16 İyun 2023 19:07
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Vladimir Konyaginin yaradıcılığına həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Vladimir Konyaginin həyatı haqqında məlumatlar verdi, onun sənətə gəlişinin tarixçəsindən, çalışdığı filmlərdən və ümummilli lider Heydər Əliyevin iştirakı ilə xronikal materialların çəkilməsində xüsusi əməyinin olmasından bəhs etdi.

Sonra Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev gənclik dövrlərindən başlayaraq, Konyaginlə birgə çalışdığı illəri xatırladı, təcrübəli sənətkarın yanında peşə sirlərinə dərindən yiyələndiyini qeyd etdi.

Çıxışların ardınca Vladimir Konyaginin rejissor kimi çəkdiyi “Tayqa qəhrəmanı” və “Həyat naminə” filmləri tamaşaçılara təqdim olundu.


Müəllif: Teleqraf.com