"Hər il biz yeni ili qarşılayanda evdə qurduğumuz küknarın ətrafına toplaşırıq və şəkil çəkdiririk. Yalnız bizim ailəmizə məxsus vatsap qrupumuz var. Qrupun şəklini yeni ildə çəkdiyimiz foto ilə yeniləyirik".
Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar artist Zemfira Əbdülsəmədova deyib.
Onun sözlərinə görə, 2023-cü il yaradıcılığında çox önəmli il olub: "Oynadığım iki tamaşanı xüsusilə qeyd etmək istəyirəm. Biri müəllifi və rejissoru Mehriban Ələkbərzadə olan “Kod adı: V.X.A”, digəri isə müəllifi Ülviyyə Heydərova, rejissoru Elşad Rəhimzadə olan “İnanıram” tamaşası idi.
“Kod adı: V.X.A”-da 37- ci il repressiya qurbanlarından birinin həyat yoldaşını ifa etdim. Bu, çox maraqlı tamaşa oldu, hətta deyərdim teatr tarixində öz izini qoydu.
“İnanıram” isə Azərbaycanda keçirilən İkinci “4.4 Qısa Tamaşalar Festivalı"nda ikinci yerə layiq görüldü. Həmçinin festivalda “Ən yaxşı qadın obrazı” nominasiyasının qalibi oldum. Sonra o tamaşa Qırğızıstanın Bişkek şəhərində keçirilən festivala dəvət aldı və orda da “Ən yaxşı qadın obrazı” nominasiyasında seçildim.
Bu tamaşa Qarabağ müharibəsində öz oğlunu itirmiş şəhid anasının həyatından bəhs edir. Tamaşada onun sarsıntılarını, həsrətini, ana kimi hislərini çatdırmağa çalışdım. Bir aktrisa və eyni zamanda bir vətəndaş, bir insan kimi mən də öz sözümü bu tamaşa vasitəsilə çatdırdım. Və bu da bir töhfə oldu.
Ümid edirəm, gələn il daha uğurlu olar, amma bu, tək məndən asılı deyil. Çünki teatrda hansı tamaşaların oynanılacağı barədə məlumatım yoxdur.
Xüsusi qeyd etmək istəyirəm ki, biz "İnanıram" tamaşası ilə Ağdamda çıxış etdik. O torpaqlara getmək və orada qazilər, müharibə veteranları, şəhid anaları qarşısında belə oynamaq çox həyəcanlı və qürurverici idi. O hisləri sözlə çatdırmaq mümkün deyil".
Hazırda "Xəyanət" adlı serialda rol alan aktrisa 2023-cü ildə bir sıra film və serial təklifləri aldığını deyib: "Bəzilərindən ssenari, bəzilərindən qonorarın məni qane etməməsi səbəbindən imtina etdim. Çəkildiklərim arasında Əlixan Rəcəbovun rejissoru olduğu “Alatava” serialı da var. Mövzu, aktyor heyəti maraqlı işdir və gələn ilin əvəllərində nümayiş olunacaq.
Bir də “Hozu dayə” filmində çəkildim. Yayın istisində çətin şəraitdə işləsək də sevinirəm ki, nəticəsi yaxşı oldu. Gözəl ssenarisi və maraqlı rejissor həlli ilə seçildi. Obrazım da diqqətçəkən idi: həm komedik, həm dramatik. Film izləyicilər tərəfindən sevildi, 40 min tamaşaçı sayını keçib, bildiyim qədər indiyə qədər də kinoteatrlarda nümayiş olunur".