8 İyul 2022 20:26
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ərazisində Azərbaycanın Tovuz rayonu Əlibəyli kəndi ilə sərhəddə 1 km məsafədə ruslar tərəfindən yeni hərbi birləşmə dislokasiya məntəqəsinin yaradılması fəaliyyəti diqqətlə izlənilir. Əslində bu, Azərbaycan üçün xoş olmayan işdir. Azərbaycanın həmin istiqamətdə mühüm kommunikasiya xətləri keçir. Bölgə eyni zamanda mühüm enerji xətlərinin keçdiyi bir ərazidir. Həmin bölgədə 2020-ci ilin iyul döyüşlərində general Polad Həşimov öz zabit və əsgərləri ilə qəhrəmancasına şəhid olub. Ona görə də, bu ərazidə baş verənləri Azərbaycan ictimaiyyəti çox həssaslıqla izləyir.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bununla bağlı izahat verməlidir: “Ermənistan tərəfi də keçmiş aerodromun ərazisində belə bir hərbi hissənin yaradılmasına aydınlıq gətirilməlidir. Çünki Tovuzla sərhəd xəttində rus hərbi hissəsinin yaradılması Cənubi Qafqazdan Avropaya nəql edilən enerji rusurslarına da birbaşa risk yarada bilər. Prinsip etibarı ilə Ermənistan sərhədlərini qoruyan rus əsgərlərinin bu ölkənin ərazisində qalması üçün hər cür şərait var. Belə olan halda ruslar üçün yeni hərbi hissənin tikilməsi suallar yaradır”.

Ekspertin fikrincə, bu məsələdə susqunluğa qəti ehtiyac yoxdur: “Çünki Azərbaycan sərhədlərinə 1000 metrə yaxın bir məsafədə hansısa dövlətin hərbi birləşmə yerləşdirməsi sabah üçün təhlükə deməkdir. Ona görə də, indiki halda buna hansı zərurətdən ehtiyacın olması məsələsinə aydınlıq gətirilməlidir. Əslində isə indiki gərgin vəziyyətdə buna ehtiyac yox idi”.

Üzeyir Cəfərov Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi fonunda rus əsgərlərinin sərhəd xəttinin mühafizəsi üçün bölgəyə yerləşdirilməsi ehtimalına da aydınlıq gətirib: “Belə fikirləri səsləndirənlər bölgədəki vəziyyətdən xəbərsizdir. Ermənistan elə də böyük əraziyə malik deyil. Bu ölkədə olan 102 saylı rus hərbi bazası üçün kifayət qədər imkan var. Ona görə də, yeni bir hərbi birləşmə üçün dislokasiya yerinin yaradılmasının hansı zərurətdən yaranması hələ də qaranlıq qalıb”.


Müəllif: Tapdıq Qurbanlı