Almaniya Ukraynaya artıq bəyan ediləndən başqa ağır hərbi texnikalar vermək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" Almaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Beləliklə, 18 "Leopard 2" tankı göndərildikdən sonra tədarük olmayacaq. Eyni şey digər texnikalara da aiddir - piyadaların döyüş maşınları, zirehli personal daşıyıcıları, özüyeriyən haubitsalar.
"Almaniya Müdafiə Nazirliyi Ukraynanın tezliklə öz ərazilərini azad etmək üçün əks-hücum əməliyyatına başlayacağına inanmır", - nəşr yazır.
Ukrayna Prezidenti Vladimir Zelenski qələbə planı ilə Avropa turnesi zamanı Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Fransa və Böyük Britaniya ilə yanaşı, Almaniya Kansleri Olaf Şolzdan da uzaqmənzilli silahlar və ağır texnikalar istəyib. Bura xüsusən də “Taurus” raketləri daxildir. Qələbə planında Ukraynanın NATO-ya sürətləndirilmiş prosedurla üzvlüyü də yer alıb.
"Bild" vurğulayır ki, Berlində bu tələblər həvəssiz qəbul edilib. Şolz birmənalı "yox" deməyib, amma müsbət cavab da verməyib.
Alman politoloq Karlo Masalanın sözlərinə görə, Zelenski öz qələbə planının iki əsas məqamında irəliləyə bilməyib, bu səbəbdən Ukrayna baxımından Avropa turu uğursuzluqla nəticələnib.
Vəziyyət ABŞ Prezidenti Co Baydenin Almaniyanın Ramşteyn şəhərində Ukraynaya hərbi dəstəklə bağlı planlaşdırılan görüşü ləğv etməsi ilə daha da pisləşib. Rəsmi səbəb Florida sahillərini vuran Milton qasırğasıdır, amma "Bild"in mənbəsinə görə, bu, sadəcə bəhanədir. Bayden guya ABŞ seçkilərindən əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı şərh vermək istəmir.
Nəşrin bəzi digər mənbələri Ukraynaya yeni irihəcmli yardımların olmayacağını söyləyiblər.