Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
Teleqraf.com xəbər verir ki, o, deyib: "Azərbaycan millisi çox yaxşı komandadır. Texniki cəhətdən də çox yaxşı oyunçulara sahibdir. Rəqib meydançasına keçidlərdə yaxşı çıxış edirlər. Onlar bu mövsüm Millətlər Liqasına çox da yaxşı başlamadılar. Amma evdə çox güclü rəqibdirlər. Ötən il İsveç üzərində qələbə qazanmışdılar. Çox təhlükəli komandadır. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qələbə qazanaq".
Mütəxəssis sabahkı oyuna qələbə üçün çıxacaqlarını qeyd edib: "Bizim mentalitetimiz hər zaman bizdən tələbə edir ki, hər oyunda qələbə qazanaq. Azərbaycan millisinə inanılmaz hörmətimiz var. Biz bilirik ki, keçmişdə də bizi məğlub ediblər. Hazırda çox yaxşı və təcrübəli məşqçisi var. Onu da çox bəyənirəm. Biz Bakıya qələbə qazanmaq üçün gəlmişik".
Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.