13 Oktyabr 14:11
7 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan separatçılar və hərbi cinayətkarların azad edilməsi Ermənistan Baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bəzi Qərb ölkələrində Azərbaycana qarşı aparılan təxribatçı fəaliyyətlərə diqqət çəkib:

"ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar. Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və dəhlizlərin işə düşməsini istəyir. Paşinyanı Azərbaycan həbsxanasındakı separatçıların taleyi maraqlandırmır və o, Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir. Çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, o, mövcud reallıqla barışıb.

Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda “erməni mədəni isrsinin qorunması”, ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlər nizamlanmağa başlanacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq.

Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər