“Bir həftədən çoxdur ki, xəstələnmişəm. Ağciyərlərimə möhkəm soyuq dəyib. El arasında buna pnevmoniya deyirlər. Ev şəraitində müalicə alıram. Ölsəm də xəstəxanaya getmərəm. Evdə xanım, uşaqlar qulluğumda durur, tibb bacısı iynələrimi vurur”.
Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.
O, 2-avqust Milli Kino Gününü evdə keçirdiyinə təəssüfləndiyini bildirib: “Bir az soyuq olmuşdu, fikir verməmişəm, müalicə almaq lazım idi, amma etmədim, əksinə Qobustanda çəkilişə getdim. Mənim haqqımda olan verilişin çəkilişi orda idi. Geri qayıdanda vəziyyətim artıq kəskinləşdi. Yüksək hərarətim oldu, amma indi şükürlər olsun ki, düzəlirəm. ”.
Kinoda keçən illərini xatırlayan xalq artisti əlavə edib:
“Çox təəssüf ki, bu il bayramımızı sənət dostlarımla birlikdə qeyd edə bilmədik. Son bir-iki ildir məhz Milli Kino Günündə təşkil olunan banketin aparıcılığını mən edirdim. Dostlarım da deyir ki, məclisdə yerin görünürdü. Qismət...”