10 Noyabr 2022 18:27
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şuşaya salam” Beynəlxalq poeziya layihəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, layihə sentyabrın 27-də Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və "Space" televiziyasının ortaq işi kimi start götürüb.

"Şuşaya salam" layihəsində Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair Şuşa haqqında danışıb, Şuşaya ithafən şeir oxuyublar. Layihə boyu hər gün bir şairin şeiri "Space" telekanalında gündə 3 dəfə olmaqla efirdə yayımlanıb. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin saytında, “Ədəbiyyat qəzeti”nin saytında və litpark.az saytında yer alıb.

Layihənin ideya müəllifi və koordinatoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət nazirliyinin şöbə müdiri Akif Maarifli, "Space" telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidovdu.

Layihədə Azərbaycan, Türkiyə, Pakistan, Macarıstan, Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan, Belarus, Moldova, Rumıniya, Yaponiya, Qazaxıstan, Başqırdıstan, Birləşmiş Krallıq, Özbəkistan, Serbiya, İran, Gürcüstan, ABŞ, Rusiya, Estoniya, Tatarıstan, Bosniya, Hersoqovina, Oman, Monteneqro, Misir, İraq kimi ölkələrdən yazıçılar iştirak ediblər.

Layihədə yazıçı Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu, Fərid Hüseyn, Mətin Çingiz, Şərəf Yılmaz, Almaz Xanım, Yuri Lapin, Alеksandr Səlimov, Dmitro Drozdovski, İan Pirt, Xurşud Davron, Atilla Balaş, Laura Qaravalya, Mustafa Məstur, May Van Fan, Nils Hav, İqor Pavlyuk, Aysulu Kokoyeva, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Gülnaz Feyzulla, Gülnaz Kutuyeva, Rüfət Saleh, Bojidar Proroçiç, Boyana Vujoviç, Həsən Mətruşi, Milisa Liliç, Zaur Naçxebiya, Kersti Kivirüüt, Əhməd Sami, Şəmsəddin Kuzəçi və Sanja Lukiç kimi şairlər iştirak etdilər.

“Şuşaya salam” layihəsinin müəllifi və kordinatoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu layihənin son günü "Space" telekanalında layihədən danışıb: “Biz 44 günlü poeziya marafonunun sonuna gəldik. Azərbaycan ədəbiyyatının, Azərbaycan televiziya tarixinin ən uzun şeir marafonunun sonuna. Və bu şeir marafonu Şuşaya othaf olunmuşdu. Mübarək şəhidlərimizin qanı, qəhrəman qazilərimizin igidliyi sayəsində qovuşduğumuz Şuşaya bu 44 gün ərzində dünyanın 30 ölkəsindən 44 şair şeir oxudu”.


Müəllif: Teleqraf.com