6 Sentyabr 2022 17:46
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kinomuzda heç nə dəyişməyib. Azərbaycan milli kinomuzun faciəsi davam edir, problemlər və suallar günü-gündən azalmaq əvəzinə, artır. Ən birinci və vacib sual budur: kinomuzu idarə edən kimdir? Məmur, siyasətçi, iqtisadçı, maaliyyəçi, sahibkar, həvəskar, yoxsa peşəkar?..”

Teleqraf.com xəbər verir ki, bu fikirləri Əməkdar incəsənət xadimi, Azərbaycan Kinerejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev kinomuzun indiki durumunu şərh edərkən deyib.

O sosial şəbəkə hesabında bunları yazıb: “2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 mln. maliyyə vəsaitinin bölgüsünün mənzərəsi axır ki, aydınlaşdı:

1. 3,0 mln. manat Türkiyə kinoşirkətinə - Qarabağla bağlı serialın çəkilişinə;

2. 1,5 mln. manat BMM-ə - H.Z.Tağıyev haqqında bədii filmin istehsalına;

3. 1,5 mln. manat “Azərbaycanfilm” k/s – sənədli filmlərin istehsalına;

4. 0,5 mln. manat təlimlər, müsabiqələr və s.

Bu bölgünün hansı məntiqə əsasən və kim tərəfindən aparılmasından asılı olmayaraq qətiyyətlə deyə bilərəm ki, bu bölgü milli kinomuzun və sənətçilərimizin potensialının inkişafına yönəlməyib. Bu bölgünü aparanların məqsədlərində milli kinomuzdan başqa nə istəsəniz var.

Türkiyəyə və kinosuna, canım qurban. Lap tutaq ki, onlar bizdən yaxşı və keyfiyyətli çəkəcəklər, olsun... Amma sivil ölkələrdə dövlət hər hansı bir mövzu ilə bağlı xarici kino şirkətlərə sifariş verəndə onu öz sənətçilərinin və istehsalçılarının zərəri hesabına etməməlidir və etmir də! Bu, aksiomadır. Vallah, mənim bunu deməyim ayıbdır. Öz sənətçilərinə nə qədər hörmətsizlik edəsən ki, belə bir qərar verəsən...”


Müəllif: Nərmin