19 İyun 2022 10:26
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fatimə İbrahimbəyovanın təklifini Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı dəstəkləyib. Bu təklifin vacibliyi ondadır ki, Türk respublikalarını birləşdirən təkcə dil, din və mədəniyyət deyil, həm də kinomuzun ümumi problemləridir”.

Bunu Teleqraf.com-a açıqlamasında prodüser, rejissor AKİ-nin katibi Əli İsa Cabbarov deyib.

Onun sözlərinə görə, problemləri nəzərə alaraq bir təşkilatda birləşib işlərimizi kordinə etməyimiz çox vacibdir.

“Eyni soyu və dili olan respublikaların dünya kinosuna çıxmaq üçün addımlarını sinxronlaşdırmağa və təcrübə mübadiləsinə böyük ehtiyac var. Xariclə təmaslarda Orta Asiya respublikalarından çox şey öyrənə bilərik, onların da bizdən öyrənilməsi olan təcrübələrimiz var. Yaradılmış Konfederasiya birgə festival və ko-prodakşn bazarı da keçirə bilər. Bu, üzərində çox gözəl bir bina qurula bilinəcək bir fundament və platformadır: əməkdaşlıq, birgə istehsalat, təcrübə mübadiləsi”, - deyə prodüser bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun qızı, prodüser, aktrisa Fatimə İbrahimbəyova MDB Türk Respublikaları Kinematoqrafçıları İttifaqları Konfederasiyasının yaradılması təklifi ilə çıxış edib. F.İbrahimbəyova saytımıza açıqlamasında bildirib ki, ittifaqın İdarə heyəti təşəbbüsünü yaxın iclasda dəstəkləyərsə, payızda Bakıda altı türkdilli ölkənin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının birinci Forumu keçiriləcək. O ümid edir ki, bu hadisə dost ölkələrin kinematoqrafçıları arasında yaradıcılıq əlaqələrinin bərpasına kömək edəcək.


Müəllif: Nərmin Muradova