Bu gün parlamentdə çıxışı zamanı deputat Aqil Abbas yaşlı aktyorların təqaüdə göndərilməsinə etiraz edib.
Onun fikrincə, teatr direktorları sanki özlərinə ölkə yaradıblar: “Sənətkarın yaşı olmaz. Ona qalsa, şair 75 yaşında şeir yazmamalıdır ki, qocadır? 260 manat təqaüdlə yaşasın? Onların yaşına uyğun rollar ola bilər. Xahiş edirəm, bu məsələyə dair Mədəniyyət Nazirliyi ciddi ölçü götürsün”.
Xalq artisti Yasin Qarayev Teleqraf.com-a açıqlamasında bildirib ki, aktyorların yaşına görə teatrdan uzaqlaşdırılmasını mətbuatda ilk dəfə teatrşünas İlham Rəhimli səsləndirib: “Sonra onun haqq səsinə mən də qoşuldum. Sosial şəbəkələrdə, saytlarda bununla bağlı çıxışım, hətta ölkə başçısına, birinci xanıma müraciətim də oldu. Tək mən deyiləm, bu fikirdə olan insanlar çoxdur. Yenə öz fikrimin üzərində qalıram, bu, sənət adamlarına, incəsənət sahəsinə aid qərar deyil.
On-on beş deputatımızdan bu barədə soruşmuşam, deyiblər ki, Milli Məclisdə belə bir qərar qəbul olunmayıb, heç müzakirə də edilməyib. Bununla bağlı ölkə başçısı da sərəncam verməyib. Bu məsələnin haradan qaynaqlandığını başa düşə bilmirəm. Amma güman edirəm ki, Əmək Məcəlləsinə görə bu qərar dövlət işçilərinə aiddir. Dövlət işçiləri təqaüdə çıxanda onların pensiyaları yüksək olur. İncəsənət xadimlərinin təqaüdü isə az məbləğ təşkil edir.
Biz Stalisnavski məktəbi ilə işləyən aktyorlarıq. O sistemdə çalışan rus aktyorlarının çoxu uzun illər teatrda çalışırlar. Yurski 83, Vladimir Abramoviç Etuş isə 97 yaşına qədər işlədi. 100-lərlə belə misallar çəkmək olar. Ağasadıq Gəraybəyli 90 yaşında Knyazı oynayırdı. Öz yubileyində həmin libasda və qrimdə səhnəyə çıxıb, tamaşaçıların gözü önündə o rolu canlandırdı.
Mənə görə, yaşın sənət adamlarına aidiyyəti yoxdur. Tamaşalarda yaşlı obrazlar da var. 80 yaşlı obrazı 50 yaşında aktyor niyə oynamalıdır? Hind filmlərinə oxşayaq? Onlar cavan aktrisanın saçlarını ağardıb yaşlı kimi təqdim edirlər. Yaşlı obrazı yaşlı aktyorlar oynamalıdır. Mənim fikrim budur".
Xalq artisti 76 yaşında olduğunu və hələ də işindən zövq aldığını deyib: "Hazırda Gənc Tamaşaçılar Teatrında Mehriban Ələkbərzadə quruluşunda “Kod adı V.X.A. – Xalq düşmənlərinin arvadları” adlı tamaşa hazırlanır. 37-ci il repressiyasına həsr olunmuş bir əsərdir. Tamaşada 75 aktyor oynayır. Səhər saat 9-da işə gəlib, axşam çıxırıq. Çalışırıq ki, tamaşanı tamaşaçılara təhvil verək. Hələlik mənim bu imkanlarımdan teatr və teatr rəhbəliyi isitfadə edir. Əlbəttə, aktyor işləmək gücündədirsə teatrda qalmalıdır".
Yasin Qarayev qeyd edib ki, hazırda Gənc Tamaşaçılar Teatrında yarımştat əsaslarla fəaliyyətini davam etdirir: "2016-cı ildə yubileyim ərəfəsində məni yarımştata keçirdilər. Bu da o dövrki müdiriyyətin mənə hədiyyəsi oldu.
Mən yaşlı aktyorların təqaüdə çıxarılmasını uğursuz islahat adlandırıram. Balığı sudan çıxaranda necə olur?.. Aktyor da teatrdan çıxan kimi dözə bilmir, əksəriyyəti də dünyasını dəyişir. Aktyorlar az pula, az qazanca qulluq edən insanlardır. İndiki zəmanədə alınan maaş da aktyorları qane etmir. Ona rəğmən aktyorlar dözürlər".