"Bədənimi gizlətməyi bacarıram"
Boy: 1.80
Bürcü: Əqrəb
Peşə: Model, aktrisa
Doğulduğu yer: Türkiyə/Ankara
Türkiyənin tanınmış manekeni Özge Ulusoy izmirli bir ailənin sonbeşiyidir. Anası Armağan Ulusoy Ankarada bir vaxtlar bölgə bələdiyyə başqanı olub. Atası Haydar Ulusoy təqaüdçü hərbi hakimdir. Orta məktəbi bitirdikdən sonra Hacettepe universitetində, daha sonra isə Mimar Sinan Güzel Sanatlar Universiteti konservatoriyasını bitirib.
2001-ci ildə “Elite Model Look” adlı gözəllik müsabiqəsində 3-cü yer tutan Özge Ulusoy 2003-cü ildə "Miss Turkey 2003"ün ikinci yerinin sahibi olub. Daha sonra isə Panamadakı "Kainat Gözəli" müsabiqəsində Türkiyəni təmsil edən Ulusoy heç bir yerin sahibi ola bilməyib. Bundan sonra müxtəlif moda dəfilələrində manekenlik edən Ulusoy 2006-ci ildə ilk dəfə "Arka Sokaklar" serialında rol almağa başladı. 2007-ci ildə "FOX TV" kanalında yayımlanan “Senin Uğruna” serialında məşhur müğənni Rafet El Romanla yeni obrazi canlandırdı. Bir çox televiziya seriallarında müxtəlif obrazları canlandıran Ulusoy ilk dəfə 2011-ci ildə “Kutsal Damacana: Dracoola”da baş rolda öz qabiliyyətini nümayış etdirdi. Bir-birindən maraqlı layihələri ilə son zamanlar gündəmə gələn Özge Ulusoy şəxsi həyatı, evlilik düşüncələri və karyerası haqqında Türkiyə mətbuatına maraqlı müsahibə verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Özge Ulusyoy deyildiyi vaxt ağlımıza bir çox sahədə işləyən bir sima gəlir. Eyni vaxtda bu qədər işi görməyi necə bacarırsınız?
- Əslində nizam-intizamlı şəkildə çox işləyirəm. Çox maraqlanıram, çox oxuyuram. Yaşadığımız dünya əslində onsuz da çoxtərəfli olmağı tələb edir. Mən də buna ayaq uydurmağa çalışıram. Evdə oturub işin mənə gəlməsini gözləməkdənsə, mütəmadi şəkildə nə isə etməyə çalışıram.
- Televiziya proqramınız ˝Hey Canlı˝ya bir müddətdir fasilə verilib. Başqa proyektləriniz olacaq?
- Müzakirə etdiyimiz bir neçə proyekt var, hələ dəqiqləşmədiyi üçün bir şey söyləmək düzgün olmaz. Ancaq dəqiqləşdiyi vaxt mütləq xəbəriniz olacaq.
- Bir qəzetdə moda ilə bağlı köşə yazıları yazırsınız. Bir neçə reportajınızda bununla bağlı ˝Mən jurnalist deyiləm, sadəcə bildiklərimi bölüşürəm˝ demisiniz. Yenə jurnalistliyə başlamaq, reportajlar hazırlamaq fikriniz var?
- Əslində dediyim kimi içərisinə girib öyrənməyə çalışıram. Durub ˝Mən jurnalist oldum˝ desəm, neçə illər təhsil alıb bu işə əmək sərf etmiş insanlara hörmətsizlik eləmiş olaram. Qəzetdə çox dəyərli jurnalist dostlarımla, böyüklərimlə bərabər işləmə fürsətim oldu. Onları yaxşı izləyib nə isə öyrənməyə çalışıram.
- Dediyim kimi universal birisiniz. Hər sahədən bir şey ortaya çıxır sizinlə bağlı. Bir də Codentry markanız var. Necə davam edir marka fəaliyyəti?
- Codentry, Adil Işık ilə iş birliyi nəticəsində ortaya çıxan bir markadır. Hal-hazırda vəziyyət yaxşıdır. Dünyada və Türkiyədə getdikcə yayılan bu cür fəaliyyəti biz də tətbiq etdik. Bu proyekt onsuz da uzun müddət idi ki, ağlımdaydı. Fikrimi onlara bildirəndə çox sevindilər. Beləcə bu yola çıxmış olduq. İlk öncə bir cins kolleksiyası ilə başladıq. Sonra qış kolleksiyamız gəldi. Arada hərəsindən bir dəfə sport və çimərlik kolleksiyaları hazırladıq. Çox yaxşı dizayn komandam var. Mən onlara nə istədiyimi deyirəm, onlar da həyata keçirirlər. İndi isə 2015-ci il yay kolleksiyası hazırlayırıq.
- Modayla bağlı başqa layihələriniz var?
- Yenə Adil Işık ilə birlikdə yeni sürpriz layihələrimiz ola bilər. Ancaq hələlik düşünmə mərhələsindədirlər.
- 2015-ci ildən nələr gözləyirsiniz?
- 2014-cü il olduqca çətin bir il oldu. Böyük itkilərimiz oldu, üzüntülü günlər yaşadıq. 2015-ci ildə ilk və ən böyük arzum ölkəmizin dinclik, əmin-amanlıq və sevgi dolu bir il keçirməsidir. Daha sonra arzuladığım və gözlədiyim şey isə təbii ki, sağlıqdır.
- Bir az da gələcək planlarınızla bağlı danışaq. Ancaq karyeradan bəhs etdik. Evlilik, uşaq, təhsil kimi fərqli sahələrdə planlar qurursunuz?
- Hal-hazırda prioritetim karyeramdır. Digərləri də təbii ki, zaman keçdikcə inşallah, olacaq.
- Hər nə qədər şəxsi münasibətlərinizlə ön plana gəlmək istəməsəniz də, barənizdə yazırlar. Sizin üçün ideal bir eşq münasibəti necə olmalıdır?
- Yazılanlardan və danışılanlardan qaçmaq mümkün deyil. Hər işin özünə görə çətinliyi var. Bu da bizimkilərdən biridir. Mən heç nəyi gizləyən biri deyiləm, ancaq onsuz da çox şey ortada ikən ən azından şəxsi həyatımı bu qədər gündəmə gətirmək istəmirəm. Mənim üçün ideal eşq münasibətində ən əhəmiyyətli olan şey hörmətdir. Onun xaricində olan hər şey iki tərəfin öz aralarında müəyyənləşdirəcəyi qaydalar və öz şəxsi keyfiyyətləri ilə formalaşır.
- Çox baxımlı və gözəl bir qadınsınız. Xüsusi sirriniz var?
- Sirrim yoxdur. Genetik olaraq şanslı bir insan olmaqdan əlavə özümə yaxşı da baxıram. Bədənimi içəridən və çöldən yaxşı qidalandırıram. Düzgün qidalanıb, müntəzəm şəkildə idmanla məşğul oluram. Bir də yuxuma fikir verirəm. Həftədə ən az iki dəfə idmana gedirəm.
- Geyimlə bağlı da diqqətlisiniz. Qadınlara gözəl geyinməklə bağlı verəcəyiniz məsləhətlər var?
- Həmişə dediyim kimi ən əhəmiyyətlisi bədəninizi yaxşı tanımağınızdır. Mən sənətimə görə bədənimi çox yaxşı tanıyıram. Bədəninizin harasını ön plana çıxarmağınız, harasını gizlətməyinizi yaxşı bilsəniz əslində həmişə şux görsənə bilərsiniz. Təbii ki, rəng və paltar seçimi kimi detallar da var, ancaq ilk qayda mütənasiblikdir.
- Siz gəzməyi də çox sevən birisiniz. İstanbulda boş vaxtlarınızda hansı səmtlərə getməyi xoşlayırsınız?
- Eminönü, Sultan Ahmet İstanbulda ən çox gəzməyi sevdiyim yerlərdir. Oralar həm çox yaxşı tarix, həm də hər tərəfində sanki müxtəlif sürprizlər olan yerlərdır.
- İstanbulun haraları yaxşı təsir bağışlayıb sizi rahatladır?
- Dəniz görmək mənə yaxşı təsir bağışlayır. Ona görə də möhtəşəm bir şəhərdə yaşadığım üçün şanslıyam. Boğaza, onun mənzərəsinə heyranam. Bir çox köşəsində, getdiyim fərqli yerlərində dənizi görə bilirəm.
- Axşam yeməyinə çıxmaq istəsəniz gedəcəyiniz ilk üç yer hara olar?
- Papermoon, Sunset və Zuma.
- İstanbul tıxacı, səs-küyü bol olan şəhərdir. Bunlardan bezdiyiniz vaxt hara getmək istəyirsiniz?
- Kilyos tərəflərə. Oradakı kəndləri, təbiiliyi çox sevirəm.
- Şəhər içərisində bir yerə getmək istəyəndə ancaq öz maşınınızla gedirsiniz, yoxsa ictimai nəqliyyatdan da istifadə edirsiniz?
- Mən piyada çox gəzənlərdənəm. Şəhərin mərkəzində yaşayıram. Yanımdakı çox yerə piyada gedirəm. Metro xəttində bir yerə getmək istəsəm, metroya minirəm. Uzaq məsafəyə gedəndə məcbur maşın, ya da taksidən istifadə edirəm.
- İstanbul deyiləndə ağlınıza gələn üç şey nə olur?
- Tarix, tıxac və təbii ki, boğaz.
- Alış-veriş üçün haralara üstünlük verirsiniz?
- Əslində almaq istədiyim şeyə görə yerlər dəyişir. Pasajları gəzməyi çox sevdiyim üçün Beyoğlu, fərqli bir şey almaq, ya da tapmaq üçün Galata və Karaköy, daha klassik və bilinən şeylər üçün isə çox vaxt Nişantaşı olur getdiyim yerlər.
- Bəzi sözləri söyləsəm, ağlınıza ilk gələn nə olar? Məsələn, tarix?
- Sultan Ahmet.
- Yemək?
- Kabab.
- Mənzərə?
- Boğaz.
- Dinclik?
- Evim.
- Lüks?
- Ən böyük lüks xoşbəxtlikdir.
Dəniz Əliyeva