kimi baxırdı. Mənsə hüquqşünas olmaq istəyirdim, imtahandan kəsildim. Yaman dilxor idim, meyxana deyəndə Aydın bunu hiss elədi. Soruşdu, niyə dilxorsan? Dedim, imtahandan kəsilmişəm. Dedi, gəl bizim universitetə (Mədəniyyət Universiteti-red.), ora daxil olmaq asandır. Orada testlə keçid balı az, qabiliyyət imtahanında toplanılan bal önəmli idi.
Hazırlaşmadan qabiliyyət imtahanına getdim. İmtahanda mənə “onsuz da kəsiləcək” deyib üç yazmışdılar.
- Niyə?
- Çox utancaq idim, sənədlərimi də son gündə təqdim etmişdim. Mən məktəbdə şeir deyəndə belə utanırdım. Ona görə heç məktəb tədbirlərində şeir deməmişəm.
Utancaqlığım olduğuna görə heç vaxt aktyor olmaq fikrinə köklənməmişdim. Məni Aydın yönəltdi bu sənətə. O vəsilə oldu.
Qabiliyyət imtahanını Ənvər Vəliyev, Bəxtiyar Xanızadə, Ağakişi Kazımov götürürdü. Yaxşı ki, iki yazmadılar. Çünki testdən yaxşı bal topladığıma görə aktyor ixtisasına düşdüm.
Allah Əliabbas Qədirova qəni-qəni rəhmət eləsin. Çox yaxşı insan, çox yaxşı müəllim idi. O məni sıxdı, sındırdı, dağıtdı və utancaqlığımı aradan qaldırdı.
- Tilsimi necə sındırıbsa ondan sonra siz çox müxtəlif spesifikası olan teatrlarda çalışmısınız. Bu, sizin avantajınız oldu, əksi də mümkün idi...
- Elədir. Əliabbas müəllimin sayəsində Akademik Dram Teatrına gəldim. Sonra Pantomima, Yuğ, Gənc Tamaşaçılar Teatrı... Mən xaraktercə elə biriyəm ki, qarşıma müxtəlif nəsnələri topla, mən mənə lazım olanı ordan götürəcəm. Yuğ Teatrında Vaqif müəllimlə çalışmışam. Mən anlayanda ki, Psixosof poetikası böyük mənada mən girən kol deyil, oradan mənə lazım olanları götürdüm.
Əliabbas müəllim utancaqlığımı qırdı, Bəxtiyar Xanızadə bədənimi, Vaqif müəllim isə özümü mənə tanıtdı.
- İllər öncə sizinlə müsahibəmizdə nə vaxtsa film çəkəcəyinizi demişdiniz. İşiniz daha da asanlaşıb, xanımınız Reyhan İsayeva da ssenaristdir. Bəs nə vaxt film çəkəcəksiniz?
- Artıq bu sözü deməyə də utanıram. "Nə vaxtsa" heç cür gəlmir... Reyhan həmişə kimlər üçünsə ssenari yazıb. Və o adamlar da ssenaridə məni görməyiblər. Hələki Reyhanla işbirliyimiz alınmır.
“Ata ocağı” serialına Reyhan qonaq aktrisa kimi qatıldı, ssenari gərəyi mənim psixoloqum idi.
"Ssenarist daha nə yazsın..."
- “Ata ocağı”ndan söz düşmüşkən, sizi necə yorubsa ondan sonra seriala çəkilməmisiniz.
- Dörd mövsüm o serialda oynadım. Serialda yük ağır, iş çox, qrafik də yoxdur. Tükiyədə filmə çəkiləndə söhbət etdiyin insanlar da deyirdilər ki, orda da serial çəkilişləri gecə-gündüz çəkilir. Amma bir fərq var. Bizdə onun maddi qarşılığı çox zəifdir.
- Biz niyə gündəlik seriallardan çıxa bilmirik? İnkişaf üçün bu çox lazımdır.
- Bizə həm gündəlik, həm də həftəlik serial lazımdır. Amma hazırda gündəlik seriallar daha çoxdur. Halbuki bu proses həftəlik seriallarla başladı. Yavaş-yavaş gündəlik seriala keçdilər və orda da qaldılar. Niyə? Çünki gündəlik serial çəkmək maddi baxımdan istehsalçı şirkətə sərf edir. Bu da tədricən keyfiyyətin aşağı düşməsinə səbəb olur.
Hərdən mənə deyirlər ki, filan serialı çox uzatdılar. O qədər uzanan serialda ssenarist daha nə yazsın? Ailənin başına gəlməyən hadisə qalmır. “Ata ocağı”nda bəzən elə olurdu ki, həftəyə beş seriya çəkirdik. Deyəndə ki, serial sənətdir. Cavab verirdim ki, həftəyə beş seriya çəkməklə sənət yaratmaq olmur.
Tamaşaçı seriala baxır, baxdığına görə reytinq formalaşır. Reytinqə görə reklam gəlir. Reklama görə istehsalçılar pul qazanır. Ona görə serialda tamaşaçı amili, istəyi çox nəzərə alınır. Ssenari ona uyğun yazılır, dəyişilir...
O anlamda serialdan xüsusilə gündəlik seriallardan böyük mənada sənət gözləmək düzgün deyil.