3 Oktyabr 12:24
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Kino Agentliyinin (ARKA) dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, audiovizual sənayenin inkişafı məqsədi daşıyan festival Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində təşkil olunur.

Açılış mərasimində rəsmilər, Azərbacanın və bir sıra ölkələrin kino xadimləri və digər qonaqlar, kinosevərlər iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək deyib ki, festival Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək məqsədilə keçirilir. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov Azərbaycanın kino sənayesində mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb.

Bildirib ki, bu kimi tədbirlər ortaq layihələrin dəstəklənməsi ilə yanaşı, kino sənayesi bazarını müəyyən edən istehsalçıların mübadiləsinə, birgə layihələrin dəstəklənməsinə zəmin yaradacaq. Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov festivalın kino sənayesindəki proseslərin sürətləndirilməsinə töhfə verəcəyini, aidiyyəti şirkətləri müştərək layihələrə sövq edəcəyini vurğulayıb. Açılış mərasimində “Baku Cinema Breeze" festivalının əhatə etdiyi film festivallarının direktorları – İmam Həsənov (“DokuBaku”), Rəşid Ağamalıyev (ANİMAFİLM), Oktay İyusibov (Türk Dünyası Beynəlxalq Animasiya Festivalı - ATA) və Fehruz Şamıyev (Bakı Beynəlxalq Film Festivalı – BİFF) çıxış edərək tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, ideyanın dünya kinosuna inteqrasiya üçün yeni meydan olduğunu deyiblər. Həmçinin tədbirdə bu xüsusi günün əbədiləşdirilməsi üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqabın üzərinə imzalar atılıb. Tədbir çərçivəsində ARKA-nın təsis etdiyi “Yaşıl dünya naminə” kino mükafatı da təqdim olunub.

Mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova "On melting snow" (“Əriyən qar üzərində”) filmi ilə qlobal iqlim gündəminə verdiyi töhfəyə görə kinematoqraf Mojitaba Bahaduriyə təqdim edib. Gecədə “Animasiya film sənayesinin inkişafına verdiyi töhfəyə görə” təltif olunan Məsud Pənahi (Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan), Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan), Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) və Elçin Axundov (Azərbaycan) təşkilatçılara, onların əməyini unutmayan hər kəsə təşəkkürlərini bildiriblər. Mükafatçılar sırasında keçmiş SSRİ-nin və Rusiyanın görkəmli sənədli filmlər rejissoru və ssenaristi Yevgeni Simbal da var. O, “Sənədli filmlərin inkişafına verdiyi töhfəyə görə” mükafata layiq görülüb.

Xatırladaq ki, oktyabrın 3-dən etibarən Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq festival çərçivəsində “Omarket” (Şərq ölkələrinin kino marketi) təşkil edilir. Festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq. “Baku Cinema Breeze” festivalı oktyabrın 8-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər