1 Avqust 2022 13:47
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanfilm" kinostudiyasının keçirdiyi Qarabağ mövzusunda "Azərbaycanfilm- 100" ssenari müsabiqəsinin qalibləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, qaliblərin adları "Azərbaycan kinosu günü" ilə bağlı keçirilən tədbirdə açıqlanıb.

Müsabiqənin üçüncü yerinə Nicat Dadaşovun "Zirzəmi", ikinci yerə Türkan Hüseynovanın "Axırıncı palata", birinci yerə Mirsadıq Ağazadənin "Supəri" ssenariləri layiq görülüb.

Kinostudiyanın ekspert şurasının sədri Ayaz Salayev bildirib ki, birinci yerə layiq görülən ssenari yekdilliklə seçilib:

"Münsiflər heyəti işinə çox böyük məsuliyyətlə yanaşırdı. Aramızda fikir müxtəlifliyi də oldu. Amma maraqlı müzakirələr nəticəsində qaliblər müəyyənləşdi".

Kinostudiyanın direktoru Nazim Hüseynov qeyd edib ki, birinci yerə layiq görülən ssenarinin istehsalata buraxılması nəzərdə tutulur:

"Bu müsabiqənin elanını verəndə belə nəticələrlə qarşılaşacağımızı düşünmürdük. Biz bazarı öyrənmək, araşdırmaq istəyirdik. Kifayət qədər yaxşı nəticələr əldə olundu. Əslində müsabiqənin qısa siyahısına düşən doqquz ssenarinin hər birinə film çəkilə bilər. Amma indiki mərhələdə müsabiqənin şərtlərində belə bir bənd var idi ki, birinci yerin qalibi olan ssenari əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə tammetrajlı bədii filmin istehsalı nəzərdə tutulur. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Birinci yerə layiq görülən "Supəri"sinin ssenari müəllifi olan Mirsadıq Ağazadə həm də rejissordur. Amma bu o demək deyil ki, film istehsalata buraxılanda rejissoru da o olacaq. Rejissor pitçinqlə müəyyənləşəcək"-, deyə direktor bildirib.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000, 5.000 məbləğində pul mükafat verilib.

Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-i reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.

Şuranın üzvləri Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər