Tanınmış avstriyalı violin ifaçısı Sergey Doqadin oktyabrın 11-də saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Əməkdar artisti bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə dinləyicilər qarşısında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, proqramda F.Əlizadə “Nizami fəzası”, Q.Qarayev “Don Kixot” simfonik qravürləri, D.Şostakoviç violin və orkestr üçün 1 saylı konsert a moll (op.77) səslənəcək.
Sergey Doqadin 1988-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. O, Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib və Zakhar Bron, Boris Kuschnir, Vladimir Ovçarek və Andrey Doqadin kimi nüfuzlu violin ustadlarından dərslər alıb.
Sergey Doqadin P.İ.Çaykovski Beynəlxalq Müsabiqəsi (Qızıl nişan, 2019), Sinqapur Beynəlxalq Violin Müsabiqəsi (1-ci mükafat, 2018), Joseph Joachim Beynəlxalq Violin Müsabiqəsi (1-ci mükafat, 2015), Yehudi Menuhin Beynəlxalq Violin Müsabiqəsi (2-ci mükafat, 2010) kimi prestijli beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb və bu uğurları ilə özünü violin dünyasında təsdiqləyib.
Sergey Doqadin həm solo ifaçı kimi, həm də məşhur simfonik orkestrlərlə çıxış edir. O, Royal Filarmonik Orkestri, Tokio Filarmonik Orkestri və başqa kollektivlər ilə əməkdaşlıq edib.
İstedadlı, parlaq ifaçı Doqadin klassik violin musiqisini yeni nəsillərə ötürmək üçün fəal şəkildə çalışır.