4 Oktyabr 15:32
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan görkəmli Qazax yazıçısı və ictimai xadim Kemel Tokayevin Azərbaycan dilinə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabı X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitabsevərlərə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından olduğunu bildirib. "Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. O, yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olub, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırıb. Bu nəşr Fondun görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə verdiyi qiymətli yadigardır. Ümid edirik ki, gələcək nəsillər üçün vacib bir qaynaq olacaq", - deyə o əlavə edib.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Kemel Tokayevin Qazax ədəbiyyatında detektiv janrının təməlini qoyan yazar olduğunu söyləyib: “O, hər bir əsərini arxivdəki məlumatlara əsaslanaraq yazıb. Yaşanan hadisələri qələmə alaraq tarixdə unudulmaz iz qoyub".

Qeyd edib ki, bu gün Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin həm də doğum günüdür: "Bu gün Bakı sakinləri üçün açılan kitab sərgisində Azərbaycan dilinə tərcümə olunmuş əsərin təqdimatı böyük əhəmiyyət kəsb edir. Müəllifin yazdığı hər bir əsər türk mədəniyyətinin inkişafına töhfə verən və gələcək nəsillərə ötürülən bir mirasdır".

Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli yazıçı Abay haqqında məqalə yazdığını vurğulayıb, Kemel Tokayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışında kitabın Azərbaycan dilində nəşr olunmasını yüksək qiymətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Kemel Tokayevin kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu kitab yerli oxuculara Qazax ədəbiyyatının böyük siması olan Tokayevin yaradıcılığı ilə tanış olmağa imkan yaradacaq.

Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da kitab haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, əsərdə tarix, həmçinin sovet dövründə faşizmə qarşı olan dostluq barədə geniş bəhs olunur.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Kemel Tokayevin yaradıcılığından söz açaraq, bu cür əlamətdar günlərin ənənəyə çevrilməsinin önəmini vurğulayıb.

Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru isə Əkbər Qoşalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər