13 Oktyabr 18:55
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün pedaqoq Təranə Möhsünovanın rəhbərlik etdiyi Disleksiya Mərkəzinin təşkilatçılığı ilə "Dünya Disleksiya günü" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Təranə Möhsünova bildirib ki, oktyabr ayı disleksiya ayıdır. Onun sözlərinə görə, oktyabrın 8-dən 13-dək disleksiya həftəsi sayılır: "Bu baxımdan valideyn və müəllimlərlə ənənəvi disleksiya fərqindəlik günü çərçivəsində növbəti tədbirimizi təşkil edirik. Düzgün yön versək, disleksiyalı beyin həqiqətən dahi yaradacaq beyindir".

Onun sözlərinə görə, disleksiya dil bacarıqlarında bir çox çətinliklərlə başlayan, koordinasiya və oxuma bacarığının aşağı olması ilə xarakterizə olunan xüsusi öyrənmə çətinliyinin bir qoludur: "Bu gün disleksiya ilə bağlı fərqli strategiya və həll üsulları var. Disleksiyanın bəlli bir müalicəsi yoxdur, terapiya və özəl dərslərlə korreksiya olunur".

Daha sonra psixoloq Mətanət Əliyeva "Təhsil prosesində öyrənmə çətinliyi olan şagirdlərlə psixopedaqoji işin təşkili" mövzusunda çıxış edib.

Psixoloq bildirib ki, valideynlər övladlarının təlim fəaliyyətinə başlayan dönəminədək öyrənmə çətinliyinin fərqində olmurlar: "Diqqət əskikliyi, hiperaktivlik, davranış pozuntusunu valideynlər uşağın şəxsiyyəti ilə əlaqələndirirlər. Övladlarının eyni hərf və rəqəmləri qəsdən, inadla təkrarladıqlarını düşünürlər. Onlar övladının neqativ xüsusiyyətləri seçim hesab edirlər. Belə halda həm pedaqoq, həm də psixoloq çətinlik çəkir. Bu halda ilk növbədə valideyn maariflənməli, problemi bilməlidir".

Onun sözlərinə görə, disleksiyada genetik faktorların rolu var: "Ananın hamiləlik zamanı zəif və rejimsiz qidalanması da təsir edə bilər. Eləcə də sosial çevrənin, kollektivdən kənar yaşamanın, beynin zədələnməsi, beynin quruluşundakı fərqlərin, nevroloji funksiyaların pozulmasının təsiri var. Bəzən valideyn 5 yaşlı nitqi olmayan uşağı konsultasiyaya gətirəndə deyir ki, xalası 6 yaşında, bibisi 7 yaşında dil açıb. Bu, əslində ciddi risk faktorudur. İnsanlar genetikadan gələn problemdəki oxşarlığı təsəlli hesab edirlər. Amma bu, geridönüşü olmayan problemlərə yol aça bilər. Bu mənada genetik məqamlara görə valideynlər övladlarında müşahidə edilən problemə ikiqat ciddi yanaşmalıdırlar.

Disleksiyalı uşaqlarda oxuma, yazma, ardıcıllıq problemdir.
Hər 40 şagird təhsil alan sinifdə 3-5 şagirddə disleksiya müşahidə edilə bilər".

Psixoloq onu da vurğulayıb ki, zəka geriliyi və öyrənmə çətinliyi bəzi hallarda qarışdırılır: "Öyrənmə çətinliyi olan uşaqlarda əksinə bəzən İQ səviyyəsi yüksək olur. Sadəcə özgüvən əskikliyi, ünsiyyət çətinliyi, məktəb fobiası, davranış pozuntuları müşahidə edilir, depressiya, stress və intihara meyllili olurlar".

Bloger Aytac Qəmbərova özü də uşaq üçün öyrənmədə əziyyət çəkdiyini deyib.
O xatırladıb ki, birinci sinfi tamamlamamış məktəb dəyişməli olub: "Müəllim məni lövhəyə çıxarıb məndən əvvəlki məktəbimdə sonuncu dəfə hansı hərfi keçdiyimizi soruşdu. J hərfi olduğunu dedim, həmin hərflə başlayan söz demədiyimi soruşdu, cavab verə bilmədim və yeni gəldiyim sinif yoldaşlarım güldü, məktəb deyiləndə indi də bu səhnəni xatırlayıram. Riyaziyyat, fizika, kimya, coğrafiya fənnlərindən əziyyət çəkmişəm, amma çox gözəl inşa yazırdım. Ədəbiyyat müəllimimi inandıra bilmirdim ki, inşa və şeirləri özüm yazmışam".

Aytac Qəmbərova səmt və zaman anlayışlarında da çətinlik yaşadığını söyləyib.
O, özündə müşahidə etdiyi çatışmazlıqları zarafatla pozitiv yönə çevirdiyini deyib: "Olmayanları fürsətə çevirməli, övladlarımıza xəyal qurmağı, empati duyğusunu öyrətməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər