“Çox böyük dağıntı yaşadıq. Məncə, konteynerlə buralara gəlib uşaqları bir az da olsa əyləndirmək, könüllərini xoş etmək çox önəmlidir. Çünki onlar psixoloji cəhətdən çox sarsılıblar”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan əsilli türk aktyor Tamer Karadağlı zəlzələ baş verən Qaziantepdə uşaqlarla görüş zamanı deyib.
Belə ki, Tamer Karadağlı, Ümit Karan və Birand Tunca kimi məşhurlar Boğaziçi Qlobal Əlaqələr Dərnəyinin təşkilatçılığı ilə təşkil olunan görüşdə zəlzələdə böyük travma yaşamış uşaqlarla bir araya gəliblər.
Karadağlı uşaqlarla görüşməyin mənəvi borc olduğunu diqqətə çatdırıb:
“Uşaqlar tanıdıqları birini görəndə bu, bir neçə saniyə belə onların gülümsəmələrinə səbəb olur. Bu gün İslahiyə rayonundayıq. Uşaqlarla vaxt keçirdik, onlar çox sevindilər. Burada olduğuma görə çox xoşbəxtəm”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub.
Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.