Bu gün "Qəm pəncərəsi", "Tənha narın nağılı", "Ağ atlı oğlan", "Pəncərə" filmlərindən tanıdığımız istedadlı aktyor Ruslan Nəsirovun anım günüdür.
Teleqraf.com xəbər verir ki, bununla bağlı tanınmış aktyor Vüsal Murtuzəliyev sosial şəbəkədə fikirlərini yazıb.
“Bu gün əziz qardaşımız, aktyor Ruslan Nəsirovun ölümündən 8 il ötür. Onun yoxluğuyla barışmaq çox çətindi. Tanıyanlar bilir ki, Ruslanın özü boyda ürəyi vardı. Fenomenal dublyaj ustası olmaqla bərabər ölkəmizdə Ruslandan çox uşaq rollarına çəkilən aktyor olmayıb. Gələn gündən mənə dublyaj texnikasını öyrətməyi, bir yerdə işləməyimiz, zarafatları, səsini ideal oynatmağı xoş xatirə kimi həmişə yadda qalacaq. Çox tez tərk etdi bizi. Allah rəhmət eləsin. Ruhu şad olsun!”
Ruslan Nəsirov 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi "Tənha narın nağılı” filmində Sadıq roluna çəkilib.
“Qəm pəncərəsi” filmində Əhməd, “Ağ atlı oğlan”da Cəfər rolu ilə Azərbaycan tamaşaçısının yaddaşına həkk olub.
Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə “Pəncərə” filmi aktyorun son uğurlu filmi hesab olunur.
Uzun illər Azərbaycan televiziyasında dublyajla məşğul olub. Bir çox əcnəbi filmlərin Azərbaycan dilinə səslənməsində iştirak edən Ruslan Nəsirov bu sahədə böyük uğur əldə edib.
Aktyor 2015-ci ilin mart 6-sında 41 yaşında dünyasını dəyişib.
Aktyor Kamran Yunis vaxtilə Teleqraf.com-a müsahibəsində bildirmişdi ki, Ruslan Nəsirov bu dünyadan tez köçəcəyini bilirmiş:
“Həmişə onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki böyük qardaşı da ailə qurmamışdı. Anaları övladlarının toyunu görmək arzusu ilə yaşayırdı. Ancaq hər dəfə də eyni sözü deyirdi: "Qədeş, mənim ömrümə az qalıb, niyə kiminsə balasını bədbəxt edim?"
Hətta dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini demişdi. Belə də oldu, Ruslanın 40 yaşında ürəyi dayandı”.