Nizami Kino Mərkəzində Azərbaycan Prodüserlər Gildiyasının ümumi yığıncağı keçirilib.
Bu barədə Teleqraf.com-a Prodüserlər Gildiyasından məlumat verilib.
Yığıncaqda 2023-cü ilin hesabatı səsləndirilib və 2024-cü ilin tədbirlər planı barəsində müzakirələr aparılıb.
Gildiyanın üzvlərinin yekdilliklə iclasda qəbul etdikləri bəyanat mətnini təqdim edirik:
“Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin İkinci Qarabağ (Vətən) müharibəsinə uğurlu rəhbərliyini, səmərəli daxili və xarici siyasətini, Böyük Zəfərin əldə olunmasında əvəzsiz xidmətlərini, bərpa və quruculuq işlərində davamlı fəaliyyətini, bütün ərazilərimizdə, o cümlədən Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Əsgəran, Xocalı, Ağdərə və Xankəndidə suverenliyimizin tam bərpa olunması ilə bağlı xüsusi nailiyyətlərini, hazırda real alternativinin olmadığını, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyduğunu, xalqın böyük əksəriyyətinin rəyini qazandığını, Azərbaycan xalqının 30 il ərzində irəli sürdüyü bütün arzu və istəklərin onun tərəfindən yerinə yetirildiyini, təcavüzkar və revanşist Ermənistanın və havadarlarının təhdid, təxribat, hətta müdaxilə cəhdlərinin qarşısının yalnız onun tərəfindən alına biləcəyini, Böyük Zəfər yolunun, quruculuq işlərinin davam etdirilməsinin vacibliyini əsas götürərək qərara alır:
7 fevral 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyi dəstəklənsin, hərtərəfli və fəal şəkildə müdafiə olunsun”.